Cəmiyyət

Azərbaycanda ilk dəfə dəniz suyu çaya qarışıb, kəndlər susuz qalıb

Neftçala rayonunda içməli su problemi yaranıb.

“Report”un Aran bürosu xəbər verir ki, Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışıb. Nəticədə Neftçala şəhəri də daxil olmaqla, Sübh, Qırmızı Şəfəq, 1-ci Mayak, 2-ci Mayak, Yenikənd, Bankə qəsəbəsi, Kürkənd, Şirvanlı, Uzunbabalı, Tatarməhlə kəndlərində içməli su problemi yaranıb.

Vəziyyətin ciddiliyi nəzərə alınaraq Neftçala Rayon İcra Hakimiyyətində Operativ Qərargah yaradılıb. Əhalini içməli su ilə təmin etmək məqsədi ilə əraziyə “Azərsu” ASC-nin 10-na yaxın xüsusi təyinatlı su maşını cəlb edilib. Həmin maşınlar vasitəsilə şəhər, eləcə də sözügedən kənd əhalisinə içməli su verilir.

Kür çayının suyu dəniz suyu qarışdığına görə şorlaşdığından əkin sahələrinin suvarılması dayandırılıb. Mal-qaranın suvarılmasında isə ciddi problemlər yaranıb.

Hələlik Kürün aşağı axınında yaranmış vəziyyət nəzarətə götürülsə də, gərginlik davam edir.

Məlumata görə, Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmi artırılarsa, mövcud vəziyyət qısa müddətdə aradan qaldırılacaq.

Daha çox
Back to top button
Close