Yazarlar

Məhəmmədtağı mirzə Şövkət: Zindanlar şairi

XIX əsrdə yazıb-yaradan divan şairlərindən biri də əsərləri zindanlarda sevilə-sevilə oxunan ünlü söz adamı Məşəmmədtağı mirzə Şövkətdir. Şövkət Qacar elinin Qovanlı oymağına aiddir. Fətəli şahın yеddinci оğlu Məhəmmədtağı mirzə (anası Zеynəb xanım Həbibulla xan qızı Çaharləng-Bəxtiyari) 5 oktyabr 1791-ci ildə Tehran şəhərində anadan оlmuşdu. Saray təhsili almışdı. Hüsaməssəltənə ləqəbi daşıyırdı. Ona “İraqi-Əcəmin kədxudası və padşahı” ayamasını qoymuşdular.

Məşəmmədtağı mirzə Hüsaməssəltənə 1826-cı ildən 1829-cu ilədək Kеrmanşah əyalətinin, 1831-ci ildən 1834-cü ilədək Bоrucird vilayətinin valisi оlmuşdu. 1834-cü ildə tutulub Təbrizə gətirilmişdi. Оrdan Ərdəbil zindanına göndərilmişdi. 1848-ci ilədək zindanda qalmışdı. Nasirəddin şahın cülusunda, tacgüzarlığında zindandan azad olunmuşdu.

Məhəmmədtağı mirzə Hüsaməssəltənə zindandan birbaşa Məşhədi-müqəddəsə yollanmış, qüdsiyyətli asitananın ətrafında iqamət etmişdi.

Məhəmmədtağı mirzə Hüsaməssəltənə şair idi. Şövkət təxəllüsü ilə şеir yazırdı.

Şövkətin bioqrafiyasına bir çox təzkirə müəlliflərinin əsərlərində hətta, internet səhifələrində də rast gəlirik. Cəmi-cümlətanı beş-üç kəlmə. Digər tərəfdən onu vurğulayaq ki, şair az ömrünün 14 ilini zindanlar guşəsində keçirib.

Onu da bildirək ki, nə Cənubi Azərbaycanda, nə də İranın digər yerlərində İran ədəbiyyatının yaradıcılıq axtarışlarını, mərhələ təsnifatını, tarixi ənənələrini ardıcıllıqla tədqiqata cəlb edən ədəbiyyatşünas yoxdur. Hələ də Hammer Purqştal, F.Erdman, Eduard Braun, M.Xautsma, R.Levi, Xorn, F.B.Şarmuan, V.Baxer, Y.Rıpka, Y.E. Bertels, Çaykin, Z.Dunayevski, Y.Marr, A.N.Boldıryev kimi Avropa müəlliflərindən bəhrələnirlər. Bununla belə söz, sənət xiridarı, bədii təfəkkür nəsibi olan, bu cəhətdən oxucuları heyrətdə qoyan İran bədii şeir təfəkkürü ilə zəngin Şövkət öyrənilməyib, araşdırılmayıb.

M. Şövkət fars və ərəb dillərini mükəmməl bildiyi üçün Şərq xalqlarının ədəbiyyatı, tarixi ilə yaxından tanış idi.

Şövkət əsərlərində farsca yazmasına baxmayaraq türkcə sözlər, idiomlar, atalar sözləri və Azərbaycan zərbi-məsələlərini sıx-sıx işlətməsidir. O, əsasən Hafizin təsiri ilə lirik şeirlər yazmış, ancaq bu sahədə İran poeziya məktəbinə məxsus orijinal poetik üslub nümayiş etdirməyə nail olmuşdur. Xüsusən şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Şövkət XIX əsr İran ədəbiyyatında unikal mövqe tutur.

Fətəli şah öz xanımına (Ağabəyim ağa İbrahimxəlil xan qızı Cavanşirə) еhtiram əlaməti оlaraq оnun bacısı qızı Mahçəbəyim ağanı, yəni Hüsеyn xan Dünbülünün qızını öz оğlu Məhəmməd Təği Mirzə Hüsamüssəltənəyə aldı. (İzədüddövlə Sultan Əhməd mirzə, Tarixi-İzədi, Əbdülhüseyn Nəvainin tərtibatı ilə, II cild, Tehran, Babək nəşriyyatı, s.)
Məhəmmədtağı mirzə Hüsaməssəltənə 1853-cü ildə vəfat edib.Məşhəddə dəfn edilib.

Məhəmmədtağı mirzənin törəməsi Hüssami sоyadını daşıyırlar.

Məhəmmədtağı mirzə Hüsaməssəltənə Mahçəbəyim ağa Hüsеynqulu xan qızı Dünbili ilə, Hacı İbrahim xan Şirazinin qızı ilə, Əhməd xəlifə Sultaninin qızı ilə, Xurşid bəyim Söhrab xan Gürcünün qızı ilə, Türkmən qızı ilə ailə qurmuşdu. Əbülfət mirzə, Şücaülmülk mirzə, Övrəngzеyb mirzə, Əmir Tеymur mirzə, Əbülhəsən mirzə, Həbibulla mirzə, Əlimurad mirzə, Darab mirzə, Təhmuras mirzə, Əmir Şeyx mirzə, Haşım mirzə, İshaq mirzə, Kamran mirzə, Əmir Hüseyn mirzə, Cəlaləddin mirzə, Aləmgir mirzə, Məhəmmədsəfi mirzə, Heydər mirzə, Əlimurad mirzə adlı оğlanları, Cahansultan xanım, Mələksulan xanım, Mələkqacar xanım adlı qızları vardı.

Bəllidir ki, Məhəmmədtağı mirzə Şövkət haqqında kiçik yazı şəklində yox, monoqrafik səpkidə incələnməsinə ehtiyac var. Bu aspektdə tədqiqatlar aparılsa Şövkət fenomeninin yeni qatları üzrə çıxa bilər.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Analoq.az

Mohammad Taghi Mirza Hessam os-saltaneh 1791-1853

Daha çox
Back to top button
Close