Son dəqiqə

“Dünyada vəziyyət kifayət qədər ciddidir”-ELÇİN BAYRAMLI

“Məsuliyyət “Azərsu” və ETSN-in üzərinə düşür. Bunların fəaliyyəti və fəaliyyətsizliyi ucbatından bu vəziyyət yaranıb”“Özəl müəssisələrə, obyektlərə içməli suyu “levi” verib əhalinin boynuna yazmaqla deyil! “Hanı bunların tədqiqat və təhlil mərkəzləri? Niyə yatıb indi ayılıblar?”

“Problem təkcə içməli su ilə yox, həm ərzaq istehsalı, həm də bütöv ekologiya ilə bağlıdır”

“Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək”

Bəşəriyyət daha bir ciddi problemlə üz-üzədir. Belə ki, bir çox ölkələr kimi Azərbaycanda da su ehtiyatları azalır. Bu barədə Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev xəbər verib. O, Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Cənubi Qafqazda Azərbaycana düşən su ehtiyatlarının cəmi 15 faiz olduğunu, 70 faiz tələbatı isə kənardan ödəndiyini bildib. Həmçinin vurğulanıb ki, Azərbaycanda 2020-ci il iyunun ayının birinci on günlüyündə istehsal həcmi ötən ilin bu dövrü ilə müqayisəsə 38 faiz artıb.

Əsas səbəb kimi isə havanın isinməsi və suya tələbatın artması göstərilir.Mövcud vəziyyətlə bağlı “Sherg.az”a danışan “Ekoloq” Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı bu məsələdə səlahiyyətli qurumları ittiham elədi: “Biz ekoloq jurnalistlər bu vəziyyəti xeyli əvvəldən görür və həyəcan təbili çalırdıq. Lakin bizim məmurlara söhbət həmişəki kimi xeyli gec çatır. Problem yaranan kimi günahı təbiətin və əhalinin üzərinə atmaqla vəziyyətdən çıxmağa öyrəşiblər. Konkret olaraq hazırkı vəziyyətin yaranmasının məsuliyyəti “Azərsu”nun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə düşür.

Bunların fəaliyyəti və fəaliyyətsizliyi ucbatından bu vəziyyət yaranıb. Özəl müəssisələrə, obyektlərə içməli suyu “levi” verib əhalinin boynuna yazmaqla deyil! Hanı bunların tədqiqat və təhlil mərkəzləri? Niyə yatıb indi ayılıblar? Bu vəziyyətə məsul şəxslər cavab verməlidirlər.

Elçin Bayramlının fikrincə, dünyada vəziyyət kifayət qədər ciddidir: “Şəxsən mən son 20 ildə bununla bağlı, bəlkə, 100 dəfə həyacan təbili çalmış, onlarla məqalə, süjet hazırlamışam. Lakin bunlara reaksiya sıfır səviyyəsində olub. Həqiqətən də, vəziyyət ciddidir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Bununla paralel olaraq yaşıllıq azalır, dağlarda “keçəlləşmə” gedir.

Yağıntılar da azalır. Yeraltı su mənbələri isə sürətlə istismar olunur. Oğuz-Qəbələ-Bakı su kəməri çəkildikdən sonra o zonanın təbiətində problemlər yaranıb, yaşıllıqlar quruyur, ot örtüyü azalır. Yəni problem təkcə içməli su problemi deyil, həm ərzaq istehsalı ilə bağlı, həm də bütöv ekoloji problemdir.

Ekoloq alimlər 30 ildir həyəcan təbili çalırlar ki, belə getsə, dünyada su müharibələri başlayacaq. Hazırda Türkiyə-Suriya-İraq arasında Dəclə və Fərat çaylarının suyu üzərində müharibə başlamasına az qalır. Kürün mənbəyində də Türkiyənin sudan istifadə həcmini kəskin artırdığı haqda xəbərlər var. Başqa regionlarda da belə təhlükələr yaranıb.

Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizdən çoxu ölkədən kənardakı mənbələrdən formalaşır. Bu çox ciddi strateji təhlükədir. Su qıtlığı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir, lakin müvafiq orqanlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər. Həm də burada söhbət təkcə sudan yox, eyni zamanda ərzaq təhlükəsizliyindən gedir”.

Ekoloq jurnalist mövcud təhlükədən yaxa qurtarmaq üçün çıxış yolu da göstərdi: “Bununla bağlı ciddi strateji proqram hazırlanmalıdır. Su israfının qarşısı alınmalıdır. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır.

Ərzaq istehsalı ilə bağlı olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun.

Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilsin. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.

Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək. Bununla yanaşı, əhali arasında suyun qənaətli istifadəsi üçün təbliğat aparılmalıdır. İnsanlarımız başa düşməlidir ki, su çox qiymətlidir, onu boş yerə sərf etmək olmaz”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button