Müharibə

Nazirin mühafizə xidmətini rəisi işlədi, dayısı qızı ilə ailə qurdu…

Bu gün 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan xüsusitəyinatlı hərbçimiz, mayor Samid İmanovun şəhadətindən beş il ötür. Beş il öncə bu gün S.İmanovun nəşi doğulduğu Neftçala rayon Həsənabad qəsəbəsində torpağa tapşırılıb.

Analoq.az Milli Qəhrəmanımızla bağlı maraqlı məlumatları təqdim edir:

Samid İmanov 1981-ci il oktyabrın 14-də Neftçala rayon Həsənabad qəsəbəsində anadan olub. Uşaqlıqdan arıq, uşaq olan Samid, hərbçi olmaq istədiyini deyəndə atası məəttəl qalıb. 1988-ci ildə Neftçala rayonunun 1 saylı tam orta məktəbinin birinci sinfinə gedib. 1998-ci ildə isə həmin məktəbi bitirib. Samid şəhid olandan sonra oxuduğu məktəb onun adına verilib.
Daha sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib. 2003-cü ildə Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib və Heydər Əliyev tərəfindən mükafata layiq görülüb.
Təhsilini davam etdirmək üçün Türkiyə cümhuriyyətinə yollanıb. Türkiyədə “daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, komando təlimi və paraşütdən sərbəst atlayış kurslarında, “Anadolu-2007”, “Anadolu Qartalı-2007 birgə taktiki təlimlərində”, “Pakistanda “Ləpirçi” və “Antiterror” kurslarına, İsveçdə “Dağ təlimi”, Rumuniyada “dağa dırmanma üzrə təlimatçı” kursunda iştirak edib.
2014-cü ildən Xüsusi Təyinatlı hərbi hissədə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edib.
2014-cü ilin avqust ayının əvvələrində Azərbaycan-Ermənistan xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə keçərək uğurlu əməliyyat keçirib. Döyüş nəticəsində düşmənin 20 hərbi qulluqçusu məhv edilib.

Samid İmanov 2013-cü ildə dayısı qızı Badam xanımla ailə qurub. Samidin 2014-cü ildə Fidan adlı qızı və 2016-cı ildə isə Turan adlı oğlu dünyaya gəlib.
Samid İmanov bir müddət müdafiə naziri Zakir Həsənovun mühafizə xidmətinin rəisi vəzifəsində çalışıb. Daha sonra isə öz istəyilə yenidən hərbi hissəyə qayıdıb. Samid İmanov göstərdiyi qəhrəmanlıqlara görə Ali Baş Komandan İlham Əliyev tərəfindən də mükafatlandırılıb.

Samid 2016-cı il Şanlı aprel döyüşlərinə qatılır və bu onun son döyüşü olur. Samid Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənə ağır zərbələr endirir. Aprelin 3-dən 4-nə keçən gecə Samid ayağından və çiynindən qəlpə yaraları alır. Əsgərlər onu döyüş meydanından çıxarmaq istəsələr də o, razı olmur və yaralı gizirin ərazidən çıxarılmasını əmr edir. Əsgərlər əmri icra etməyə etiraz etsə də, komandir əmrin icrası üçün qəti sürətdə göstəriş verir. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər yenidən həmin əraziyə qayıdırlar. Lakin komandiri orda tapa bilmirlər. Məlum olur ki, Samid düşmənə əsir düşməmək üçün yerdəyişmə edib. Hətta əlində hazır qumbara saxlayır. Əsgərləri onu tapanda məlum olur ki, komandir qanaxmadan dünyasınə dəyişib. Aprelin 8-də Samidin nəşi neytral ərazidən götürülür və aprelin 9-da doğulduğu Neftçala rayonunda böyük izdihamla dəfn edilir.

Prezident İlham Əliyevin sərəncamı ilə Samid Gülağa oğlu İmanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülür. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!Vasif Əlihüseyn

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button