Manşet

Təhsil tələbə krediti ilə bağlı cəmisi bir bank və bir sığorta şirkətinin seçilməsi risklidir

Samir Əliyev: "Ggələcəkdə kreditlərin maliyyələşdiriməsində fasilələr yarada bilər"

Təhsil tələbə krediti ilə bağlı brifinqə baxdım. Diqqətimi bir məsələ cəlb etdi. Söhbət müvəkkil bankın və sığorta şirkətinin seçiməsi ilə bağlıdır. Məlum oldu ki, digər güzəştli maliyyə mexanizmlərindən (ipoteka, sahibkarlığa dəstək və s.) fərqli olaraq bu maliyyələşmə mexanizminə cəmisi bir bank (Kapital bank) və bir sığorta şirkəti (Paşa Həyat) xidmət göstərəcək. Bu halda ortaya suallar çıxır. Digər banklar və sığorta şirkətləri niyə kənarda qalıb? Kapitalbankı və Paşa Həyatı hansı prinsiplə seçiblər? Bu barədə tender keçirilibmi? Hansı üstünlüyə görə Kapitalbank seçilib? Böyüklüyünə və şəbəkələşməyinə görə Beynəlxalq Bankdan geri qalır. Xidmətin keyfiyyətinə görə ondan üstün xeyli özəl banklar var.
Əslində xidmət üçün cəmisi bir bank və bir sığorta şirkətinin seçilməsi risklidir və gələcəkdə kreditlərin maliyyələşdiriməsində fasilələr yarada bilər. Bu risklər nədən ibarətdir?
Birincisi, reytinq uyğunsuzluğunun yaranması riski. “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın 6.2.5-ci maddəsinə əsasən, müvəkkil bankın kredit reytinqi beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olmalıdır. Hazırda müvəkkil bank olan Kapitalbankın reytinqi ölkə üzrə verilmiş reytinqdən maksimum səviyyədə – iki pillə aşağıdır. Həm Moody`s, həm də S&P reytinqləri üzrə fərq 2 pillədir. Fərz edək ki, sabah bu reytinq agentlikləri Azərbaycanın reytiniqi bir pillə qaldırdılar və ya müvəkkil bankın reytinqini bir pillə aşağı saldılar. Bu halda necə olacaq? Bu o deməkdir ki, qanunvericiliyin tələblərinin təmin olunması üçün bütün əməliyyatlar dayandırılaraq yeni müvəkkil bank müəyyənləşdirilməlidir.
İkincisi, müvəkkil bankın ləğv edilməsi. Adıçəkilən Qaydanın 6.9-cu maddəsinə görə, müvəkkil bankın lisenziyası ləğv edildikdə, Fondun həmin bankda qalan vəsaitinin qaytarılması ləğvedici tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun ödənişlərin növbəliliyi əsasında həyata keçirilir. Əgər nəzəri olaraq bu hal baş verərsə, həmin maddəyə görə, ilk növbədə sığortalanmış əmanətlər, sonra ləğvedicinin pulu, daha sonra bədən xəsarəti almış bank işçilərinin vəsaitləri, dövlət büdcəsinə ödənişlər icra edilir. Əgər pul qalarsa sonra Fondun pulları qaytarılır. Belə olan halda milyonlarla vəsaitin taleyi sual altına düşür.
Üçüncüsü risklərin diversifikasiya olunmamasıdır. Belə ki, həm bank, həm də sığorta şirkəti eyni qrupa daxildir. Yəni həm Kapital bank, həm də Paşa Həyat şirkəti Paşa Holdinq Qrupuna daxildir. Bu isə risklərin diversifikasiya olunmaması baxımından arzuolunan hal deyil.
Hər bir halda həm Sahibkarlığın İnkişafı Fondu, həm İpoteka Fondu, həm də digər institutlar vasitəsilə reallaşdırılan maliyyələşmə mexanizmlərinə çoxlu sayda müvəkkil banklar və sığorta şirkətləri cəlb edilib. Bu təcrübə bizdə var. Bəs bu halda niyə indi digər banklar və sığorta şirkətləri prosesə buraxılmır? Söhbət vergi ödəyicilərinin, Azərbaycan vətəndaşlarının pullarının taleyindən gedir. Bütün prosedurlar şəffaf, açıq və hesabatlı olmalıdır. Əks halda son vaxtlar hökumətin elan etdiyi “ağarma” siyasəti şüarçılıqdan uzağa getməyəcək.

Samir Əliyev, iqtisadçı-ekspert

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button