Araşdırma

Pandemiyadan sonrakı işsizlik-ARAŞDIRMA

Pandemiyadan sonrakı işsizlik
Dünyanın ən böyük bəlasına çevrilən koronavirus (COVİD-19) pandemiyasının yaratdığı ən böyük iqtisadi çətinliklərindən biri də bir sıra özəl müəssisələrin bağlanması, yaxud da müəssisələrin işçiləri ixtisar etməsi oldu.

Aprelin 7-də Cenevrədə Beynəlxalq Əmək Təşkilatının sədri Qay Rayder koronavirus böhranı ilə bağlı video konfransda qeyd etmişdir ki, bu ilin 2-ci rübündə qlobal miqyasda iş saatının 6,7 % azalması ilə 195 milyon insan işsiz qalacaq. Milyonlarla insanın işsiz qalması yalnız iqtisadi böhran deyil, eyni zamanda bir çox sosial, məişət və başqa böyük problemlərin meydana gəlməsinə yol açır.

Analoq.az saytı “Pandemiya dövründə yaranan işsizlik probleminin həllini nədə görürsünüz?” sualını insan resursları üzrə mütəxəssislərinə yönləndirib.

İnsan resursları üzrə mütəxəssis Toğrul Həsənli problemin həllini yeni vakansiya elanlarının çoxaldılmasında və tələblərin nisbətən yüngülləşdirilməsində görür: “Pandemiya dövründə yaranan işsizlik (ixtisarlar, iş yerlərinin bağlanması və s.), pandemiyadan erkən yaranan işsizlik (işçinin və ya işəgötürənin qarşılıqlı razılığı ilə) məsələnin həllində ilk növbədə çoxistiqamətli dövlət proqramları (sosial ödənişlərin kəsilməzliyi, işsizlikdən sığortanın əhatə dairəsinin genişlənməsi və s.) və sahibkarların fəaliyyətləri önəmli rol oynayacaq.

Düşünürəm ki, bu məsələdə əsas mövqeni dövlət və sahibkarlar qoyacaq ki, bunun da əsas xətti sahibkarlıq subyektlərinin genişləndirilməsi və yeni iş yerlərinin açılması və aztəminatlı ailələr üçün yeni sosial layihələrin yaradılması olacaq.

Bildiyimiz kimi pandemiya dövründə bir çox bankların və bəzi sığorta şirkətlərinin də əməkdaşları işsiz qaldılar. Yaxşı olar ki, digər həmkar təşkilatlar həmin bağlanan orqanların ixtisaslı kadrlarını işlə təmin etsinlər.

Digər işsiz şəxslər də balanslaşma ilə (vakansiyaların ictimaiyyətə təqdim olunması, sosial layihələr, yeni iş yerlərinin açılması) ilə yeni işlərinə sahiblənə bilərlər. Məsələn məşğulluq mərkəzlərində və şirkətlərdə toplam sayda minlərlə açıq vakansiya var ki, hazırda daha uyğun namizəd axtarışdadırlar.

Yaxşı olar ki, sırf bu pandemiya dövründə əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün həmin vakansiya tələblərini nisbətən yüngülləşdirsinlər”.

İnsan resursları üzrə mütəxəssis Almaz Erbay bildirir ki, müəssisələr öz zərərini qarşılaya bilsələr və köhnə səmərəliliyi idarə edə bilsələr, problem həll oluna biləcək: “Pandemiya dövrü həm işəgötürənə, həm də işçiyə mənfi təsiri olmuşdur. Hələ də bu proses davam etməktədir.

Pandemiya səbəbilə bağlanmaq məcburiyyətində qalan iş yerləri işçi çıxartmağa məcbur qalmışdılar. Zənnimcə, pandemiya dövründə normal həyata döndüyümüz bu dövrdə müəssisələr öz zərərini qarşılamağa başladıqda və köhnə səmərəliliyi idarə edə bildikdə yenidən işə qəbul və işə götürmə tələb olunacaq.

Bu zaman ya köhnə işçilər yeni bir işə başlayacaq, ya da işlərinə sadiq qalanlar, hələ də iş tapa bilməyənlər köhnə iş yerlərinə qayıdacaqlar. Ancaq düşünürəm ki, bu proses daha da uzun çəkəcək. İnsanlar özləri də böyük qorxunu da dəf etməlidir ”.

Aynurə Niyazqızı

Analoq.az

Daha çox
Back to top button
Close