Cəmiyyət

Qərbi Azərbaycanlı ağsaqqalımız – ABBASOV SEYFULLA…

Qərbi azərbaycanlı ağsaqqallarımız, ağbirçəklərimiz
Yaxın yoldaşın, dəyərli dostun portret cizgiləri
(Sənədli avtobioqrafik oçerk)
Mənim üçün əsla unudulmayan, doğmadan doğma yurd yerim – qədim
Ağbaba –Şörəyel elində uşaqlıq, yeniyetməlik dövründən indiyədək ünsiyyət bağladığım bir şəxsiyyət tanıyıram, “yerin altına da bələddir, üstünə də”.
Həmin ünvanda sonralar yaxın yoldaş, dəyərli dost və sirdaş olan qeyrətli bir kişi tanıyıram, son dərəcə işgüzar və səmimi, mehriban, böyük-kiçik yeri bilən, necə deyərlər,”klass” avtobus sürücüsü!…
Oxucu ilk cümlələrdəncə yəqin sezmiş olar söhbətin kimdən getdiyini və durub deyər ki, yəqin bu, Seyfulladır, – Abbasov Seyfulla! Haqlısan, balam, düz tapmısan,”məclisimizin” bu günkü “qonağı” bütün Ağbaba – Şörəyeldə qədim türk məskəni Amasiyada böyük-kiçik hamının dərin hörmətini qazanmış adi sürücü, sənətinin kamil birincisi, elə “kənar” işlərdən də yaxşı baş çıxaran Seyfulla Rəsul oğlu!
Bu qeydlər onun barəsindədir. Halal bir ailənin ilki, mərd yetirməsi barəsində dost sözü, qardaşlıq töhfəsidir deyilənlər!
***
Əzizim Seyfulla, sən Daşkörpü kəndində, qulluqçu ailəsində, mənsə Qaraçantada (Əzizbəyovda) ziyalı, müəllim ailəsində doğulmuşuq. Tanışlığımızın, dostluğumuzun kökləri barədə məlumatım yetərincədir, onları yeri gəldikcə bütün “detalları ilə” ortaya qoymağa çalışacağam.
Atan, Seyfulla, eldə-obada sayılıb-seçilən mühasib idi. Rayon torpaq şöbəsində, müxtəlif kolxozlarda, sonradan Qarabulaq eksperimental damazlıq sovxozunda mühasib işləmişdi. Kollektivlərdə, camaat arasında dərin hörmət qazanmışdı. Sənətini əla bilirdi. Sadəcə kurs bitirmişdi, ancaq mükəmməl təhsil görmüş mühasibləri kölgədə buraxan qulluqçu idi. Çoxlarının bacarmadığı “balans tərtibində” bütün həmkarlarına nümunə göstərirdi. O ki qaldı insanlığına, rəftarına, adamlara olan münasibətinə, Rəsul Abbasovu (əksəriyyətimiz əmi deyə müraciət edərdik) heç kimlə müqayisə etmək olmazdı: diqqətli, böyük-kiçik yeri bilən, hamının köməyinə çatan işçi idi. Bir dəfə də olsa onun kiməsə əsəbləşdiyini,sözünü ucadan dediyini görüb-eşidən olmamışdı. Vətən müharibəsi illərində cəbhədə yaralanmış,vaxtından əvvəl tərxis olunub dinc əməyə qayıtmışdı.
Bu baxımdan bizimki gətirmədi. Atam Fərhad Rəcəboğlu əsrin 30-cu illərinin əvvəlində İrəvan Pedaqoji Texnikumunu bitirimiş, ucqar Təpəköy məktəbində təzəcə təşkil olunmuş məktəbdə müəllimliyə başlamışdı. Qiyabi yolla ali təhsilə davam edirdi, iki il sonra bu mərhələni də başa vuracaqdı. Sonuncu iş yeri rayon mərkəzindəki Amasiya kənd beynəlmiləl orta məktəbi olmuşdu. Ailəmizə müəllimlər üçün ayrılmış kabinet-evlərdən bir otaq vermişdilər. 5 nəfərlik ailə burada yaşayırdıq. Üç yaşıma 2 ay qalmış, 1939-cu ilin bir qış günü (vaxtı,zamanı sonralar əmioğlum, mərhum Baxşəli dəqiqləşdirmişdi) atamı əsgərliyə aparırlar.Uşaq olsam da, bəzi məqamlar yadımda yaxşı qalmışdı. Ata məktubları, baba, ana, biz körpələr üçün yeganə sevinc mənbəyi, təsəlli idi. O, yazmışdı ki, inşallah, tezliklə görüşərik. Ancaq dünya müharibəsinin başlanması hər şeyi alt-üst etdi. 1941-in dekabrında atamın “qara kağızı”gəldi.
Sonralar, mən yaşa dolduqca nəslin şəcərrəsini araşdıranda, Seyfulla, ata-babalarımızın, onların davranış və oxşar cəhətlərini yan-yana qoyduqda xeyli bənzər cəhətləri görüb sevinmişdim. Aramızdakı dostluq, yaxınlıq, ümumən fikir və ideya birliyi, bu xoş məqamların yeni təzahür forması olduğuna inanmışdım. Düzlük, halallıq, mənəvi təmizlik, heç kimin malında, dövlətində gözü, sözü olmamaq deyilən fikrin təsdiqi kimi hər an səslənməkdədir. Açığını deyək, babaların, elə ataların da həyatında vaxtaşırı oxşar cəhətləri axtarıb tapmaq elə də çətin deyildi.
***
Ötən əsrin 30-cu illərindən başlamış bizim Qaraçantada imkanı olanlar yeni dam-daş salır, təzə evlərə köçürdülər. 1934-35 illərdə atam da baba evinə bitişik yerdə (illər divara həkk edilmişdi) otaq, koridor, təndir damı-aşxana tikdirmişdi. İş yeri tez-tez dəyişdirildiyindən (bir il də o, Dərələyəz də, Herher kəndində işləmişdi) biz yeni “kompleksimizdə” çox da yaşamadıq. Bunları da mənə böyüklər danışıb. Atam orduya gedəndən sonra biz Amasiyadan öz evimizə köçdük.Az sonra baba bizi də öz himayəsinə götürdü. Ata evimiz boş idi. 1944-cü ilin yayında atan Rəsul Abbasov bizim kənd kolxozuna mühasib göndərilir. Babam Rəsul əminin xahişi ilə ailənizi bizim evdə yerləşdirir. Beləliklə, Seyfulla, səninlə biz “bir evli”olduq. Tanışlığımızın, sonradan yaranan sıx ünsiyyət və dostluğumuzun bünövrəsi də bu vaxtdan başlayır. Yaş fərqimizin də böyük olmaması “prosesi” bir qədər də sürətləndirir. Sən indi 86-nı başa vurursan, mənsə 85-imə yaxınlaşıram.
Sən ikinci sinfə başlayacaqdın,mənsə birinciyə ayaq açacaqdım.
***
Ailənizin kənddə məskunlaşması ilə məhəllədə çox şey dəyişdi. Mövsümlə bağlı müxtəlif oyunlara daha çox yer verirdik: ”Çiling–ağac”,”aşıq-aşıq”,”cız”,”saqqa-daş” oynayar ,”cırcır” sürərdik. Çox vaxt günbatanadək başımız bu oyunlara qarışardı. İçimizdə bir rus balası da var idi –Yahurka. Kolxozda taya quran Molokanın oğlu idi, Bogdanovka rayonundan (Gürcüstandan) gəlmişdilər.
