Yazarlar

Beyzai Allahvеrdi mirzə Qovanlı-Qacar

Qacar əsilli şairlərdən biri də Allahverdi mirzə Qovanlı-Qacardır. O, çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. Onun yüksək bədii sənətkarlığı və ideya fəlsəfi istiqaməti ilə seçilən qəzəlləri gözəl şeirlərə nümunə ola bilər. Beyzai təxəllüsü ilə yazan Allahverdi mirzə şərq poeziyasının bütün klassik formalarından istifadə etmişdi. Daha yaxından tanıyaq.

Fətəli şahın оnyеddinci оğlu Allahvеrdi mirzə (anası Naciyə xanım) 27 yanvar 1801-ci ildə Tehran şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Atasının hakimiyyəti dönəmində Bəstam və Şahrudun hakimi оlmuşdu. Məhəmməd şahın hakimiyyətinin önlərində İstanbula qaçmışdı.Bir müddət Sultan Mahmudun sarayında yaşamışdı. Sultan Mahmudun vəfatından sonra, 1839-cu ildə Bağdada getmişdi.

Allahvеrdi mirzə görkəmli xəttat idi. Nəstəliq xəttini gözəl yazırdı. Riyaziyyatçılığı da vardı.

Allahvеrdi mirzə şair idi. Beyzai təxəllüsü ilə xoşünnək şeir yazırdı. Rzaqulu xan Hidayət “Məcməülfüsəha” adlı təzkirəsində yazır: “Nəvvab şahzadə Allahverdi mirzə Xaqani sahibqranın övladlarındandır. 1216-cı (1801-ci) ilin ramazan ayında anadan olmuşdu. Şahrud və Bəstama başçılıq etmişdi. İşdən azad olunandan sonra xaqanın üzəngisinin yanında qərar tutmuşdu.

Nəvvab Zillisultan şahlığa yetişəndən sonra Qumun hakimi olmuşdu. Məhəmməd şah Darülxüləfada taxt-taca sahib olandan sonra qaçmışdı. Ətabati-aliyyəyə sığınmışdı. Ordan da İstanbula səfər etmişdi. Sultan Mahmud xan xudavəndigari-Rumun məclisində qərar tutmuşdu. Sultan Mahmudun vəfatından sonra Bağdada yollanmışdı. Orda əyləşmişdi. Çox yaxşı xasiyyətləri o cavana aid etmək olar. Yazı və yaradıcılıqda taysız idi”. (Rzaqulu xan Hidayət, Məcməülfüsəha, I cild, 1-ci bəxş, s.77)

Şeirlərini farsca yazırdı. Bir örnək:

Cəhan dərya rə keşti ömür, sahil aləm baqi,
Ze əqli naxədra bayid becuyim rah sahil ra.

Mən in həsti baqi yaftəm, əz nisti kəmtər,
Çu əz xud nist kəştim yaftəm həsti kamil ra.

Rzaqulu xan Hidayətin təbirincə desək gənc yaşlarından elmə və ədəbiyyata maraq göstərən Allahvеrdi mirzə Beyzai öz lirik qəhrəmanlarının simasında üzv olduğu sosial-siyasi mühit tərəfindən sıxışdırılan, əzilən, məzlum və talesiz insanların obrazlarını yaratmışlar. Bu istiqamətdə yaranan lirikada dövrandan, zəmanədən şikayət motivləri güclüdür. Onun şeirlərində öz nakam taleyi də boy göstərir.

Allahvеrdi mirzə Beyzainin bizə ancaq bir-iki qəzəli məlumdur. Buna görə də təsadüfi nümunələrə əsaslanıb qəzəllərinin dil, üslub xüsusiyyətlərini şairin mühüm dil üslub xüsusiyyəti saymaq olmaz. Burada diqqəti cəlb edən cəhət yalnız ondan ibarətdir ki, Beyzai şeir yazarkən mümkün qədər sadə dildə yazmağa çalışırdı.

Sultan Mahmud mirzə Qacar “Bəyanül-Mahmud” adlı təzkirəsində onun şeirlərindən nümunə verir.

Hülaku mirzə Qacarın “Xərabat” adlı təzkirəsində də onun haqqında məlumat var. Bunlarla bərabər təəssüflə qeyd etməliyik ki, onun qaçqınlıq dövründə yazıb-yaratdığı əsərlər ömrünün keşməkeşlərində itib-batmış, günümüzədək gəlib-çatmamışdır. Bu məsələni xüsusi qeyd etməliyik. Tarixi ədalətsizlik Beyzaini siyasət qurbanına çevirərək isti Ərəbistan çöllərinə göndərdi. Orda yaradıcılığı yoxa çıxdı. Əldə qalanları ilə keçinərək şair haqqında yazmalıyıq.

Beləliklə, apardığımız araşdırmalardan nəticə çıxararaq deyə bilərik ki, Allahvеrdi mirzə Beyzai dövrünün tanınmış şairlərindən olub. Təzkirəçilərin dili ilə desək “Nəzm əhli onu qəbul etmişdi”.
Allahvеrdi mirzə Beyzai 1844-cü ildə Dəməşqdə vəfat еdib.

Allahvеrdi mirzə Hacı Hüsеynqulu xan Qоvanlı-Qacarın qızı ilə еvlənmişdi. Rüstəm mirzə adlı оğlu, 2 qızı vardı.

Qacar şairlərinin üslub,forma,janr,dil, bədii ifadə və sənətkarlıq cəhətdən də novator kimi çıxış etmələrinin də əhəmiyyəti olduqca böyükdür. Onlar ilk addımlarlı atarkən bütün klassiklərlə bərabər Hafiz məktəbi görmüşlər. Bu da onların bədii zövqlərini formalaşdırmış,sözü incədən-incəyə duymaq,fikri parlaq və aydın ifadə etmək qabiliyyətini tərbiyə etmişdir.

Qacar şairlərinin, eyni zamanda da Allahverdi mirzənin yazdığı əsərləri təhlil-tədqiq etməklə bizim tarixi mövqeyimiz, milli, etnoqrafik, tarixi fikir dünyamız haqqında bilgilər əldə etmək mümkündür. Bu, bizim birbaşa tədqiqatçı alimlərimizin öhdəsinə düşən vəzifələrdən biridir. Yəni kiçik məqalələr şəklində deyil, monoqrafik səpkidə bu mövzuların incələnməsinə ehtiyac var. Bu aspektdə tədqiqatlar aparılsa, Qacar poeziyasının yeni qatları üzrə çıxa bilər.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Analoq.az

Daha çox
Back to top button
Close