Siyasət

“Artıq konkret mövqe ortaya qoymaq zamanıdır və bu mövqe ədalətli olmalıdır”

 

Analoq.az Milli.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında politoloq Nəzakət Məmmədova Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatını şərh edərkən deyib.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində aktiv rol oynamasını Ermənistanla müqayisədə Azərbaycana daha üstün bir tərəfdaş kimi baxmağa vadar edən səbəb kimi qeyd edib:

“Azərbaycan Avropanın bir çox layihələrində yaxından iştirak edir, Çinlə Avropa ölkələrini birləşdirən Böyük İpək Yolunun mühüm bir hissəsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində aktiv rol oynayır. Bütün bunlar Avropanı Ermənistanla müqayisədə Azərbaycana müəyyən mənada daha üstün bir tərəfdaş kimi baxmağa vadar edir. Avropa Birliyi özü son illərdə bir çox problemlərlə üzləşdi, o cümlədən İspaniyada separatizm məsələsi, miqrant axını, İran məsələsinə görə ABŞ ilə qarşıdurma, Türkiyənin potensial üzv kimi itirilməsi, onun Rusiya ilə müttəfiqlik münasibətlərini dərinləşdirməsi, Ukrayna problemi və s. Koronavirus pandemiyası özü də AB-nin proseslərə baxış məsələsində yeni bir səhifə açmaqdadır. Bütün bu məsələlər fonunda AB dərk edir ki, Azərbaycana qarşı ikili standartlar məsələsi onun nüfuzuna xələl gətirir, münaqişə bölgəsində dinc insanların və hərbi qulluqçuların snayperlərdən açılan atəş nəticəsində, mina partlamasından ölməsi və s. AB-nin təməl prinsipi olan insan haqlarına ziddir”.

Politoloq AB-nin Azərbaycanla münasibətləri qat-qat yüksək səviyyədə qura bilməsi üçün yetərli potensialın mövcud olduğunu bildirsə də, ədalətli mövqe tutmadan buna nail olmağın mümkün olmayacağını da xüsusi vurğulayıb:

“Cənubi Qafqaz, xüsusilə Azərbaycan İran məsələsində mühüm geosiyasi əhəmiyyət daşıyır, enerji məsələsində Azərbaycanın rolu var, həmçinin Azərbaycan olmadan Ermənistan və Gürcüstanla imzalanmış Assosiasiya sazişi öz əhəmiyyətini itirir. Region uğrunda mübarizədə Rusiya, ABŞ, Türkiyə, Çin kimi rəqiblərlə baş-başa gəlmək üçün Azərbaycanla Assosiasiya sazişi imzalanmalıdır. Sazişin əsas müddəası isə Qarabağ torpaqlarının işğal olunmuş ərazi olduğunu etiraf etməkdir. AB Azərbaycanla münasibətləri qat-qat yüksək səviyyədə qura bilər, bunun üçün yetərli potensial var, lakin ədalətli mövqe tutmadan buna nail olmaq çətindir. Bu, Azərbaycan ictimai rəyində Avropa Birliyinə olan inamı və rəğbəti artıraraq, onilliklərdir ki, onu tənqid hədəfinə çevirən ikili standartlar  ittihamından xilas edər. Artıq konkret mövqe ortaya qoymaq zamanıdır və bu mövqe ədalətli olmalıdır”.

Teqlər
Daha çox
Back to top button
Close