Yaxşı yadımdadır, əzizim Seyfulla, ”divar–divara” yaşadığımız illərin ilk dövrlərindən sən öz maraq dairən, səriştən, fantaziyanla hamıdan zirəng idin, dəstəmizin bir növ “Kapitanı” sayılırdın. Əkin sahəsindən toxumsəpən aqreqatın atılmış detalını tapıb gətirmişdin. Bir ucu quş dimdiyini xatırladırdı. Səpində kəsəkləri parçalayan doğrayıcı diski bərkidib dəyənətli edən detal. Öndən iri yarığı var idi, arxa boş. Bunu bir növ “taxıl döyən maşına” bənzədirdin. Bir əllə maşını tutar, digəri ilə topladığımız samanı küləş əvəzi “taxıldöyənin” yarığından keçirər, guya dəni samandan “ayırar”və sevinc, təbəssüm yaradırdın…
Onda bu “yolun” hara aparacağı heç birimizin ağlına gəlməzdi. Ancaq mən uşaq ağlım ilə yəqin etmişdim ki, deyəsən Seyfullanın texnikaya, dəmir-dümürə olan marağı hər şeydən yüksəkdir.
Sonra məktəb başladı.Mən birinci sinfə getdim, Seyfulla, sən ikinciyə qədəm qoydun. Adicə kağız, dəftər, karandaş tapılmırdı. İlk dərslərdə bizə yazmaq üçün “dəftər” adına 8-10 vərəqlik “Kolxozçunun əmək kitabçası”nı payladılar…
***
Əziz dost, elə buradaca qayıdıram genimizin, əxlaq və tərbiyəmizin bünövrəsini, köklərini müəyyənləşdirən ata-babaların insanlığına, halallığına, düzlüyünə, camaat arasında sayılıb-seçilmələrini müəyyənləşdirən cəhətlərə. Adətən bu “titulu” qazananları eldə-obada “imam övladı”kimi dəyərləndirərdilər. Babaların həyat yolundan, insani keyfiyətlərindən deyilənlərə dair bəzi epizodları gətirərdim.
Sənin Abbasəli baban ilə görüşüb tanış olanda o kişi 75 yaşı haxlamışdı. Sakit, asta danışan qoca idi . Sarıyanız, camalıgöyçək görkəmi var idi. Al yanaqları kişinin simasını daha xoşagəlim və cazibədar edirdi. Evdə, ailədə onunla bağlı maraqlı söhbətlər gəzirdi. Keçmişdə baba yaz ağzı yolunu qonşu Düzkənd kəndindən salıb imkanlı sahibkardan bir boyun ökuz və yer şumlayan “cüt” istəyir. Deyir ki, çöldə kiçik sahəm var, onu şumlayıb toxum səpəsiyəm. Sahibkar babanın xahişini yerinə yetirir. Səhərisi baba əkinə başlayır. İki gün keçməmiş çuğul qonşu yolunu
Düzkənd kəndindən salıb sahibkara olmazın böhtan danışır: Abbasəli sənin öküzlərini ac saxlayır,bütün günü işlədir, ara bir də çubuğu çəkib mal sahibinin “keçmiş-keçənini” dilə gətirir…
Sahibkar daxilən qəzəblənsə də, özünü o yerə qoymur və çuğulu sakitləşdirir: Darıxma, hər şeyi mən yoluna qoyaram, -deyir.
Səhəri sahibkar atını minib babanın “iş yerinə” sürur və kənarda dayanıb bütün “prosesi”izləyir. Görür ki, çuğulun dedikləri başdan –ayağa yalandır. Budur, Abbasəli öküzləri haraylayıb “cütün” gavahınını şırıma yönəltdi, tələsmədən sahənin başına çatdı və eyni ahənglə də geriyə dönüb sona yetəndə öküzləri ot xorumuna tərəf döndərib yemlədi, 5-10 dəqiqə dayanıb heyvanlara dinclik verdi və yenidən durub işinə davam etdi. Şırımın ortasında dayanıb əlini göyə qaldırdı, nəsə bir ayin yerinə yetirib, sonra öküzləri harayladı…
Hər şey yerli-yataqlı varlıya aydın olduqdan sonra sahibkar kişinin yanına gəlir, hal-əhval tutur və sonda soruşur: Əkin vaxtı dayanıb əllərini göyə açdın, nəsə elə bir ayin yerinə yetirdin. Bunun mənasını, sirr deyilsə mənə söylə. ”Cütçü”cavab verir ki, çox sağ ol, sən mənə bu qədər yaxşılıq edib bol ruzu üçün gözəl imkan yaradıbsan. Əllərimi göyə açıb sənə Allahdan cansağlığı, xoş günlər diləyirdim…
Söhbət bura çatanda sahibkar Abbasəli babaya deyir: Halalın olsun ki, kişi, mən səni gördüm, oxudum. Hər şeyi götür-qoy et, daha nə işin varsa hamsını görüb qutar, sonda öküzləri gətirərsən. Sən əsl Allah adamısan, inşallah, ruzun da həmişə bol olacaq…
Abbasəli babanın özünə məxsus bir sıra qəribəlikləri də var idi, heç kim də eşidib-görmədiyim qəribəlik. Bunların çoxu onun nitqində, danışığında, hərəkət və simasında əks olunurdu. Az danışardı, ancaq yeri gələndə bu ifadəni tez-tez “işə salardı”: ”Həllə, canı çıxmış”…Həm də bu kəlmələr gülüş yaradar, maraqla qarşılanardı.
Yaz başı qapıya yığılan su gecə şaxtanın təsirindən buza çevrilərdi. Baba səhərlər lom, qazma ilə onu sındırıb kənara atardı ki, həyət-baca tez təpisin. Bibimin üç yaşlı qızı Səmayə (rəhmətlik) nadinclik edib əl-ayağa dolaşanda kişi deyərdi: Ay Kamala, həllə, canı çıxmış, qaç ananın yanına, indi sənə küskü-müskü dəyi, canını alı…
Kişinin bu qəbildən olan növbəti deyimi Daşkörpüdə sonralar şən bir lətifəyə çevrilmişdi. Belə danışırlar ki, Abbasəli babanın qarısı Ziynət nənə körpəlikdə məşəqqətli həyat yolu keçmişdi. O, İrəvan yaxınlığındakı kəndlərdən birində dünyaya gəlibmiş. Əsrin əvvəlində qızışan erməni–müsəlman “qarşıdurması” zamanı bir möcüzə nəticəsində salamat qalmış, 7-8 yaşlı uşağın yolu sonralar Talin rayonunun Əşnək kəndindən düşür və onu – Ziynət Qəlib qızını oradan tanışlardan düzkəndli Kərbalayi Məhəmməd atının tərkinə alıb Daşkörpüyə çatdırmışdı.
Bir sözlə, “başı bəlalı” qız həm də zarafatcıl və hazırcavab imiş. Sonradan onu Abbasəli baba ilə evləndirmişdilər. Nənə kişiyə ərkyana bir “ayama” da qoyubmuş: ”büzələk kişi”. Bu da səbəbsiz deyildi.Baba yeriyəndə, dayananda da qollarını elə bil bədəninə kip sıxardı, büzüşük görkəm alardı. ”Ayama”da buradan “start”götürmüşdü”.
