Cəmiyyət

“Amma nə oldusa birdən-birə Azər Həsrət dönüb qatı iqtidar yazarı oldu”-ARAŞDIRMA

Bu günlərdə jurnalist Azər Həsrətin “Yenisabah.az” xəbər portalında tirajlanan müsahibəsini oxudum. Düzü müsahibə məndə çox qəribə hisslər yaratdı. O müsahibədə mən zavallı bir jurnalistin haqlı-haqsız ittihamlardan qurtulma çabasını gördüm və buna çox təəssüfləndim. Azər bəy deyir “… Əli Həsənovun adamı olub nə etmişəm ki? Jurnalistlərə iki binadan evlər paylanılıb, amma mənə verilməyib”

Bəri başdan deyim ki, mən Azər Həsrətin jurnalist yanaşmalarını və vətəndaşlıq mövqeyini heç zaman qəbul etməmişəm. Çünki bu adam siyasi cəhətdən əqidəsizdir. 15-20 il bundan əvvəl bu iqtidarı ən ağır şəkildə ittiham və təhqir edən 5-10 yazardan biri məhz Azər Həsrət olub. 2005-ci ildə keçirilən parlament seçkilərində məğlub olan Azər bəyin prezident İlham Əliyev və onun komandası haqqında dediyi hədyanlar və yazdığı şər-böhtanların necə deyərlər mürəkkəbi hələ qurumayıb. Amma nə oldusa birdən-birə Azər Həsrət dönüb qatı iqtidar yazarı oldu. Ötən ilin mayında Beynəlxalq Mətbuat Mərkəzində mətbuat azadlığına həsr olunan bir tədbirdə Azər Həsrətin çıxışını dinləyəndə isə necə deyərlər “yer ayağımın altından qaçdı”

…Bu adam sən demə anadan gəlmə “YAP”çı imiş… Burda bir haşiyəyə çıxmaq istəyirəm. Bu yaxınlarda bir tədbirdə bir məmur tanışım 5-10 adamın içində özündən razı şəkildə mənə qayıtdı ki, “Surxay müəllim, filankəsin adını yazında çəkməsən, sənə 300 manat verəcəm” (Filənkəs də tədbirin təşkilatçısı idi)… Mənsə təbirimi pozmadan dedim ki, …”mənim qiymətim sizin gözünüzdə niyə bu qədər ucuzdur?!..

“Məmur dostumuz sözlərimdən tutuldu: “Başa düşmədim…” – dedi. Qayıtdım ki, “onu deyirəm ki, satılıram, satılıram heç olmasa, babat qiymətə satılım də… “Hamı güldü, o məmur isə pərt oldu. Deməyim odur ki, Azər Həsrət sən satılmısan, lakin çox ucuz qiymətə. Bununsa günahı Əli Həsənovda deyil, məhz sənin özündədir. İndi də gileylənirsən ki, “Əli Həsənovun adamı olub neynəmişəm ki?!…

“Sən və sənin kimilərin mövqesizliyi yüzlərlə jurnalisti bu gün çətin vəziyyətdə qoyub (çörəksiz qoyub, desəm daha düzgün olar). Çünki sizin kimilərin adamı və arxası olmur. Əli Həsənov sizin kimilərə hər zaman alət kimi baxıb. Onun adamı olsaydın, sənə də ev, xidməti maşın, bol-bol reklamı olan xəbər portalı və sair verərdi. Ona görə də Azər bəy, düşdüyün acınacaqlı vəziyyətə görə heç kim yox, özün günahkarsan. Əli Həsənov son 25 ildə mətbuatın boz kardinalı olub. Bu gün normal dolanışacağı, evi-eşiyi olan heç bir qələm əhli durub deyə bilməz ki, mən heç vaxt Əli Həsənovu “priznavat” eləməmişəm. Əli Həsənovun əlində müstəsna dövlət səlahiyyətləri, geniş vəzifə imkanları vardı. Bundan başqa, Azərbaycanın reklam bazarı birbaşa bu adamın əlində idi. Hansı ki bu bazarda hər il yüz milyonlarla manat vəsait dolanır. Bir dəfə bir sahibkar dostumdan soruşdum ki, “nəyə görə bütün reklamlarınız ancaq bir televiziyada gedir”.

Dostum gülüb dedi ki, “Onu get Əli müəllimdən soruş. Mən kiməm ki?!” Bu məsələdə son söz Əli müəllimindir”. Bu qədər fövqəlgücə malik adamın adamı olmaq isə balaca məsələ deyildi. Onun adamı olmayanların və yaxud olmaq istəməyənlərin aqibəti də heç də hər zaman uğurlu olmayıb. Məsələn, Elçin Şıxlı, Rauf Talışınski və digər qələm sahiblərinin taleyi hamımıza bəllidir. Hələ Anar Məmmədxanlını demirəm. Kreativ düşüncəyə, geniş əlaqələrə və istedadlı ətrafa malik bu insanın mediadakı fəaliyyətinin fiaskoya uğramasının tək səbəbkarı Əli Həsənov idi. Anar bəyin təsisçiliyi ilə fəaliyyət göstərən və zamanında ən geniş oxucu auditoriyasına malik “Day.az”, “Lent.az” və digər xəbər portalları Əli müəllimin maraqlarına xidmət etmədiyi üçün qısa zamanda satış obyektinə çevrildi. Görünən odur ki, Əli Həsənovun adamı olmaq vaxti ilə çox böyük imkanlara sahib olmaq demək idi. Ona görə də Azər bəy, sən Əli Həsənovu adamı yox, aləti olmusan. Qazancın isə “əməkdar jurnalist” adı olub. Bəs Əli Həsənovun adamları kimlər idi? Bu barədə növbəti yazımda…Surxay Atakişiyev/konkret.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button