Yazarlar

“Peyğəmbər nəslinə, İmam şəcərəsinə məxsus ibadət əhli koronavirus bəlasının ötüşməsi üçün dualar etməlidirlər”-TƏTQİQATÇI

Dinimizə görə hər hansı bir fövqəladə hal baş verəndə, zəlzələ, şiddətli külək, qasırğa, əksəriyyətin qorxusuna səbəb olan hadisə, indiki dillə desək, pandemiya kimi olaylar meydana çıxanda xüsusi namazlar qılınıb məxsusi dualar edilməlidir. Allah-Təala yanında ən təmiz, ən əməlisaleh şəxslərin, misal üçün peyğəmbər soyundan olan adamların başçılığı ilə ilahi dərgaha əl açılmalı, yalvarılmalı, tövbə – istiğfar edilməli, qurbanlar kəsilməli, mövcud bəlanın uzaqlaşması üçün minacat edilməlidir.

Peyğəmbərin vəfatından sonra şiddətli quraqlıq baş vermiş, ikinci xəlifənin xahişi ilə peyğəmbərin əmisi Abbasın vasitəçiliyi ilə Allaha dua edilmiş, nəticədə yağış yağmışdır.

Sonrakı əsrlərdə də kifayət qədər nümunə var ki, İmamların, övliyaların, seyyidlərin, əməlisaleh insanların vasitəsi ilə, vaqe olan bəlaların dəfi üçün dualar edilmiş və qəbul olmuşdur.

Odur ki, ölkəmizdə yaşayan peyğəmbər nəslinə, İmam şəcərəsinə məxsus seyidlər, ibadət əhli olan ağsaqqallar məlum koronavirus bəlasının ötüşməsi üçün dualar etməlidirlər və inanıram ki, edirlər də…

Hər nəfəsdə, hər könüldə bir hikmət var. Hər dildə bir dua var. Musa peyğəmbər zamanında şiddətli quraqlıq baş vermiş, insanlar peyğəmbərdən dua etməsini istəmişdilər, Musa peyğəmbər Turi Sinada Allah təalaya xitab etmiş, nida gəlmişdir ki, sən yox, filan ucqar kənddə yaşayan filan çoban dua etsə mən onu eşidərəm. Baxmayaraq ki, Həzrət Musa peyğəmbər idi, ancaq Allah təala öz hikməti ilə adi bir sıravi insanın dua etməsini istəmişdi. Məhz o şəxsin duası nəticəsində də yağış yağmışdı.

Ona görə də hər kəs dua etsin, çünki hər şey ulu və ali olan Allahın əlində və ixtiyarındadır. Onun izni olmadan bir yarpaq da ağacdan düşməz. Odur ki, hər birimiz dua etməliyik. Dua, dini terminlə desək, insanın Allahla söhbəti, öz xaliqi ilə təmasıdır. Elmi dillə desək, dua müsbət bir enerji, psixoloji yüngüllük və inamdan doğan mistik hadisədir. İnam da bildiyimiz kimi böyük qüvvə, böyük enerji vasitəsidir.

Elmin, tərəqqinin, inkişafın, dövlətlərin, alimlərin qarşısında aciz qaldırırları bu durum haqda ancaq və ancaq Allaha dua etmək, ondan yardım diləmək lazımdır. Bəlkə də bununla Allah öz gücü, elmi, inkişafı, texnologiyası ilə öyünən dünya güclərini məhz Yaradanı unutduqları, onun əmrlərindən çıxaraq dünyada fəsad törətdikləri üçün peşman etmək istədi. Dünyanı fəth edən Makedoniyalı İsgəndəri adi bir ağcaqanadla qızdırma xəstəliyinə yoluxdurub öldürən Allah, insanın təkəbbür və eqoistliklə heç nəyə nail ola bilməyəcəyini vurğulayır.

Odur ki, hacət namazı qılmaqla, dua etməklə, Allaha üz tutmaqla bəşəriyyət bu bəladan nicat tapa bilər. Allah dünyanı, insanlığı, ümmətimizi, millətimizi bu bəladan və ümumi bəlalardan qorusun, amin!

Tural İrfan
İlahiyyatçı,yazar

Daha çox
Back to top button
Close