Axşam üstü nənə tələsik babanı səsləyir: Ay büzələk kişi, durma, tez ol, özünü yetir həvəçi qadına, gətir gəl, gəlin uşağa yatır. Baba dərhal özünü çölə atır. Nə görsə yaxşıdır? Elə şıdırğı yağış yağır ki, necə deyərlər, tut ucundan, çıx asimana.Göy guruldayır, şimşək çaxır,bayırda bir qorxunc vahimə var. Kişi vəziyyəti görcək tez geri dönüb deyir: Çöldə qiyamətdir, bu havada mən hara gedə bilərəm,həllə, canı çıxmış ,deynən qoy qalsın sabaha. Nənə daha ucadan səslənir: Gör evdə nə varsa sal çiyninə,bilmirəm, tez həvəçini tap gətir! Sonra gec olar,gəlin əldən çıxar…
Çarəsiz qalan baba çıxıb tapşırığı yerinə yetirir. Ancaq bu həyəcanlı dəqiqələrdən Daşkörpüdə şən bir lətifə yaranıb, xalq dilinə daxil olur: ”Həllə, canı çıxmış, deynən qoy qalsın sabaha “…
***
Öz babam Alməmmədli nəslinin cəfakeş oğlu, el ağsaqqalı Rəcəb Əşrəf oğlu Əsgərov (1881-1967) ilə bağlı “deyim”və “duyum”ların isə sayı daha çoxdur. O ki qaldı babanın iş və əməli keyfiyətlərinə, mənəvi – əxlaqi dəyərlərinə, bunlardan, yalan olmasın, dastan yazmaq olar. Söhbət saldığım dövrdə babamın 70-ə yaxın yaşı var idi. Kolxozda işləyirdi. Əsrin 30-cu illərinin sonlarından təsərrüfatda bostançılığı ona həvalə etmişdilər. Əvvəllər “ Qarakah”ya adlanan sahədə, Arpa çayının kənarındakı su dəyirmanının ərazisində başlamış, sonralar sututar digər torpaqlarda-“Məmmədağada”, ”Köhnə yaylada”, ən nəhayəti isə 7-8 il “Köhnə dəyirman” deyilən yerdə. Əvvəlki illərdə kişinin köməkçisi də olardı, axırda isə tək işlədi,”yançıları”isə biz qardaşlar: Mən və Hamlet babaya həyan olduq, onu Arpa çayının kənarındakı ucsuz-bucaqsız qayalıqlar əhatəsinin dərin dərələrində tək qoymadıq. Amasiya orta məktəbində təhsil alarakən dərsdən qayıdıb yolumuzu bostandan salar, babanın yeməyini gətirər, sonra da kətmən vurar, sahəni suvarmaqda, ot biçib yem toplamaqda (özümüzə) babaya yardımçı olar, çıraq işığında dərs oxuyar, səhər erkən də dərsə yollanardıq…
Müharibədən sonrakı illər (1946-50) rayonda çox ağır keçdi. Çörək çatışmırdı, kolxozlar əmək gününə cüzi taxıl bölürdü. Camaat məcbur qalıb başqa ünvanlara üz tuturdu. Ancaq babamın işgüzarlığı, halal zəhməti, üzünün nuru sayəsində təknəmizdən çörək əskik olmadı…
Babam Rəcəb Əşrəfoğlu rəhmdil və alicənab insan idi. Adamlara əl tutmasının, kasıblara yardım etməsinin hər an şahidi olmuşam. Başqa sözlə, kişi insanlıq mücəssiməsi idi. Görüb eşitdiklərimdən təkcə birisini deyəcəyəm.
Beş yaşım olardı. Evimizin damına çıxmışdım (onda şifer örtükləri olmazdı). Nənəmin əmioğlusu Dahar (Tahir) dayının evi, bizimkindən araxada idi. Gördüm ki, kişi bir neçə nəfərin əhatəsində evin qabağındakı “örtmədən”çölə çıxdı. Ancaq çiynində bir şaqqa ət var idi.Belə şey görmədiyimdən ayaq saxladım. Nəsə, mübahisə edirdilər. Ancaq mən bu mənzərənin “mətnaltı” mənasını dərk edə bilməzdim. Sonradan belə məlum olur ki, Dahar dayının inəkləri naxırdan qapıya qayıdanda arxasınca bir cöngə də gəlir. Dayı malları içəri salanda fikirləşir ki, cöngə də girsin tövləyə, səhəri hamsını bir yerdə naxıra sürərəm.
Dayı dəmirçi yanında köməkçi işləyirdi. Ucaboy, möhkəm əzələli kişi idi.Ona həm də kənddə gecə qaravolçuluğu həvalə edilmişdi.
Gecənin bir vaxtı kişi evinə dəyəsi olur, tövləyə baş çəkir. Nəsə ,elə bil girir şeytan qəlbinə, tutub cöngənin başını kəsir. Mal da olur Qənbər adlı həmkəndlisinin. Qənbər Kərimov elə-belə adam deyildi,əli “yuxarılara” çatandı, ”kekebeylə” sıx əlaqəsi var idi. Qohum və qardaşlardan Türkiyədə, Qarsın kəndlərində yaşayanlar vardı. Vaxtaşırı vacib “tapşırıqla “ sərhədi keçib xəbər gətirərdi…
Qənbər “itiyin” izinə düşür və günortaya yaxın milisi də götürüb kişini “iş başında “ yaxalayır. Təfsilatdan xəbərim olmasa da (sonra öyrəndim) bir məqamı gözümlə görmüşdüm: ət çiynində dayını harasa aparırlar.
Ağsaqqallar içərisində Rəcəb babam da olur. Onlar Qənbərdən işdən vaz keçməsini xahiş edirlər. ”Zərərçəkən” isə şərt kəsir: Rəcəb dayının qapısında düyə görmüşəm, onu versələr keçərəm bu işdən. Baba cavab verir: Ay Qənbir, bir düyə nədir ki, ondan ötrü mən böyük külfət sahibi Daharı itirəm?! Qurbandır o düyə sənə. Axşam naxır çöldən qayıdanda gəl, bir kəndir də gətir, sal başına apar…
Kişi dediyi kimi də edir, axşamüstü düyəni verir Qənbərə və dediyim kimi, arvadının-nənəmin əmisioğlusunu xilas edir milisin cəngindən.
Seyfulla, əzizim, babaların xoş məramlı belə-belə hərəkətləri, ağayana davranışları elə bil hansısa bir ilahi qüvvə sayəsində biz nəvələrə, nəticələrə də keçmiş, hamımıza saf mənəvi-əxlaqi keyfiyyətlər aşılamışdır…
Əzizim, bizim “bir evli” olduğumuz, bir ideya sahibi kimi yaşadığımız günlər, dostluq, yoldaşlıq etdiyimiz illər çox da uzun çəkmədi. 1947-ci ilin sonu, 1948-ci ilin əvvələrində İ.Stalinin imzası ilə SSRİ hökumətinin qərarı çıxdı – Ermənistanda yaşayan etnik azlıqların Azərbaycana, pambıqçılıq rayonlarına köçürülməsi barədə qərarı. İlk dövrlər bizim Qaraşanta (Əzizbəyov) kəndinin də adı köçürüləcək təsərrüfatlar arasında hallanırdı. Sonra siyahı dəqiqləşdirildi və Amasiyadan 3 kənd : Daşkörpü, Şurubad, Qarabulaq kəndləri köçürüldü – 1949 – un payızında.
