Cəmiyyət

“Aptek sahiblərinin insanlara qarşı bu dözülməz münasibətinə son qoyulsun”-RASİM MƏMMƏDOV

“Azərbaycanda maska zavodu da açıldı və elan olundu ki, maskanın qiyməti 30 qəpik miqdarını keçməməli və say məhdudiyyəti qoyulmamalıdır"

İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov ölkə Prezidentinin çağırışları və Nazirlər Kabineti yanında Mərkəzi qərargahın qərarlarından irəli gələn tələblərə əməl edilməməsinə kəskin mövqeyini bildirmişdir.

“Azərbaycanda maska zavodu da açıldı və elan olundu ki, maskanın qiyməti 30 qəpik miqdarını keçməməli və say məhdudiyyəti qoyulmamalıdır. Ancaq indi maskaların qiymətini 50 qəpiyə qaldıranlar bu çətin dövrdə gündə azı 3-4 maska taxmaq məcburiyyətində olan məhdud imkanlı ailələr üçün böyük çətinlik yaradırlar.

Demək ki, dövlətimizin bizim üçün yaratdığı rahat həyat şəraitinə düşmən kəsilən yerli qüvvələrin kökünü kəsmək üçün həyata keçirilən saysız qlobal tədbirlərin davamına ehtiyac var”

Rasim Məmmədov eyni zamanda bildirmişdir: “Mən üzümü aidiyyatı qurumlara -Səhiyyə Nazirliyinə, DİN-in Korrupsiya ilə Mübarizə idarəsinə tutub deyirəm ki, ölümlə üzbəüz qaldığımız bir vaxtda aptek sahiblərinin insanlara qarşı bu dözülməz münasibətinə son qoyulsun.”

Rasim Məmmədov eyni zamanda apteklərdə satılan zərərli spirtlərdən zəhərlənən insanların vicdanı olmayan iş adamlarının varlanmaq məqsədli bədxah əməllərinin qurbanına çevrilməsinin də cavabsız qalmayacağını bildirmişdir.

İNK-nın rəhbəri ölkənin bu çətin vəziyyətində gecə-gündüz çalışanların əməyinə hörmətlə yanaşmağın da vacibliyini vurğulayaraq, karantin rejimində bu və digər qaydalara riayət olunması, eyni zamanda qanunsuzluqların aradan qaldırılması istiqamətində İctimai Nəzarətin daim dövlətin yanında olacağını bildirmişdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button