Ölkə

“Bəzi vətəndaşlarımız karantin qaydalarını pozdular,buna görə də cəzalandırılanlar oldu”MİLLƏT VƏKİLİ

Nazirlər Kabinetinin iyunun 4-də imzaladığı qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirildi. Bununla əlaqədar qeyd olunan ərazilərdə ötən həftənin sonu – 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla). Həmin tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi.

Ancaq bu qərar əhali arasında birmənalı qarşılanmayıb, bəzi şəxslər yalnız həftəsonu tətbiq olunan bu qadağanın virusun yayılmasına təsir etməyəcəyini düşünür. Lakin bu günə qədər bir sıra ölkələr, o cümlədən Türkiyə həftəsonu qadağalarının müsbət nəticələrini görüb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda koronavirusa qarşı mübarizədə ən nümunəvi təcrübələr öyrənilir və tətbiq olunur. Onun sözlərinə görə, bunun hamısı Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması üçündür: “Koronavirusla mübarizədə Azərbaycan həm yaxşı təcrübələri öyrənən, həm də özü yaxşı təcrübələri yaradan bir ölkədir. Ona görə də Azərbaycan bu mübarizədə uğurlar əldə etmiş ölkələr sırasındadır. Həftəsonu qadağalarının tətbiq olunması tam sosial izolyasiyanın həyata keçirilməsi də koronavirusa qarşı effektiv mübarizələrdən biridir. Azərbaycan da ötən həftənin sonunda belə bir addım atdı. Əminəm ki, bu, önümüzdəki günlərdə müsbət nəticəsini mütləq göstərəcək. Çünki vətəndaşların bəzi hallarda inamsızlığı və yaxud sosial məsuliyyətdən yayınması nəticə etibarı ilə koronavirusa yoluxanların sayını artırdı. Dövlət də məcburən sərt qadağalara getdi. Düşünürəm ki, bunu çox yaxşı keçirməyi bacardı. İstər hüquq-mühafizə orqanları, istər digər əlaqədar qurumlar karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edə bildilər. Ona görə də bu prosesdə Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndirməliyik və alqışlamalıyıq. Nəticə etibarı ilə Azərbaycan polisi bizim qayğımıza bizim əvəzimizdə qalmağa çalışırdı”.

Deputat bildirib ki, həftəsonu qadağaları Azərbaycandan başqa ölkələrdə də tətbiq olunur: “Misal üçün, Türkiyə bu təcrübəni tətbiq etdikdən sonra müsbət nəticələr əldə etdi və yoluxma statistikasında xeyli azalmaya nail oldular. Ona görə də bu qadağa aktualdır və bunu tətbiq etmək lazımdır. Doğrudur, bu prosesdə bəzi vətəndaşlarımız qanunu pozmağa cəhd etdilər və yaxud da karantin qaydalarını pozdular. Elə buna görə də cəzalandırılanlar oldu. Əgər söhbət ümumi milli və ictimai mənafeyimizdən gedirsə, heçnəyə baxmadan bu qadağaları tətbiq etmək lazımdır. Çünki bu, nəticə etibarı ilə ümumi mənafeyimizə xidmət edən bir hadisədir”.365.az

Analoq.az

Daha çox
Back to top button
Close