Əslində bu, görünməmiş iftira, ”qara tufan” idi, açıq-aşkar riyakarlıq. Necə yəni, Sovetlər İttifaqı kimi qüdrətli bir dövlətin tərkinbində bir millətin xatirinə digərini aşağılamaq, təhqir etmək! Özgə bir şey demək olmazdı buna …
Budur, qatar Ucar stansiyasında dayanır. Köçürmənin təşkilatçılarının iştirakı ilə ağsaqqallardan ibarət iki komissiya yaradılıb kəndlərə yola salınır. Onlar şərait və imkanları öyrənib rəy verəcək, camaat köçü oraya boşaldılacaqdı. Camaat nümayəndələrin qayıtmasını gözləyir. Hamı “su” deyə haray salıb. Gecdən gec elan edirlər ki, gəlin su aparın. ”Bələdçi” öndə gedir, köçürülənlərin gözü krant axtarır. Nəhayət, o, bir vaqon-sisternin yanında dayanır, camaat növbə tutur. ”Bələdçi” kranı açanda əvvəlcə vedrəyə bir lonqa palçıq düşür,dalınca bol Kür suyu gəlir. Elə burada camaatın qəlbi qırılır, fikirləşirlər ki, görün bizi hara gətiriblər?!
Camaatın köçünü ayrı-ayrı qapılara sürüb ailələrdə “yerləşdirirlər”. Halbuki köçürmə qərarına əsasən, məskunları onlar üçün əvvəlcədən tikilmiş təzə mənzillərdə yerləşdirməli idilər…
Həmin gündən millət köçürmənin fırıldaq olduğunu anlayır və geriyə qayıtmağa qərar verir.Bu ideya nə qədər real idisə, bir o qədər də çətin idi. Əvvəla dövlət buna icazə vermirdi, ikincisi də Daşkörpü kəndinin qənbər daşlardan tikilmiş evlərini “köç yeriyən kimi” söküb Amasiya pendir zavodunun yeni salınan bünövrəsinə tökmüşdülər. Ancaq sonralar kənd bütövlük də köçüb köhnə yurda qayıtdı, təzə dam-daş salıb buranı abadlaşdırdılar…
Bax, beləcə, Seyfulla, əzizim, özün də yaxşı bilirsən, bununla da sizin ailənin “qərib-qürbət yaşam dövru” başlayır. Doğrudur, Rəsul əmiyə münasib iş vermişdilər-beş kənddən ibarət iriləşdirilmiş kolxoza baş mühasib. Sən İnçə kənd yeddiillik məktəbində dərslərə davam edirsən. Fikrin kənd təsərrüfatı texnikumuna qəbul olmaq, aqronom ixtisasına yiyələnməkdir. İmtahanları da verib qəbul olunursan.Ancaq səni vaxtsız yaxalayan malyariya (qızdırma) xəstəliyi arzu və istəklərini yarımçıq qoyur.
İlk günlərdən Rəsul əmi kolxoz təsərrüfatının yaxşı təşkilatçısı kimi özünü göstərir. Bir gün kolxozun gənc sədri Malik mühasiblə məsləhətləşir: -Dayı,-deyir,-mən bir neçə günlüyünə Dağıstana gedirəm, diqqətli ol.”Dayı” yaxşı yol arzulayır və səfərin məqsədini soruşur. Sədr cavab verir ki, bizdə çoxdan yaranmış ənənə hələ də davam edir. Ləzgi qardaşlarımızdan böyük bir dəstə gətirib, məhsul yığımına cəlb edirik. Əmək haqqı da məlumdur: 50-50-yə, yəni, yığılan taxılın yarısı kolxoza, yarısı da “dəvət olunanlara”!
Belə sövdələşmə “növünü” ilk dəfə eşidən mühasib dərhal fikrə gedir, ürəyində sadə bir hesablama aparıb sədrə deyir: Sənə yaxşı yol olsun.Ancaq bu beş kənddə işçi əli çatışmır ki, biz dağa-daşa düşüb məhsulun yarısını da kənara verək? Məlumatım var, bu il zəmilərdə bol taxıl yetişib. Sən gəl səfərini təxirə sal, yığaq camaatımızı, məsləhətləşək, onları işə daha fəal cəlb edib məhsulumuzu toplayaq, dövlətin planını da ödəyək,əməkgününə də 2-3 dəfə çox taxıl paylayaq…
Malik razılaşır, ağsaqqalın dediyi kimi də işi təşkil edirlər. Həqiqətən də kolxoz bol məhsul götürür, dövlətin “ natura”planını rayonda birinci yerinə yetirir, hər əmək gününə də əvvəlki illə müqayisədə 3 dəfə çox buğda bölür.
İriləşdirilmiş kolxozun müsbət işi, parlaq qələbəsi dərhal Göyçaya yayılır. Camaat “İrəvanlı mühasibin” layihəsini yaxşı qarşılayır, yüksək qiymətləndirir. Çox keçmədən Malik yenidən ağsaqqala tapşırıq verir: -Dayı,-deyir,-kolxozçuların ad-familiyasından ibarət bir siyahı hazırla, camaata avans pul verək, həm də bu vəsait “yuxarılara”çatacaq, tapşırıq belədir.Bunu da sən danışıbsan, əziz dostum. Rəsul əmi etiraz edib bildirir ki, ay sədr, biz kolxozçulara nağd pul şəklində avans verə bilmərik, buna mənim haqqım çatmır…
Sədr yenə təmkin və itaət göstərir, mətləbi uzatmır. Bu arada xəbər gəlir ki, kolxozun yaxşı işi raykomun büro iclasında müzakirəyə çıxarılacaq, hesabatı isə baş mühasib verməlidir. Dərin biliyə, yaxşı təcrübəyə malik mühasib büroda müvəffəqiyyətlərə aparan yolun əsas mərhələlərini inandırıcı fakt və dəlillərlə yerli yerində əsaslandırır…
Kolxozun işi, zəhmətkeşlərin fədakar əməyi büroda yüksək qiymətləndirilir. Ancaq katibin dilindən çıxan bir fikir kolxozçuların “nağd pulla mükafatlandırılmaması” sözləri Rəsul əmini duyuq salır, hiss edir ki, kin-küdurət “yuxarı dairələrdə” hələ də “qövr etməkdədir” və nə vaxtsa bu, əngələ çevrilə bilər…
Mühasib evdə fikrini ailə üzvlərinə “örtülü qaydada” anladır və qəti bildirir ki,burada çox qalmaq olmaz, biz geriyə – Ağbabaya qayıtmalıyıq.
Az sonra Rəsul əmi ezamiyyə adi ilə İrəvana gedir, evin köçürülməsini sənə həvalə edib deyir:Bilirəm, səhhətin yerində deyil, iradə, dəyanət göstər. Tapşırmışam, Qaraçantadan (Əzizbəyovdan) İbrahim kişi, Qaranamazdan
(Yeni yoldan) Əmrah da köməyə gələcəklər. Çalışıb “ev içini “ birtəhər Leninakana çatdırın.
Siz, Seyfulla, ağsaqqallarla əl-ələ verib tapşırığı inamla yerinə yetirirsiniz. Kəndə çatdığını eşidib dərhal görüşünə tələsdik. Gözümüz doldu-əvvəlki Seyfulladan, necə deyərlər, bir dəri qalmışdı, bir də sümük…

***
İlk aylar münasib ev tapıb yaşamaq problemə çevrilir. Külfətlə birlikdə neçə-neçə ev dəyişəsi oldunuz . Rəsul əmi böyük çətinliklə kənddə ev tikdirməklə məsələni həll etdi. Ailə bir yerə yığıldı. Yerli-yersiz köçürmələr, ünvan dəyişmələri, birdə səhhətinlə bağlı problemlər dərsə olan marağı azaltmış, keçilənləri öyrənməyinə mane olmuşdu. İndi fikir-xəyal sən hər an düşündürürdü. Mən nə üçün vacib məsələni diqqətdən yayındırdım! Amma hər şey itməmişdi. Texnikaya uşaqlıqdan olan həvəsin səni bu sahəyə gətirdi. Leninakanda eksterni imtahan verib sürücülük vəsiqəsi aldın. Kəndin texnika parkında dostlar səni həvəslə qarşıladılar. Axı onların bəzilərinin yanında “köməkçi” olmuşdun. Sədrin tapşırığı isə belə oldu: Neçə vaxtdan bəri “böyrü üstə yatan” “Ural” “ZİL” maşınından birini götür, təmir et, sazla və keç otur üstündə. Belə də etdin, Seyfulla, təxminən 20 günə “Uralı” ram edib, gah ot daşıdın, gah tikintiyə daş-qaya, aldığında olurdu cüzi əmək günü.
