Müsahibə

“Pandemiya dövrü sənət adamlarına necə təsir edir? “-SORĞU

Koronovirus pandemiyası ilə əlaqədar olaraq ölkədə neçə vaxtdır ki, bir çox sahələr, o cümlədən teatrlar, konsert müəssisələri fəaliyyətini müvəqqəti dayandırıb.
Analoq.az-ın əməkdaşı Turan Etibaroğlu səhnə və çəkiliş meydançalarından kənar düşən, vaxtlarının çox hissəsini evdə keçirən bəzi sənət adamı ilə onlayn sorğu keçirib.

Analoq.az həmin sorğunu təqdim edir:

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kazım Abdullayev:

– Hamı kimi vaxtımın çoxunu evdə keçirirəm. Amma hərdən işim olanda şəhərə çıxıram.Şəhərə çıxanda da çalışıram qanunlara riayət edim. Ürəkdən əməliyyat olunmuşam, ürək və ayağımda damarlar dəyişdirilib. Buna görə də çox gəzməli,özümə gəlməliyəm. Bütün bunlara baxmayaraq, qanunu pozmuram. Bu arada bir neçə kitab oxumuşam, görmədiyim filmləri izləmişəm. Vəziyyətlə bağlı teatrlarda onlayn məşqlər gedir. Onu da deyim ki, onlayn məşqlər effekt vermir. Məşq belədir ki, bir-birimizi eşidirik, gözümüzün içinə baxaraq cavab veririk. Onlayn məşqdə isə mizanları edə bilmirik, bəs onlayın necə mizanlar necə olacaq?. Uzun illərin aktyoru kimi səhnənin tozu üçün, projektor, tamaşaçılar üçün darıxıram.
Bu gəlişi gözəl söz deyil, zaldan gələn enerji , tamaşaçı alqışı üçün darıxıram. Aktyorlar arasında belə bir söz var “Axşam evə alqış aparırıq” kimlərsə pul, qızıl aparır biz də alqış.

Tamaşaçılarıma, xalqımıza məsləhət görərdim ki, xəstəliyin ciddiliyinə inansınlar. Bu xəstəliyin müalicəsi olmadığına görə qorxuludur. Maska taxın, spirtnən əllərinizi tez-tez dizenfeksiya edin. Burda çətin heç nə yoxdur, özünüzü qoruyun.

Teatr və kino aktyoru, Xalq artisti Pərviz Məmmədrzayev:

– Karantin rejimini çalışdığım qədər qaydalara uyğun evdə keçirirəm.Amma onu deyə bilərəm ki, tamaşaçılar üçün çox darıxıram. Çünki oyunumuzun hər addımını izləyən, daxilində onu dəstəkləyən, günahlandıran, haqq qazandıran tamaşaçı olmasa, teatr lazımsızdır. Tamaşaçı teatrın ən birinci vacib elementi, komponentidir. O ki,qala bəzi teatrlar onlayn məşq keçir.Amma onlayn məşqlər çox səmərəsizdir. Çünki teatr canlı sənətdir. Onlayn qaydada məşq keçmək , şüşə arxasından yemək yemək kimi bir şeydir. Pandemiya deyilən bir şeyin olmadığını Dünya Səhiyyə Təşkilatı da etiraf etdi. Bu başqa oyunlardır. Sadəcə, özümüzə yazığım gəlir.

Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyeva:

– Çalışıram ki, evdə vaxtımı səmərəli keçirim. Maraqlı filmlərə baxıram, köhnə tamaşaları izləyirəm. Teatrımızda onlayn məşqlər keçirilsə də mən iştirak etmirəm, çünki yeni tamaşalarda rol almamışam.Bir aktrisa kimi təbii ki, səhnə üçün çox darıxıram. Səhnə mənim həyatımın bir parçasıdır, tamaşaçılar isə ruhumun mayakıdır. Həyat keşməkeşlə dolu olsa da yenə də şirindir. Biz onu bəlkə də sağlam olanda o qədər fəriqinə varmırıq. Amma xəstəlik bizi cənginə alanda hər şeyimizi qurban verməyə hazır oluruq, təki sağlamlığımıza qovuşaq. Pandemiyanın uzun sürməsi insanların psixoloji durumuna təsir edir. Səbr edib özümüzü qorumalıyıq, Allahın bəxş etdiyi ömürə dəyər vermək lazımdı.

Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyev:

– Hamı kimi evdə oluram, maraqlı filmləri izləyirəm, həyətdə işləyirəm. Aktyor kimi onlayn məşqim olmasa da, amma müəllim olaraq tələbələrimə aktyor sənətindən onlayn dərs keçirəm.
Doğrudur onlayn dərs prosesi çox çətin olsa da, tələbələrimlə bunun öhdəsindən gəlməyə çalışıram. Aktyor kimi onu deyə bilərəm ki, həmkarlarımla eyni düşüncədəyəm, mən də tamaşa, səhnə üçün çox darıxıram. Nə qədər tamaşaçılar yoxdu, biz onları hiss etmirik, bizim üçün çox çətindi və darıxırq. Ümid edirəm yeni mövsümdə hər şey yaxşı olar. Fürsətdən istifadə edib onu deyə bilərəm ki, insanlar lazım olmadığı halda çölə çıxmasınlar. Gigeynik qaydalara əməl etsək, biz bunun öhdəsindən gələcəyik.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru,Əməkdar artist Nazir Rüstəmov:

