Sağlamlıq

Niyə Azərbaycan insanı maska taxmağa bu qədər biganədir?

Dünyanı cənginə alan və çox sayda insanın ölümünə səbəb olan koronavirusdan qorunmağın yollarından biri kimi tibbi maskadan istifadə təklif edilir. Ümumdünya Səhiyyə Təşkilatının qoruyucu maska ilə bağlı konkret təklifləri var. Maskanın taxılması ilk növbədə xəstəliyin hər hansı bir formada təzahürü zamanı, məsələn, insan öskürərkən və ya asqırarkən, ya da koronavirusa yoluxma şübhəsi olan şəxslə təmasda olarkən məsləhət bilinir.

Özü də maska taxılması həm də digər sanitar normaları gözləməklə, əllərin yuyulması və ya spirtlə zərərsizləşdirilməsi ilə birgə olmalıdır. Bir çox ölkədə karantin qaydalarını tətbiq edilməsi ilə yanaşı, maska taxılması mütləq qayda kimi tətbiq edilib. Azərbaycanda maskanın ictimai nəqliyyatda, dayanacaqlarda, insanların toplaşdığı qapalı məkanlarda, dükanlarda taxılması məcburidir. Yeni qaydalara əsasən, qanunu pozub maska taxmayanlar cərimələnəcəklər.

Amma maska taxmaq ölkədə elə də populyar deyil. Kimsə taxır, kimsə də yox. Taxan da ya burnunu çöldə qoyur, ya da çənənin altında gəzdirir. Open.az saytı “Niyə Azərbaycan insanı maska taxmağa bu qədər biganədir” sualını mütəxəssislərə yönləndirib.

İnvaziv kardioloq Şahanə Ələsgərli qeyd edir ki, adi maska təngnəfəslik yaratmır: “Biz həkimlər 3 aya yaxındır FFP3 maskası və eynəklə ağır nəfəs alaraq xəstələrə baxırıq. Bəzən maskanın materialına qaşı allergiya ola bilər, onu da başqası ilə əvəz etmək olar. Maskadan istifadə heç bir ürək xəstəliyinə yol açmır. Ancaq xəstəxana şəraitində müalicə alan, ciddi, ağır təngnəfəsliyi, ürək xəstəliyi olan xəstələr maskada nəfəs almaqda narahat ola bilərlər. Hamı 1 ay ardıcıl və nizamlı maskadan istifadə etsəydi,bu qədər yoluxma faktı olmazdı”.


Psixoloq Afaq Əmirli maskaya münasibəti ətraf kütlənin təsirindən doğan psixoloji faktorla əlaqələndirir: “İnsanlar düşünmədən bəzən ətrafında maska taxmayanlara baxır. Bu faktor insanın psixologiyasına çox böyük təsir edir və insan fikirləşir ki, ətrafım necə edirsə, mən də onu etsəm, daha doğrudur. İkinci səbəb, iqtisadi duruma bağlıdır. Bəzən insanlar sağlamlıq məsələsində etinasız münasibət ortaya qoyurlar, maskaya verilən pulu vacib bilmirlər”.

Psixoterapevt Roza Kazımlı insanların maskasız gəzməsinin səbəbini sağlamlıq barədə düzgün analiz aparmamaqda görür: “Süni eqo insanların daxilində elə bir aqressiya oyadır ki, sağlamlığı qorumaqdan imtina edirlər. Bu, daxili psixoloji problemlərdən qaynaqlanır. Əgər insan bu gün maska taxıb istiyə dözə bilmirsə, sabah o, qızdırma və boğulmaya necə dözəcək? Bu sualı öz-özünə verib cavablandırsalar, maskadan imtina etməyəcəklər”.

Aynurə Niyazqızı
Open.az

Daha çox
Back to top button
Close