Son dəqiqə

Əlvida doğma insan, əziz müəllimim – Anar Burcəliyev

Aqşin Babayevin əziz xatirəsinə

Gəncənin al şəfəqli səhərini çox üzücü bir xəbərlə açdım. Mənim üçün hər zaman əziz və doğma olan insanı, həm də müəllimim olan bir şəxsiyyəti itirdim. Bu itginin acısı ilə barışmaq çox çətindir. İnsan həyatında müstəsna yeri olan şəxslərin itirilməsi hər zaman ağırdır. Illah da ki, müəllimin ola və onunla bağlı xatirələrin demək olar ki, hər gün təzələnə. Məhz Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçisi, pedaqoq, ictimai xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbi yaradıcılıq və ekran dramaturgiyası” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, II dərəcəli Dövlət müşaviri, Azərbaycanın əməkdar jurnalisti və böyük hərflərlə yazılacaq bir insan, şəxsiyyət Aqşin Əlisəttar oğlu Babayev tək.

Aqşin Babayevlə tanışlıq ailəvi səcərəmizlə bağlıdır. Belə ki, mərhum atam xalq artisti Məhəmməd Burcəliyevlə uzun illər çox yaxın dostluq telləri sonradan bu münasibətləri ailəvi dostluğa çevirə bilib. Onunla sonradakı görüşlərimiz daha tez-tez olurdu. Belə ki, mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığım illərdə onunla hər gün görüşür, şirin, orjinal xatirələrlə dolu söz-söhbətlərindən doymazdım. Hətta çox maraqlı səs tonu bir anlıq olsun belə fikirlərinin dağılmaması şərtilə diqqəti cəlb etməklə ona qulaq asmağa imkan verirdi. Bu gün belə bir doğma insanımı, müəllimimi itirdim.

Aqşin Əlisəttar oğlu Babayev. Bu ad çoxlarına tanışdır. O, 23 noyabr 1936-cı ildə Bakıda anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan “Moskou News” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Ü. Hacıbəyli, F. Əmirov, Q. Qarayev, Niyazi, T. Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini kimi fəaliyyət göstərib. 1972-1975-ci illərdə Türkiyədə işləyib. Sədr müavini işləyərkən onun təməl daşını qoyduğu verilişlərdən biri bu gün də Cənubi Azərbaycana yayımlanan proqramlarda səslənən “Körpü”dür. O, radioya rəhbərlik etdiyi vaxtlar “Araz” radiostansiyasının verilişləri səhər erkən efirə çıxaraq, “Səhər” proqramı fəaliyyətə başlayıb. Televiziya və Radio Verilişlərinin Bədii Şurasına rəhbərlik etməklə mahnı və diktor müsabiqələrində münsiflər heyətinin sədri olub. Milli Məclisdə mətbuat xidməti 1991-cı il mart ayının 1-də yaradılıb. Onun ilk rəhbəri də məhz Aqşin Babayev olub. O, bu vəzifədə 15 il çalışıb. Kütləvi informasiya vasitələri ilə sıx əlaqə yaradaraq Milli Məclisin nəşri olan “Qurtuluş”, “Tariximizin faciəli səhifələri: soyqırımı”, “Heydər Əliyev və Azərbaycan parlamenti”, “Azərbaycan parlamenti və beynəlxalq təşkilatlar”, “Müstəqil dövlətimiz və parlamentimiz” yazıları ilə tanına bilib. Parlament nümayəndə heyətlərinin tərkibində Fransaya və Səudiyyə Ərəbistanına səfərlərindən hazırladığı reportajlar, Türkiyə və İsveçrədən yazdığı publisistik qeydləri maraqla qarşılanıb. 1991-2006-cı illərdə Azərbaycan

Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb. Aqşin Babayevin ilk hekayəsi 1958-ci ildə “Oktyabr işıqları” almanaxında, 1964-cü ildə isə “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb. “Həmişəbahar”, “Bir parça həyat”, “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Səhnə, Ekran, Efir” adlı kitabların müəllifidir. “Kişilər az yaşadı” kitabı isə Moskvanın “Sovetski pisatel” nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilib. Artıq 10 cilddən ibarət “Seçilmiş əsərləri”nin birinci cildi işıq üzü görüb. Onun dövri mətbuatda işıq üzü görən və kitablarında toplanan oçerkləri, reportajları, məqalələri yüzlərlədir. Niyaziyə, Q. Qarayevə, M. İbrahimova, N. Hikmətə, Ə. Məmmədxanlıya digər yazıçı və mədəniyyət xadimlərinə həsr etdiyi portret yazıları oxucular tərəfindən hər zaman maraqla qarşılanıb. Aqşin Babayev həm də maraqlı şair idi. Yeddinci sinifdə oxuyanda “Bahar” adlı ilk şeirini yazıb. Sözlərinə mahnılar bəstələnib. Aqşin Babayevin dramaturq kimi ilk əsəri tələbəlik dövründə 1955-ci ildə tamaşaya qoyulub. Sonra pyesləri Musiqili Komediya, Rus Dram, Gənc Tamaşaçılar, Bələdiyyə, Sumqayıt Musiqili Dövlət Dram teatrlarında oynanılıb. Onun ssenarisi əsasında telefilmlər çəkilib. Elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. “Nazim Hikmətin yaşamı” adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb. Nazim Hikmətdən söz düşmüşkən qeyd etmək istərdim ki, Aqşin müəllimlə görüşüb bir dəfə bu haqda geniş müsahibə almışdım. O zaman Nazim Hikmətlə bağlı xatirələrində deyirdi: “Təbii olaraq o illərə nəzər salanda Türkiyə kəlməsi, Türkiyə sözünü eşidəndə, xüsusi olaraq, Moskvada oturanlar buna çox böyük qısqanclıqla yanaşırdılar. Ançaq o zamanlar Türkiyədə hekayələrim çap olunanda təəccüb edirdim ki, məni heç yerə çağırıb sorğu-sual etmirdilər. Sovet dövründən başlayaraq bizim Akademiyada Şərqşünaslıq İnstitutunda Türk Filologiyası şöbəsi, Moskvada Asiya Xalqları İnstitutunda Türk bölməsi fəaliyyət göstərirdi. Deyim ki, 1961-ci ildə Nazim Hikməti mövzu olaraq götürüb aspiranturaya daxil olanda heç kim mənim qarşıma səd qoymadı. Nazim Hikmət dramaturgiyasının tədqiqinə başladım. Ancaq Türkiyəyə işləməyə gedəndə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində qaydalara uyğun olaraq partiya biletimi təhvil verəndə bir məmur dedi ki, bilirsiz, Nazim Hikmət kommunist olub. Türkiyəyə işləməyə gedirsiz. Orda olarkən Nazim Hikmətin adını cəkmiyəsiz. Hətta bu mövzuda dissertasiya müdafiə etmənizi belə deməyəsiniz. Çünki türklər Nazim Hikməti sevmirlər. Ona “vətən xaini” deyirlər. Amma Türkiyəyə gələndə gördüm ki, heç də belə deyil. Əksinə, türklər Nazim Hikməti sevir və şeirlərini əzbər də bilirlər. Nazim Hikmət onlar üçün əziz bir insandır. Ancaq elə kitab mağazaları da vardı ki, şairin kitablarını soruşanda “Bizdə vətən xayinin kitabı satılamaz!” cavabını da alırdım. Ancaq bununla belə Türkiyədə işlədiyim 3 il ərzində çox az yerdə müşahidə etdim ki, Nazim Hikməti istəmirlər. Nazım Hikməti sevənlər sevməyənlərdən çox-çoxdur. Sonra da doktorluq işimi yekunlaşdırdım. Doktorluq dissertasiyam Cümhuriyyətin 1923-cü ildən 1990-cı illərə qədərki dövrü, əbədiyyat mərhələsini əhatə edirdi. O zaman müdafiə işləri ilə bağlı bir çox şəxslərə müraciət edirdim ki, mənə Nazim Hikmət haqqında bilmədiklərimi desinlər. Bax o zaman sizin mərhum atanız, Azərbaycan səhnəsinin unudulmaz sənətkarı, xalq artisti Məhəmməd Burcəliyevə də müraciət etmişdim. Çünki 30-cu illərdə Türk dramaturqlarının əsərləri Azərbaycan səhnəsində oynanılmışdı. Amma Sovet dönəmində Türk dramaturgiyasına az müraciət olunurdu. Əsasən Nazim Hikmətin pyesləri oynanılırdı. 50-ci illərdə Türk

