Mədəniyyət

Milli Konservatoriyanın professor-müəllim heyəti qanvermə aksiyasında iştirak edib

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstək çağırışına Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti də qoşulub.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə iyunun 11-da Milli Konservatoriyanın təşkilatçılığı ilə B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında qanvermə aksiyası təşkil olunub. Aksiya bir neçə saat davam edib. Mərkəzi Qan Bankının həkim-hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib. Bundan sonra xüsusi karantin rejiminin tələblərinə və sosial məsuliyyət qaydalarına əməl edilməklə Milli Konservatoriyanın 40-a yaxın əməkdaşı qan verib.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaqdır.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə “Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı” haqqında Fərman imzalanıb. Bununla yanaşı, ölkəmizdə uğurla həyata keçirilən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət edir. Proqram çərçivəsində xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar.

Daha çox
Back to top button
Close