Günlərin birində rayon baytarlıq idarəsində sürücü işləyən tanışın Səməd görüşünə gəlib deyir ki, rəisimiz səni görmək istəyir. Səhəri gedirsən. Rəis bildirir ki, haqqında eşitmişəm. Gəl bizdə köhnə maşınlar var, birini sazla və işlət.
Dəvəti qəbul edib işə başlayırsan. 15 günə “ölü” texnikadan birini “ayağa qaldırıb” oturursan rulun arxasında, idarəyə yanacaq, su daşıyırsan. Çox keçmədən, əzizim,sən öz biliyin, rəftarın, adamlara münasibətinlə seçilir, hamının hörmətini qazanırsan. Kollektiv üzvlərindən təkcə birisi – epizootoloq həkim Sergey Karapetyan səninlə düz gəlmir. Böyük bir erməni kollektivində bir azərbaycanlı oğlunun sayılıb-seçilməsi onu heç cür qane etmir. Az sonra rəisin öz xidməti maşınını sənə verilməsi Sergeyi lap haldan çıxarır. Gecəli-gündüzlü fikirləşir ki, sənə bir zərər yetirsin. Belə imkan isə təsadüfən yaranır.
Dediyinə görə, Seyfulla, bir axşam yolun Leninakana düşəndə əl qaldıran tanımadığın adamı insanlıq naminə götürəsi olursan. Keçib avtomaşına əyləşəndə onu ehtiyatlandırırsan: qapını asta ört, cəftəsi xarabdır, sınıb düşər. Bu nadan dediyinə məhəl qoymadan qapını var gücü ilə çırpır. Əsəbləşsən də onu tərs-tərs süzməklə kifayətlənirsən.Şəhərin girəcəyində, hərbi hissənin yaxınlığında o, maşından düşür, təkrar ehtiyatlandırmaya da məhəl qoymur, qapını dartıb çırpır, üstəlik də bir “ana söyüşü” buraxır ağzından. Təbii ki, sən bunu bağışlaya bilmir, maşından düşüb qaçan, ”yaxşılıq qanmayanı” intizama dəvət edir, özünə də bir” qulaq burması” verirsən (söyüşə görə). Sən demə, bu nadan da olur Sergeyin həm kəndlisi və yaxını. Səhərisi olub keçənləri o həkimə danışır. Həkim də belə şeyi göydə axtarırdı. Başlayır hüquq-mühafizə orqanlarına şikayət ərizələrini göndərməyə.
Üstündən bir həftə keçməmiş, Seyfulla, yenə öz dediyinə görə, səni Leninakana, istintaqa çağırır, izahatını alıb “ibtidai həbsə” götürürlər. Bu kritik günlərdə neçə-neçə ünvana “qiyabi” baş çəkirsən, heç birindən bir nəticə əldə edə bilmirsən.Təsadüfən yadına bu ərazidə geniş tanınmış Livan (Beyrut) əsilli hüquqşünas-prokuror Gevondyan düşür. ”Təcridxanada” milisə xahiş edib zəng vurmağa icazə alır və təfsilatı tanışına danışırsan.O, cavab verir ki, həyəcan keçirmə, sabah prosesə özüm də gəlcəyəm.
Həqiqətən də Gevondyan prosesin getdiyi həlledici dəqiqələrdə gəlir.Hakim Çtoyan onu zalda görcək ön cərgələrdə əyləşdirir və hiss edir ki, zala hüquq sahəsində geniş tanınmış prokuror elə-belə gəlməzdi buraya…
Proses davam edir. İş üzrə onlar növbə ilə rəy bildirirlər. Bu arada Gevondyan məhkəmə “çəkişməsinin” əsas mətləbdən yayındığını hiss edib söz istəyir. Sədr icazə verir.
-Möhtərəm hakim, -deyə-Gevondyan sözə başlayır, -“müttəhim kürsüsündə” əyləşən cavan oğlanı yaxından tanıyıram. Onunla bağlı sizə öz təəssüratlarımı danışacağam. Həm də mənim dediklərim “yardımçı” hallardır, prosesin gedişinə müdaxilə kimi qəbul etməyin. Beləliklə, biz üç nəfər idik. Qukasyan (Qızılqaç)-Amasiya istiqamətindən gəlirdik. Sürücümüz qəza törətdi, təkər partladı, maşınımız aşdı, krılo sıradan çıxdı… Hərəmiz bir tərəfə düşmüşdük …Cəmi iki dəqiqə keçməmiş başımızın üstünü bir “vilis” aldı. Ucadqan sürücü səsləndi: Yaralanan,zədə alan varmı? ”Xeyr” cavabını alan kimi yaxınlaşıb bizi öz maşınlarına əyləşdirdilər.Sonra düşdülər bizim maşının üstünə. “Vilisə” qoşub onu “ayağa qaldırdılar” təkəri dəyişdilər, krılonu da bir təhər dartıb düzəltdilər. Sonda bu cavan rulda oturub irəli-geri xeyli “sınaq” yürüşü keçirdi və tam arxayın olduqda bizi miniyimizə əyləşdirib yaxşı yol arzuladı. Kim olduqlarını soruşdum. Bütün işlərin təşkilatçısı bu cavan cəmi dörd kəlimə bildirdi: ”Seyfulla, Amasiya baytarlıq idarəsi”
Hə, unutmayım,- huqüqşünas əlavə etdi: -İşin hal-şahidləri də yəqin var, onları da dinləmək yersiz olmazdı. Sualı tərcümədən başa düşən üç əsgər ayağa durub “ xorla” bildirdilər: Biz bu adamı tanımırıq, bizə tapşırmışdılar ki,”döydü” deyərsiniz…-Möhtərəm hakim, indi prosesi davam etdirib və hökmünüzü verə bilərsiniz…
Daha bir qeydim var, deyə prokuror əlavə etdi: -Sonralar mən dəfələrlə Amasiyada rəsmi dövlət işi ilə əlaqədar olmuşam . Rəhbərliklə, baytarlıq idarəsi ilə, müxtəlif təşkilatlarla ünsiyyətimi xatırlayıram. Bu oğlan-Seyfulla barədə hamı müsbət fikirdədir. Belələri insanlığın tacıdır, yəqin ki, adamlara ancaq yaxşılıq etmək üçün dünyaya gəlmişlərdəndir…
Hakim sonda hökmü oxuyur: İddiaçının tələbi təmin edilməsin. İşdə cinayət tərkibi təsdiq edilmədiyindən Seyfulla Abbasov məhkəmə zalından evə buraxılsın…Toplaşanlar hökmü xeyrin şər üzərində qələbəsi kimi qarşıladılar…
Bu ağır məğlubiyyətdən sonra epizootoloq baytar həkim də,onun kəndlisi də yenidən səni “işə salmaq” üçün çox çalışıb-cabalayır,bəzən yolda qabağını kəsib yeni “iş”açmaq fikrinə düşür, ancaq bir “işıq ucu” tapa bilmirlər. Gələcəkdə bunun nə ilə nəticələnəcəyini dərk edərək ,Seyfulla, sən ərizə verib işdən azad olunur, yolunu Gürcüstana,əmin “Həsən aqanın” çoxdan məskunlaşdığı Rustavi şəhərinə salırsan. Nəqliyyat parkında işə girir, avtobus sürücüsü olursan.
