Cəmiyyət

Tanınmış jurnalistdən həmkarlarına dəstək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Özünü qoru, çevrəni xilas et” adlı Media Hərəkatı yaratmaqla bağlı çağırış edib. Qısa müddət ərzində xeyli jurnalist bu təşəbbüsə qoşulduğunu açıqlayıb. Onların arasında tanınmış jurnalist Etibar Cəbrayıloğlu da var.

Etibar bəy saytımıza açıqlamasında “Özünü qoru, çevrəni xilas et” Media Hərərkatı ilə bağlı düşüncələrini bölüşüb: “Həssas bir dönəmdə yaşayırıq. Bütün dünya yeni növ koronavirusla mübarizə aparır. Pandemiyanın müxtəlif ölkələrdə yaratdığı dəhşətli mənzərə göz qabağındadır. Təəssüf ki, son günlər Azərbaycanda da COVİD-19 adı ilə tanınan bu xəstəliyə tutulanların sayı artır. Belə bir məqamda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, peşəkarlığına görə jurnalistlər arasında böyük hörmət qazanan İradə İbrahimova “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatı ətrafında birləşmək çağırışı ilə vətəndaşlıq mövqeyini ortaya qoydu. Sevinirəm ki, bu çağırış bir neçə saat ərzində mətbuat cameəsində ciddi dəstək qazandı. Tanınmış həmkarlarımın çoxu artıq bu hərəkata qoşulub. Mən də İradə xanımın başlatdığı təşəbbüsü yüksək qiymətləndirirəm.
Açıqladığımız kimi, “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatının amalı bədbəxtliyin evimizə gəlməsinə yol verməmək, əzizlərimizi, dostlarımızı, çevrəmizi virusdan qorumaqdır. Mətbuat təmsilçiləri olaraq, bu təhlükədən uzaq durmaq üçün qoyulan tələblərə əməl edilməsinin vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcəyik”.

Etibar Cəbrayıloğlu pandemiyanın yaratdığı fəsadları ciddiyə almayan, virusdan qorunmaq üçün qoyulan tələblərə əməl etməyən vətəndaşlarımızı bu hərəkətlərdən çəkinməyə çağırıb: “Vəziyyət həqiqətən də ciddidir. Bunu ətrafımızda, tanıdığımız insanlar arasında koronovirusa yoluxanların, həyatlarını itirən yaxınlarımızın sayı bir daha sübut edir. Con Donn demişkən, kilsə zənginin harayını eşidəndə soruşma ki, bu zəng kimin üçün çalınır. Bu zəng sənin üçün çalınır.
Məsələnin ciddiliyini dərk edək, özümüzü qoruyaq, çevrəmizi xilas edək”.

Daha çox
Back to top button
Close