Yazarlar

Unudulmaz insan Rauf Pənahov-Vüqar Əhməd yazır

İnsan öz ömrünün kamillik dövrünə qədəm qoyur, onu peşəsindən və tutduğu vəzifəsindən asılı olmayaraq hər şeydən öncə belə suallar düşündürür: xoşbəxtliyi nədə axtarmaq, necə axtarmaq? Yaşamaqda məqsəd nədir? İnsanlığın ən böyük amalı nədir? Müdrik insan o suallara birmənalı cavab verib – insan insanın qayğısını çəkməli, Vətənini və xalqını sevməli, onların xoşbəxtliyi uğrunda mübarizə aparmalı, haqqı-ədaləti uca tutmalı, bu yolda heç bir çətinlikdən qorxmamalıdı. Bütün bu duyğular, bu hisslər ana südülə, ana laylası, ata öyüd-nəsihəti ilə doğulur və bütün ömrü boyu insanın ruhuna, qəlbinə hakim kəsilir.

Elə insanlar mənsub olduğu xalqın ləyaqətli övladları olur, insanlığın bəzəyi və yaraşığı sayılırlar. Onların həyatı işığa, nura bələnmiş olur, heç vaxt çətinliklərdən qorxmurlar. Böyük inamla daha mübariz olub, daha qürurlu yaşayıb, xalqın, el-obanm hörmətini qazanaraq hər yerdə, hər zaman ağsaqqallıq kürsüsündə olub, adı ehtiramla çəkilib, müdrikanə sözləri dəyərli sayılıb. Bu baxımdan Rauf Pənahov şəxsiyyəti və keçdiyi ömür yolu səciyyəvidir, örnəkdir.
Qədimdən Bakı-Abşeron şeir, muğam, sənət diyarı kimi şöhrət tapib. Abşeron yarımadasında doğulub boya-başa çatan, yetişən bir çox elm, ədəbiyyat, musiqi və rəssamlıq nümayəndələrinin, eləcə də ictimai xadimlərin adı təkcə vətənimizdə deyil, dünya miqyasında Azərbaycanımıza şöhrət gətirir.

Bakı- Abşeronun yetirdiyi parlaq simalardan biri də Rauf Pənahovdur.

Paytaxt Bakı şəhərinin idarə edilməsinin özünəməxsus prinsipləri var ki, o prinsipləri həmişə qorumaq lazımdır. Rauf müəllim də həmişə öz professionallığını, yüksək ziyalılığını, ona tapşırılan işin məsuliyyətini dərk edən bir şəxiyyət olub. Onu həmişə bir ziyalı yüksək mədəniyyətə malik olan insan, prinsipial işçi kimi xatırlayıram. Əminəm ki, illər keçəcək Rauf müəllimin dəstəyilə ilə həyata keçirilən işlər həmişə Bakımızın inkişafına xidmət edəcəkdir.

Ümumiyyətlə, musiqiyə, ədəbiyyata, xüsusilə şeirə münasibəti də kifayət qədər zəngin idi.

Abşeronun ab-havası, Bakı kəndlərinin adət-ənənələri, böyük-kiçiyin ağsaqqallıq bütün bunlar Rauf müəllimin şəxsiyyətində əks olunmuşdu. Abşeron camaatı da onun xətrini çox istəyirdiş çox əziz saxlayırdı.

Allah ona rəhmət eləsin. Onun xatirəsi heç vaxt unudulmayacaqdır.
Sağlığında 80 illiyinə həsr etdiyim şeiri bu gün özü dünyada olmasa da oxucularla bir daha bölüşürəm:

80 yaşın mübarək!

Mərdəkanla oyanırsan, yatırsan,
Göy Xəzərin “gədiyinə” varırsan,
Elə tez-tez xəyallara dalırsan,
Rauf müəllim, 80 yaşın mübarək!

Dostlarının dadına tez çatırsan,
Vətənini bir qibləgah sanırsan,
Bakı üçün 60 ildir “yanırsan”,
Rauf müəllim, 80 yaşın mübarək!

Adın Allah adlarından biridir,
Allah adamının doğum günüdür,
Vətən onun vicdanıdır, dinidir.
Rauf müəllim, 80 yaşın mübarək!

Qəlbin pakdı, arzuların ülvidi,
Şəxsiyyətin necə sadə, adidi.
Vüqar Əhməd qardaş sayır əbədi,
Rauf müəllim, 80 yaşın mübarək!

05.06.2017
VÜQAR ƏHMƏD
Analoq.az

Daha çox
Back to top button
Close