***
Avqustun sonlarında, dostum, qısamüddətli məzuniyyət götürub valideynlərinə baş çəkəsi olursan. Tay-tuşlarla kənddə gəzişərkən səs yayılır ki,ordenli mexanizator Məhərrəm Həsənovun təzə gətirilmiş “Niva” kombaynı “Ömər dərəsi” deyilən ərazidəki zəmidə sınıb, yerindən tərpənmir işləmir. Rayon rəhbərləri, texnika parkı, mütəxəssislər, mexanizatorlar, camaat oraya toplaşmışlar, ancaq heç kim heçnə edə bilmir. Dostlar səni də oraya dəvət etmək istəyirlər. Sənsə maraq göstərmirsən. Elə bu arada kənddə sayılıb seçilən gənclərdən sənin də xüsusi hörmət bəslədiyin Avtandilin “UAZ-69” maşını yanında dayanır və ərklə: Seyfulla,otur,gedirik Məhərrəmin kombaynına “baş çəkməyə”,-deyir. Sakitcə vilisə əyləşib “hadisə yerinə “ çatırsınız.
Sənə, şəxsiyyətinə, sənətinə bələd olanların qəlbində dərhal bir ümid işığı yanır: Bəlkə bu “kəlpeysəri” yerindən Seyfulla tərpətdi…Kombaynçı isə xəcalətindən özündə deyil. Ən əvvəl motoru işə salıb səsinə qulaq asır, sonra bir sıra “təmrinlər “ keçirirsən. Heç biri gözlənilən nəticə verməyəndə üz tutursan yenidən kombayınçıya: Sök, Məhərrəm, diyircəkli yastığı! Əlini yuvaya salanda sınmış hissənin qırıqları ovcuna tökülür. Sevincək kombaynçının qulağına pıçıldayırsan: Tapdıq deyəsən “qara divin” dərdini. Ancaq təzə hissə qoymaq lazım olacaq. Maşın göndərib texnika parkının anbarəndan onu gətirtdirirlər.”Çöl şəraitində” səmtləşdirib hissəni bir təhər yerinə otuzdurur, boltlarını bərkidirsən. Dərindən nəfəs alıb düşürsən Məhərrəmin üstünə: “Tarla gəmisi” indi rahatca “səni eşidəcək”. Qalx kabinəyə, mühərriki işə sal ,”mərkəzi remenə” komanda ver, yan al zəmiyə, sürəti artır …
“Niva”hərəkətə gələn kimi izdihamdan gurultulu “Ura, sevinc səsləri, alqış dolu xoş sözlər ətrafa yayılır: “Kişinin əlləri qızıldır”,”çörəyi ver çörəkçiyə!”….”Tarla gəmisi” azca irəliləyib səs-küy azalanda raykomun birinci katibi sənə yaxınlaşır, əlini bərk-bərk sıxıb izdihama üz tutur: -Camaat,-deyir-bir baxın,yaxşı baxın!Görün burada kimlər yoxdur!? Baş mühəndis, səyyar, adi mühəndislər, mexaniklər, hamısının da ali təhsili, diplomları var. Daha kimləri! Adlı-sanlı mexanizatorlar, kombaynçılar…Görürsünüzmü sadə bir sürücü sizlərə necə “dərs verdi”, hamınızı “qoz qabığına doldurdu”.
Sonda katib sənə tərəf dönüb: Eşitmişəm, Seyfulla, bizdən də inciyibsən. Haqlısan, burax bu umu-küsüləri, qayıt gəl rayona, aparatda işləyəcən.
Təklifə sənin reaksiya vermədiyini duyan katib səhərisi atana zəng vurur: Abbasov ,-deyir,-oğlunu başa sal,təcili qayıtsın rayona-deyirsən
Ata sözü yetərli olur, vaxt itirmədən Əzizbəyova qayıdırsan. Xasiyyətinə uyğun olaraq raykoma tələsmirsən. Dalınca gələnlər də olur. Yenə etinasızlıq göstərirsən. Katiblərdən biri gəlib raykoma aparır səni “birincinin”kabinetinə. O da sürücünü çağırıb tapşırır: gedin təhvil-təslim aktı yazıb maşını ver Seyfullaha. Sən, Seyfulla, burada da böyüklük, təmkin göstərirsən: O formal “sənədləşməyə”ehtiyac yoxdur.Təkcə açarı versin deyirsən. Bununla da, dostum, həmin gündən olursan raykomun “UAZ-69” avtomaşının sürücüsü, həm də kollektivin sevimlisi.
***
1967-ci ilin yayında İrəvandan Amasiyaya gəlmişdim. İcrakomun sürücüsü, şən və hazırcavab dostumuz, hamımızın istəklisi (həm də kiçiyi) “qara”Qiyas özünü yetirib: -Bilirsən,-deyir,-uzaq qohumlardan güllücəli Fərhadın valideynləri Türkiyədən turist gəlirlər, oğlu oradan Gürcüstana aparacaq onları gedəyin görüşə. 4 nəfər raykom və icrakomun “UAZ-69”maşınlarında yola çıxdıq. Az sonra paravoza qoşulmuş poçt və turist vaqonlarından ibarət “heyət” Leninakan stansiyasının perronuna daxil oldu. Gömrükçülər kişini “xüsusi prosedur” üçün yan otağa apardılar, ananı gözləmə zalına, tanışlarla görüşə buraxdılar. Səfərimiz maraqlı keçdi…
Qayıdan başı şəhərin qurtaracağında dayanıb sərin su içdik. Maşınlara minərkən Qiyas sual etdi: Seyfulla, ”o nədəndi” mənim maşın yaxşı çəkmir? Cavab vermədən keçib oturdun Qiyasın maşınında, işarə vurdun ki, otur maşınıma ,dalımca gəl. İcrakom maşını qabaqda quş kimi uçurdu. Seyfulla ,təxminən 7-8 kilometr məsafə keçib, dayandın. Tam sakitlik yarananda üz tutdun “dəstənin kiçiyinə”: Əzizim Qiyas, -dedin-“o, ondandır ki…” gərək maşını sürməyi bacarasan…Sən rul arxasına keçəndə sürəti artırmağa qıymırsan….Maşınının çəkimi isə əladır, şər etmə texnikaya!
Bu “düzəlişdə”əzizim, Qiyasın “müəllimi də, oponenti də” özün oldun. Bununla da icrakom vilisinin “eyibi”aradan qalxdı, sürücüsü də “idarəetmədə”xeyli “təkmilləşdi” sürətin hesabına …
***
Doğma yurd şirin olar demişlər. Daşkörpü ellikcə Göyçaya köçürüləndə kənddə yalnız iki ev toxunulmaz qalmışdı: Zəhrəbəyimin və Dilbərin evləri. Onlar kəndi tərk etmədilər. Xarabalığa çevrilmiş kənd köçüb geri gələnlərdən heç birinə “arxa çevirmədi”. Əslində kənd əhli də xaraba yurda naxələf çıxmadı. Hamısı doğma torpaqda ev-eşik “qaralayıb”yerləşdi. Kənar kəndlərdən də buraya gələnlər çox oldu. Daşkörpü keçmiş vətəndaşlarına qovuşdu, abadlaşdı, ancaq bir vacib cəhəti itirdi-Daşkörpü adını. İnzibati ərazi vahidi kimi bu səfalı yurdun adı ləğv olundu, kitablardan xəritədən silindi, sadəcə olaraq ona Amasiya sovxozunun ikinci şöbəsi deyə ad qoydular .