– Adi günlərdən fərqli olaraq daha çox mütaliə edirəm. Bir neçə şeir də yazmışam. Yerli və əcnəbi tamaşalara, filmlərə baxıram. Obrazlarımı təkrarlayıram , amma onlayn məşqlər edirik. Onlayn məşqin effektinə gəlincə isə , müəyyən mərhələyə qədər effekt verə bilər. Aktyorun və rejissorun öz üzərində işi daha vacib, maraqlı və effektlidir. Səhnə, tamaşaçılar , aktyor və dostlarım üçün də çox darıxıram. Səbirsizliklə pandemiyanın bitməsini gözləyirəm ki, sadaladığım insanlara, səhnəyə sağlam qovuşa bilim. Pandemiya dövründə tamaşaçılarımız səbirli olsunlar, qanunlara riayət etsinlər, idmanla və mütaliə ilə ardıcıl məşğul olsunlar. Hər bir aktyor kimi mən də öz tamaşaçılarımı çox sevirəm.

Akademik Dövlət Musiqili Teatrın aktyoru, Əməkdar artist Nadir Xasıyev:

– Bildiyiniz kimi üç aydır ev şəraitində karantin rejimindəyik. Amma aktyor, sənət adamı olaraq yaradıcılıqla məşğulam. Dünya və çağdaş Azərbaycan ədəbiyyatıdan maraqlı əsərlər oxuyuram. Teatrda bir neçə tamaşalarımızın məşqi yarımcıq qalmışdı. Buna görə də yaranmış vəziyyətlə bağlı teatrımızda onlayn məşq sisteminə keçmişik, yarımcıq qalmış tamaşalarımızın məşqini bu yolla idarə edirik. Səmimi bir söz deyim ki, belə vəziyyətdə səhnənin,tamaşaçının qədrini daha çox bilirik.

Uzun illər səhnədə tamaşaçı ilə üz-üzə qalan bir insan üçün müvəqqəti də olsa, çətindi. İnşallah yenidən müqəddəs səhnəyə qayıdarıq. Pandemiya ilə bağlı tamaşaçılarımıza onu deyə bilərəm ki, qaydanı pozmaq hünər deyil. Çalışıb səbrli olub qaydalara riayət etsinlər. Nə özlərinə təhlükə yaratsınlar, nə də ətrafdakılara.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Mətanət Eres:

– Digər həmkarlarım kimi çalışdığım qədər evdə oluram. Gün ərzində filmlərə baxıram, kitablarla mütaliə edirəm. Yeni tamaşaların onlayn məşqlərinə gəlincə isə,bizim sənət canlı sənətdi. Teatrda canlı məşqin yerini heç nə verməz. Tamaşaçılarıma isə, bir dost kimi məsləhət verim, özlərini qorusunlar. Qayda-qanuna əməl edək ki, bu bəladan tez xilas olaq. Hamımız bir olsaq dünyamız yenə də öz gözəl günlərinə qayıdar.

Akademik Dövlət Musiqili Teatrın aktrisası Ülviyyə Əliyeva:

– Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qaydalarına əməl edirəm. Çalışdığım qədər sosial məsafəyə diqqət edirəm,üz maskasız və spirtsiz çölə çıxmıram. Karantinlə bağlı onlayn məşqlər keçirilsə də, canlı məşqlər kimi effekt verə bilmir. Çünki bizim sənət canlı sənətdi, canlı ünsiyyət olmalıdır. Gərək tərəf-müqabil ilə göz-gözə, üz-üzə məşqlər olmalıdı. Amma karantin durumunda onlayn məşqlər keçirik ki, sözlərimizi unutmayaq, passiv olmayaq. Tamaşaçılarımız üçün çox darıxıram,çünki onlar olmasa bizdə olmarıq. İnşallah vəziyyət düzələr, tamaşaçılar bizə, biz də tamaşaçılarımıza qovuşarıq. Amma biz daimi tamaşaçılarımızı fikirləşirik ki,tamaşaçılarımız bizim üçün darıxmasın. Akademik Musiqili Teatrın YouTube kanalında “qrim otağı” verlişi hazırlanıb.Teatrımızı sevən bütün tamaşaçıları həftənin şənbə-bazar günləri yayımlanan verlişə baxmağa dəvət edirəm.

Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədova:

– Karantin dövründə günümü daha çox film izləməklə,elektron kitabları dinləməklə, Çexov sisteminin treninqlərini öyrənməklə keçirirəm. Teatrda onlayn məşqlər keçirilsə də, mən yeni tamaşalarda yoxam. Amma Vaxtanqov adına teatrın onlayn səhnə danışığı məşqlərinə qatılıram.Hərdən çox yaxşı effekti olur. Aktrisa kimi isə tamaşaçılar üçün çox darıxıram. Amma daimi tamaşaçılarımla sosial şəbəkə vasistəsi ilə tez-tez yazışırıq, ürək dirək oluruq bir-birimizə. Fürsətdən istifadə edib deyim ki, mütləq qanunlara riaəyət etmək lazımdır. Maska taxsınlar, zərurət olmadıqda çoxluq olan məkanlara getməsinlər. İşsiz qalan adamları düşünsünlər, insanlar yenidən əvvəlki həyatlarına qovuşmaq istəyirlər. Biz gərək eyni məqsəd uğrunda çalışaq.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button