dramaturgiyasının Azərbaycan səhnəsinə yenidən gətirilməsi atanız Məhəmməd Burcəliyevin adı ilə bağlıdır. Gəncə Dövlət Dram Teatrında onun rəhbərliyi dövründə Nazim Hikmətin “Kəllə” pyesi səhnəyə qoyulub. Bununla da yenidən Azərbaycan teatrlarında Türk dramaturgiyasının yeni bir dövrü başlanılıb. 1957-ci ildə Nazim Hikmət Gəncəyə gələrək “Kəllə” pyesinin tamaşasına baxıb və yaradıcı kollektivlə xatirə şəkili də çəkdirib. Bax bu günə qədər atanız Məhəmməd Burcəliyevin onunla bağlı olan xatirələrindən ibarət cavab məktubu mənim şəxsi arxivimdə saxlanılır. Mən o gözəl diqqətçil insanı, böyük sənətkarı həmişə şükranlıqla yad edirəm”.

Onun “Türk ədəbiyyatı müntəxəbatı”, “Türk dramaturgiyası”, “Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər”, “Azərbaycan və türk dünyası” kitabları bu gün də dəyərli dərs vəsaitidir. O, həmçinin Türkiyədə Nazim Hikmət vəqfinin Məsləhət Şurasının fəxri üzvü idi. Aqşin Babayev 1967-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, yetirmələri “Azərbaycan”, “Zerkalo”, “Ayna” qəzetlərində, müxtəlif teleradio kanallarında çalışırdılar. O, 30-dan artıq xarici ölkə filmini doğma dilimizə tərcümə edərək “Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü” (A. Kazımzadə ilə birlikdə), “Kino…kino”, “Kino sənətinin təməl daşı” kitablarını sənətsevərlərə maraqla təqdim edib. İtalyan dramaturqu Terensinin “Qardaşlar”, türk dramaturqu Haldun Tanerin “Kemanlı Əli dastanı” pyeslərini, Əziz Nesinin hekayələrini dilimizə çevirib. Onun çoxşaxəli yaradıcılığı haqqında Mirzə İbrahimov, Qulu Xəlilov, İrfan Ünver Nəsrəddinoğlu, Həmid Araslı, Əli Tudə və başqa ədəbiyyat, incəsənət xadimləri dəfələrlə dövrü mətbuatlarda məqalələrlə çıxışlar edib, Aqşin Babayev yaradıcılığının məziyyətlərindən söz açıblar.

Xatırlatmaq yerinə düşər ki, o, həmçinin Attestasiya Komissiyası Ekspert şurasının eləcə də Yazıçılar Birliyi (1978) və Jurnalistlər Birliyinin (1961) üzvü olub. 35 bədii və elmi kitabın müəllifi kimi böyük elmi yaradıcılıq irisini bizlərə yadigar qoyub. Aqşin Babayev 1970-ci ildə “Əmək rəşadətinə görə” medalı ilə təltif edilib, 1987-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2004-cü ildə isə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.

Aqşin Babayev həddən ziyadə vətəninə, doğma Azərbaycanımıza bağlı bir insan idi. Hətta bu amal və bağlılıq bütün həyatı boyu özünü göstərirdi. Mənfur qonşularımız olan ermənilərin hər zaman xain xislətindən danışar və bununla barışmadığını söyləyərdi. Yaxşı xatırlayıram 80-ci illərdə post sovet məkanının erməni ideologiyasının tüğyan etdiyi bir zamanında Mərkəzi Komitənin sanksiyası olmadan radioda erməni verilişlərinin tamamailə bağlanması haqqında qərar qəbul etdiyi üçün Mərkəzi Komitənin bürosundan partiya töhmətini də elə Aqşin Babayev alıb.

