Ölkə

“Dövlət bu qədər vəsait ayırır, bu vəsait necə xərclənir?” – Deputat

Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanda müşahidə olunan su qıtlığı barədə danışıb.

Analoq.az xəbər verir ki, deputat oxu.az-a müsahibəsində “Azərsu”nun fəaliyyətini tənqid edib. Hazırda yaranan su qıtlığının qurumun qeyri-peşəkarlığı ilə əlaqələndirib:

“Azərsu”ya sualım var: Pandemiyadan qabaq Azərbaycan xalqı çimmirdi, əlini yumurdu? Onunla razıyam ki, insanlar koronavirusla əlaqədar daha çox əllərini yuyurlar, sudan daha çox istifadə edirlər. Amma suya olan tələbat bir neçə dəfə artmayıb ki! Dövlət bu qədər vəsait ayırır, bu vəsait necə xərclənir ki, su təchizatında çatışmazlıqlar ortaya çıxır?!

Hələ pandemiya olmayanda da hər il may ayından sudan istifadə ilə bağlı xeyli problemlər başlayırdı. Nəyə görə, kimə görə? Nədir bunun izahı? Niyə problemin həlli istiqamətində neçə ildir işlər görülmür? Bizim millət vəkili kimi işimiz odur ki, “Azərsu”nun rəhbər şəxslərini dəvət edək və “niyə sən bu problemi həll etmirsən?” deyə suallar verək.

Pandemiya zamanı suya olan tələbatın artmasının su qıtlığı yaratması barədə deyilənlər isə gülüncdür, uşaq söhbətləridir. Bu milləti təhqir etmək nəyə lazımdır?

“Azərsu” bu zamana qədər çox qeyri-peşəkar işlər görüb ki, hazırda problemlər yaranıb. Azərbaycanda bir neçə gün öncə, bayramqabağı verilən suyun təzyiqi birdən-birə azaldıldı.

İctimaiyyət hər şeyi bilməlidir, cənab Prezident də tapşırıq verib ki, hansı problemi görürsünüzsə, bunu ortaya qoyun. “Azərsu”nun fəaliyyəti kifayət qədər ciddi şəkildə təftiş olunmalıdır.

Mən və bir neçə deputatın tələbi budur ki, problemin dəqiq səbəbi, su ehtiyatları barədə məlumat verilsin və problemdən çıxış yolları göstərilsin. “Azərsu”nun mətbuat şöbəsi isə bu günə kimi normal bir açıqlama verməyib”.

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close