Ölkə

“Çox qorxuram, çox narahatam” – İradə İbrahimova

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova jurnalistlərə müraciət edib.

Analoq.az həmin müraciəti təqdim edir:

“Hörmətli həmkarlar!

Hamımız üçün çox üzücü və olduqca çox təhlükəli bir xəstəliklə üz-üzəyik. Pafossuz, mübaliğəsiz… Kimisə inandırmaq üçün də deyil, həqiqətən real durumu anlatmaq üçün deyirəm.

Gündəlik eşitdiyim xəbərlər, yaxın və uzaq çevrəmizin sağlamlığı barədə narahatlıq, nəhayət insanların laqeydliyi və vəziyyətin kritik həddə çatması məni də dillənməyə vadar edir.

İki həftə əvvəl bu xəstəlikdən yaxın rəfiqəmi itirdim və  çox üzüldüm. Bundan sonra kimlərinsə etinasızlığı üzündən bir daha  itirmək istəmirəm…

Hər gün daha da həyəcanlı, üzücü xəbərlər alırıq. Nəticələr çox qorxuludur.

Hər gün 300-dən yuxarı xəstə sayı nə deməkdir?

Çox qorxuram, çox narahatam. Əzizlərim üçün, yaxınlarım üçün, həmkarlarım üçün, xalqım üçün…

 Fikirləşirəm ki, xəstələnənlərin ətrafı, onların yaxınları, yaxınlarının yaxınları və belə bir zəncirvari davam…

Nə ilə bitəcək bu?

Allah qorusun, virusun yayılması bu cür davam edəcəksə, az bir vaxtda bu bəlanın hamımıza toxunacağınımı gözləməliyik?

Məncə yox!!!

Ölkənin bütün qurumlarının mətbuat xidmətlərini təmsil edən hörmətli həmkarlarım, gəlin biz ümumi bir bəyanatlamı, müraciətləmi çağırış edək, “inanmayan” çoxluğu, başqalarının həyatına “qəsd” etməsinlər, deyə qınayaq.

Yaxud da öz tərəfimizdən bu gün həyəcanla  acılarını paylaşan həmkarımız, TƏBİB-in mətbuat  katibinin depressiv durumuna dəstək olaq.

Hər iki halda biz, ictimaiyyətin məlumatlandırılmasına məsul  şəxslər olaraq, həm təmsil etdiyimiz qurumun çoxsaylı kollektivinin sağlamlıq təhlükəsi ilə üzləşdiyi barədə vacib olan çağırışla vəzifəmizi yerinə yetirmiş olarıq, həm də hər kəsi çaşdırmağa xüsusi həvəsli olan bəzi “inamsızların” yanlışlıqlarının, çaşdırıcı məlumatlarının yayılmasına maneə yaradarıq.

Hörmətli həmkarlar, təklif edirəm ki, ən yaxın zamanda birgə bəyanat hazırlayaq, həm bir vətəndaş olaraq, həm də vəzifə borcumuz kimi, düçar olduğumuz bəladan ən az itkilərlə uzaqlaşmaq üçün  öz səsimizi qaldıraq.
Özünü təcridin, sosial məsafənin, özünü qorumaq vasitələrinin həyati vacibliyini bir daha səsləndirək və heç olmasa yaxın çevrəmizə çatdıraq ki, özünü virusdan qorumayan bir nəfər yüzlərin həyatına qəsd edir, millətinin, xalqının, ən nəhayət öz yaxınlarının təhlükəsizliyinə təhdid yaradır…

Biz, bu bəladan qorunmağı  bacaran nə gürcülərdən, nə də digər xalqlardan acız deyilik. Birləşək,  bir-birimizin qədrini bilib, duyarsızlıq göstərmədən bu çətin vəziyyətdən çıxaq.

Gözləməyək ki,  xəstəlik və ölümlər evimizə bədbəxtlik gətirsin. Məsuliyyətsiz insanların günahı ucbatından günahsız insanlar  bu bəlanın qurbanı olsun”.

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close