Uşaqlıq həyatının 10-12 ilini bu yurdda keçirən dostum Seyfullanın da burada ev-eşik salıb köhnə yurd yerinin sakini olmaq arzusu daim keçirmiş ürəyindən. Sən demə, dostum heç kimə bildirmədən burada ev yeri də gözaltı edibmiş: Onu buna sövq edən təkcə hava, su, uşaqlıq xatirələri deyildi, həm də rayon mərkəzinin cəmi yarım kilometrliyində yerləşməsi, dolanacaq üçün yaxşı perspektivlərin olması idi.
“Hüsnü pünhan” saxladığın ev yeri Amasiya-Şurabad şose yolunun solunda,”Daşlığın” qurtaracağına yaxın, xam torpağın ortasındakı dik təpə idi.Hər şey hazır olanda ora gətirib daş, qum, digər inşaat materialları cəm etmişdin.Bir axşam üstü “obyektə” baş çəkən də görürsən ki, yaxınlıqda bir “QAZ-24”dayandı. Maşından iki nəfər düşüb daşa-quma tərəf yaxınlaşdılar. Gözlərinə iananmırsan. Bunlar raykomun katibi və icrakomun sədri idilər, gəliblərmiş ki, sənin yeni başlayacağın ev yerinə baş çəkib təbrik etsinlər, məsləhətlərini versinlər. Vaxtın darlığı üzündən söhbətiniz müxtəsər olur. “Qonaqlar” əvvəl-əvvəl soruşurlar ki, ev neçə otaqlı olacaq? Cavab verirsən ki, kiçik nəzərdə tutmuşam : otaq, koridor və aşxana-mətbəx . Etiraz edirlər ,-azdır,- deyirlər-külfətin böyükdür, otaqları üç elə evi hər dəfə tikməzlər. Həm də yerin genişdir, yol kənarıdır, qışın qar boranında yəqin qonaqların da əskik olmayacaq… Çəkinə-çəkinə maliyyə imkansızlığını “əsas” gətirirsən. Ancaq katib də, sədr də bilirdilər ki, Allah xeyir versin, ürəyini sıxma, işə başla, biz də köməklik göstərəcəyik…
Həqiqətən də “ qonaqlar” sözünün sahibi çıxırlar. Qıt tapılan tikinti materiallarının ələ gətirilməsində heç nə əsirgəmirlər. Sonralar özun bu barədə soruşan bir tanışı başa salmışdın ki, kənddə üstü dəmir örtülü ilk ev mənim otaqlarım idi.
Dostum, özün də yaxşı duyursan ki, “ yüksək mərtəbədə “ sənə göstərilən hörmətin başında ən əvvəl şəxsi keyfiyyətlərin, sənətkarlığın, qüsursuz işin, böyüklü-kiçikli hamının işinə yaramağın dururdu.
Ailəni Daşkörpüyə (bəli sovxozun ikinci şöbəsində) köçürdükdən sonra özünü çox rahat və gümrah hiss edirdin. Evin ilk yeri xam “oazis” olduğundan toz-torpaq “yoxa çıxmışdı”. Yerin hündürlüyü isə ona ayrı görkəm verirdi –elə bil rayon mərkəzi astanadan baxanda ayaq altda olan kimi görünürdü. Qapıda sıralanan arı kötükləri ildə neçə-neçə bidon bal verirdi. Həm də “Seyfulla balı” rayonda ad çıxarmışdı…
***
Əzizim, sən üstünü vurmasan da, varlığına çökmüş bir niskili çoxdan sezmişdim. Mən səbr göstərirdim, sən də açıb demirdin. Bəzən saatlarla fikrə dalar, necə deyərlər, “dağı arana çəkərdin” . Təhsildən vaxtsız ayrılmağın, “köç” dəsgahı, səhhətində yaranan problem, Göyçaydan geri qayıdıb gəlməyiniz ali təhsil yolunda böyük əngəl oldu . Aradan xeyli keçmiş sürücü yoldaşların Hümmət, Qiyas, Şəmməd, Vəli ilə sözü bir yerə qoyub İrəvana səfər edib, kənd təsərrüfatı texnikumunun qiyabi mexanizasiya şöbəsinə qəbul olunursunuz. Texniki biliklərdə xüsusi bacarığın olduğundan “texnikum dövrundə” heç bir çətinliklə qarşılaşmadın, uğurla imtahanları verib diplom aldın. Evə xoş əhval-ruhiyyə ilə qayıtmışdın . Uşaqlar, qonum-qonşu təbrikə yığışmışdılar. Buradaca elan etdin : Kasıbın olanından. Əlim buna çatdı, peşman deyləm. Əminəm ki, atanın, babanın təhsil yolundakı “üzqaralığına” övladlar, nəvələr əncam çəkəcək, xitam verəcəklər! Onların gələcək uğurunu mən indidən özümünkü sayıram !
***

Allah başadək versin, Seyfulla! Mehriban ailən, qibtəediləsi balaların var. Üç oğul, iki qız atasısan. Sərvaz, Şəmsi ali təhsil almışlar. Bəhram orta ixtisas biliklərinə yiyələnib. Hamısı da ailə qurub, ev-eşik, oğul-uşaq sahibidirlər. Ailənin ilki Sərvaz neçə illərdən bəridir ki, Xızı rayonunda işləyir, YAP rayon təşkilatına rəhbərlik edir, onun oğul balası Yusiflə hələ körpəlikdən səmimi ünsiyyət qurubsunuz, arada zarafatınız da olur…
Yusif Sumqayıtda ingilis dilli kolleçin məzunudur. Litva Dövlət Univertsitetini bitirmişdir. Sonuncu semestrı bitirən ərəfədə yolunu Bakıdan salır və təbii ki, babanın görüşünə tələsir. Hal-əhvaldan sonra növbə “polemik axtarışlara” çatır. Baba başlayır ki, məncə, magistraturanı da oxuyacaqsan, çünki başa düşdüyümə görə, magisturasız diplom yarımçıq görülmüş iş kimidir…
Baba sözünü qutarmamış Yusif belə bir fikirlə qarşılaşacağını sanki əvvəlcədən bilirmiş. Ona görə də dərhal cavab verir : Əziz baba, səninlə razıyam. Mən seçimimi çoxdan etmişəm. Qərb daha çox cəlb edir məni . Fikrim “ikinci pilləni” orada keçib tamamlamaqdır təhsili. Az sonra xəbər tutursan ki, “igidin” İtaliyadadır ,Baloniya Universitetində magistratura kursuna davam edir.
Nəvədən təhsillə bağlı alınmış sonuncu xəbər səni, eşitdiyimə görə sevindirmiş, lap “beş-beş” etmişdir. “ İgidin” Amerika Birləşmiş Ştatlarındadır, bu ölkədə doktorantura “axtarışlarına” başlamışdır… Xoş xəbərin sevincini uzaq qitəyə şəxsən çatdıra bilməsən də, ata-Sərvazla bölüşür və tapşırırsan ki, balamızı hamımızın adından təbrik et, ona uğurlar dilə . İndi əmin oldum ki, təhsil məsələsində babanın “üzqaralığını” nəvələr inamla aradan qaldıracaqlar.