Aqşin müəllimlə 24 oktyabr 2018-ci ildə olan görüşümü xatırlayıram. Fəvvarələr meydanında görüşdük. Ömür-gün yoldaşı Müzəyyən xanım da onunla birlikdə idi. Çox xoşbəxt idi, üzündə qəribə bir təbəssüm vardı. Ani olaraq söhbətə belə başaldı: “İki hiss keçirirəm. Bir fərəh, bir də məyyusluq hissi. Fərəh hissi ona görə keçirirəm ki, tərif olmasın, yaxşı, təmiz ömür yaşamışam, çox gözəl ailəm var. Sədaqətli, vəfalı ömür dostum var. Həyat yoldaşım Müzəyyən xanım ən çətin anlarımın dayağı olub. Mənim həyat yoldaşım və övladlarım arxa cəbhəmdir. Hansı kişinin ki, arxa cəbhəsi möhkəmdir ona zaval yoxdur – dedi. Sonra yeni nəşr

olunan “Səhnə, Ekran, Efir” kitabına bu sözləri yazdı: “Qələm və ürək dostum Anar müəllimə, Aqşindən minnətdarlıqla. 24.10.2018” ”.

2019-cu ildə “Onun dünyası” adlı bir kiatbım nəşrə hazırlanırdı. Bu zaman yenə də Aqşin müəllimə üz tutdum. Kitaba ön söz yazmasını xahiş etdim. Məmnunluqda məni dinlədi, qısa zamanda bu kitaba ön sözü yazaraq şairə, dramaturq Fəridə Əliyarbəyli haqıında xatirələrini və kitab haqqında fikirlərini bölüşdü. Aqşin müəllim bu ön sözdə yazırdı: “Sonralar tale belə gətirdi ki, mən, indi müəllimi olduğum Mədəniyyət və İncəsənət Universitetində Məhəmməd müəllimin oğlu Anarla tanış oldum. Müəllim-tələbə münasibətləri yaş fərqimizə baxmayaraq sonralar dostluğa çevrildi”.

Hələ də bu acı xəbərinizə heç cürə inana bilmirəm. Ölüm adlı bir xəbəri heç cürə Sizə yaraşdıra bilmirəm. Siz mənim həyatımda və ailəmiz üçün doğma insan olmaqla çox müstəsna bir şəxsiyyət idiniz. Sizin haqqınızda artıq bu cür danışmaq və yazmaq çox cətindir. Deyirlər hər kəsin bir qisməti var. Ancaq bu qisməti, bu acını hələ yaşamalı deyildik. Siz Azərbaycan elmi və xüsusilə mədəniyyəti tarixi üçün hələ çox gərəkli idiniz. Əziz müəllimim. Haqqın dərgahına üz tutmağa nə yaman tələsdiniz ki? Siz mənim üçün o qədər doğma idiniz ki… Sözlə ifadə edə bilmirəm. Çox üzgünəm və heç cürə belə qəfil ayrılığa inana bilmirəm. Çətin, lakin şərəfli səfəriniz mübarək olsun. Son mənziliniz daima işıqlı və nurlu olsun. Son vida gününüzə gələ bilmədiyim üçün məni bağışlayın. Əziz müəllimim, bir də ki, haqqınızı halal edin. Çünki Sizin zehni düşünçənizin nurundan mənə də pay düşüb. Bu ayrılıq hələ uzun illər məni göynədəcək və çox zaman hər ötənlərdən Sizi soruşacam. Ruhunuz şad, məkanınız cənnət olsun. Amin.

Əlvida doğma insan və əziz müəllimim!

Anar Burcəliyev

Teatrşünas

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button