***
Dostum, əziz və dəyərli insan, sənin və ümumən insanlığın portret cizgilərini tamamlayacaq bir “ blok” qədərində ağsaqqal konsepsiyan mədəniyyət, əxlaq və mənəviyyat, məsələləri ilə bağlıdır . Hər vaxt yeri düşdükcə vurğulayardın ki ,adamın sözu ilə əməli bir olmalıdır. Ara vurmaq, söz gəzdirmək, xəbərçilik insana yaraşmaz. Yaltaqlıq, acgözlük, rüşvətə alüdəçilik şəxsiyyəti ayaqlar altına salar. Maraqlı cəhət burasıdır ki, sən, Seyfulla, bunları təkcə gəlişi gözəl söz, ifadə, fikir kimi ortaya atmırsan, öz gündəlik fəaliyyətində görür, duyur, həyata keçirirsən.
İnsan mənəviyyatı ilə bağlı başladığın fikir və “tezisləri” oxşar bir ideya daha aydın və qabarıq şəkildə önə çəkir. Deyirsən ki, insan gərək tamahkar, acgöz yox, gözü- könlu tox olsun. Əslinə qalsa sən özün xarakterinlə bunun gözəl nümunəsini ortaya qoyursan.
1974-cü ilin qışında Amasiyada rəhbərlik dəyişdirildi . Yuxarıda adı hallanan “icrakom sədri”, sonra Ermənistan KP MK-da rəhbər vəzifədə işləyən Cahangir Əliyev raykomun birinci katibi seçilir. Rayonu, təsərrüfatları ağır böhrandan qutarmaq üçün ilk növbədə ciddi kadr islahatı aparmaq lazım gəlirdi. Belə bir ağır və kritik vaxtda rayon avtonəqliyyat dəstəsində (ATK) rəhbərliyi möhkəmlətmək lazım gəldikdə, Seyfulla, sənin də namizədliyin hallanır. Katibin təklifini tərəddüdlə qarşılayırsan. O, narazı qalır, deyir ki, mən mühüm vəsilələrdə kadr dəyişikliyi apararkən, yaxından tanıdığım, bacarıqlı kadrlara etimad göstərməliyəm. Sənsə razılaşmır, təklifi rədd edirsən. Bəs sənin dost köməyin harada qaldı ?
Bu tənədən sonra avtobus sürücülüyünü buraxıb ,”alakönül” razılıq verirsən . Bir ildən artıq doğma kollektivdə rəhbər vəzifə tutduqdan sonra istefa ərizəsi ilə katibin qəbuluna gəlir, işdən azad olunmağını xahiş edib deyirsən : Bura mənim yerim deyil, “əsasın “ da bu olur: İstəyirəm ki, balalarım öz yolumu davam etdirsinlər, əl əməyimin, halal zəhmətimin qazancı ilə böyüsünlər …
Xarakterinə yaxından bələd olduğum üçün bir cəhətə tamamilə əminəm : Düzlük, halallıq – kökdən gələn bu mənəvi- əxlaqi keyfiyyətlər sənin üçün keçici hal deyil, həm də sənin yaşam tərzin, həyat amalın olub, səni hər zaman düz yola çəkib, köməyinə yetişib. Budur, dost, səni sözü ötkəm, başı uca edən əsas amillərdən “ən əsası”!
***
Daşkörpüdə ailənlə “cah-cəlallı”, xoşbəxt yaşadığın illər uzun çəkmədi. 1988-ci ilin qışında başlanan Dağlıq Qarabağ və onun ətrafındakı hadisələrlə bağlı hay –haraylı qarışıqlıq görünməmiş dava –dalaşa, müharibəyə, faciəyə, qan tökülməsinə gətirib çıxardı… Ən əvvəl 250 minlik azərbaycanlı əhali məcburiyyət qarşısında Ermənistanı tərk edib Azərbaycana, digər ünvanlara baş götürüb qaçdı, mal-mülkünü, ev-eşiyini başlı-başına buraxdı, bəziləri qoçaqlıq göstərib evi dəyişdi. Sənin mülkünə göz dikənlər də çox idi . Sonda böyük istək və arzu ilə tikib başa çatdırdığın, hər daş –divarında barmaq izlərin qalan ev-eşiyin Dövlət Bankı Amasiya rayon şöbəsinin rəisi Sahak adlı bir erməniyə qismət oldu . Sahak “kompleks” dam-daşına 10-12 arı kötükləri ilə birlikdə hamısına 8000 (səkkiz min) manat qiymət qoydu və səni də “razılaşdırdı”. Nə edəsən, daşınmaz əmlakı “daşınan” edə bilməzdin, ha?! Yəni elə bir qiymət verdi ki, təxminən sənin usta əməyinə, fəhlələrə verdiyin məbləğ bərabərin də olan məbləğ.
Doğma yurdla vidalaşmanın axşamına “nə yoğurdum, nə yapdım”… deyiminə uyğun “xoşbəxtliyə” yetişən erməni pulu gətirib verir . Qayıdan başı nə fikirləşirsə pulu geri tələb edir. Sakitcə qəzetə bükülmüş əskinasları geri qaytarırsan. Sağollaşanda Sahak deyir: Ürəkli adama bənzəyirsən, Seyfulla. Qarışıq zamandır, birdən sözumdən döndüm, pulunu dandım. Axı, səhəri yola çıxırsan! Cavab verirsən ki, bu, sən deyən pul deyil, mənim pulum halal puldur . Onu heç kim nə yeyə, nə də dana bilməz!…
Səhərisi “təzə sahibkar “ tezdən gəlir və cibində əskiyə bükülmüş təm-təzə, qatı açılmamış “50 manatlıq banknotları” stolun üstünə qoyub şəxsiyyətinə qibtə ifadəsi ilə deyir : Seyfulla, sən xeyirxah və halal adamsan, qeyrətli kişisən. Sən mənə adi ev deyil, qədir-qiyməti hesaba gəlməyən mülk hədiyyə edibsən. Əvəzini isə mən şax pullarla “ödəməkdə” gördüm …
Bankirlə-söhbəti (haqq-hesabı da) bitirib maşına yüklənmiş “eviçini”, əşyaları bir də nəzərdən keçirir, uşaqların rahat yerləşməsinə diqqət yetirir, hər şeyin yerli-yerin də olduğu qənaətinə gələndən sonra ehtiyat açarı da Sahaka verir, dərd-qəm, qüssə-ələm içində “yurda” nəzər salır, rulun arxasına keçərək: Əlvida, doğma ellər, salamat qal, Ağbaba! – deyib Bakı istiqamətinə yön alırsan…
***
Qohum, qardaş köçü Qazaxda qarşılayır. Maşını Xırdalana sürürsünüz . Müvəqqəti dayanacaq sonradan xoşuna gəlir, çox keçmir ki, burada torpaq alıb “Quşçuluq massivində “ binə salırsan. Bu, sənin həyatının 54-cü ilində məskunlaşdığın 5-ci ünvan, öz zövqünlə ucaltdığın 5-ci idi. “ Kənd evinin” bir fərqi budur ki, bura bağ-bağatlı cənnət güşəsidir . Qıvraq tədbirlər, ad günləri, “qarşılanmalar”, “yolasalmalar” da adətən burada baş tutur. Mövsümlə əlaqədar süfrədə öz əlinlə yetişdirdiyin alma, xurma, tut, gavalı, üzüm,tərəvəz… bol olur. Deyən-gülən, şənlənən oğul-uşaq, qız-gəlin, nəvə-nəticə, onların yaxın dost-rəfiqələri, ömür-gün yoldaşın Zeyvər Məhərrəm qızı ilə məclisin başında əyləşib seyr etdikcə qəlbindən taleyinə minnətdarlıq sözləri keçir : Balaların bu xoşbəxt günlərini görüb duymaq naminə yaşamağa dəyərmiş! Min şükür varlığına, İlahi! – deyirsən.

Əsgər Əsgərov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button