Yazarlar

Xоsrоvi Məhəmmədqulu mirzə Qоvanlı-Qacar

Qacar əsilli şairlərdən biri də Məhəmmədqulu mirzə Qovanlı-Qacardır. İran ədəbiyyatına həm təzkirəçi, həm də istedadlı şair kimi daxil olmuşdur. Son dövrlərə qədər onun ədəbi irsinin yalnız bir hissəsi oxuculara məlumdur. Onun poeziyası təkcə məhəbbət mövzulu şeirlərlə məhdudlaşmır. Zəngin həyat tərcübəsi, geniş dünyagörüşü olan şairin yaradıcılığında yaşadığı mühitin çatışmazlıqları, məhdud cəhətləri, cəmiyyətdəki neqativ hallar bu və ya digər dərəcədə əksini tapır. Daha yaxından tanıyaq.

Fətəli şahın üçüncü оğlu Məhəmmədqulu mirzə (anası Asiya xanım Məhəmməd xan qızı Qоvanlı) 26 may 1789-cu ildə Nəva şəhərində anadan оlmuşdu. Saray təhsili almışdı. Mülkara ləqəbi daşıyırdı. Nadir mirzə babası haqqında yazır: “Məlikara ləqəbli babam Məhəmmədqulu mirzə isə Mazandaranın, Astrabadın, Dəşti-Türkmanın və Xəzər dənizinin sahilində yerləşən bütün məntəqənin hakimi olub”. (Şahzadə Nadir Mirzə Qacar. Təbriz darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxsləri. “Elm”, Bakı, 2019. 566 səh. s. 427)

Məhəmmədqulu mirzə 1800-1835-ci illərdə Mazandaranın, əlavə olaraq 1814-1835-ci illərdə Qorqanın,​ 1807-ci ildə Gilanın, 1821-1835-ci illərdə Təbəristanın hakimi olmuşdu.

Nadir mirzə sonra babası haqqında yazır: “İnsaf xatirinə düzünü desək, Böyük Xaqan (Fətəli şah-Ə.Ç.) kimi ağıl, əzm və ürək sahibi bu dünyaya az gəlib və oğullarının da hamısı igid və dərrakəli adamlar olub. Misal üçün: Naibüsəltənənin (Abbas mirzənin-Ə.Ç.) başı osmanlılara və ruslara qarışdığı vaxtda Xorasan birdən üsyan qaldırdı, hər bölgədə bir başçı meydana çıxdı və heç kim bir fərman yerinə yetirmək istəmirdi. Gürgan tərəfdən Xarəzmşah Məhəmməd Rəhim xan böyük qoşunu ilə gəldi və darmadağın oldu. Atlısı da, atı da, qatırı da – hamısı tələf oldu və onların sümükləri Ürgəncin və Xəyuqun yol göstəricilərinə çevrildi. Yenə Xacə Qaşğari ağızlarından qan qoxusu gələn əlli min türk əggəri ilə Gürgan çölündə peyda oldu. Mənim babam Məlikara Məhəmmədqulu mirzə o qoşuna qalib gəldi, Xacə də döyüş meydanında öldürüldü”. (Şahzadə Nadir Mirzə Qacar. Təbriz darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxsləri. “Elm”, Bakı, 2019. 566 səh. s.263)

Mehdi Bamdad yazır: “Məhəmmədqulu mirzə vali təyin edilərkən təyinat yerinə vəziri Mirzə Nəsrulla Əliabadi ilə bərabər yola düşmüşdü.

H.q 1228-ci (1813-cü) ildə Yusif Xacə Kaşğəri Kukəlan və Yəmut Türkmən tayfalarını öz ətrafına yığaraq məmləkəti işğal etmək fikrinə düşmüşdü. Bu zaman Xorasan valisi olan Məhəmmədvəli mirzə Fətəli şah tərəfindən ordu ilə və Xorasan xanlarının köməyilə düşməni dəf etmək üçün Gürgana gəlir və düşməni məğlub edir. Yusif Xacə Kaşğəri isə əsir düşəmək üçün qaçır və türkmənlərin arasında gizlənir. Məhəmmədvəli mirzə Xorasana qaytdıqdan sonra Yusif Xacə Kaşğari yenidən 20 min atlı türkmənlə Astrabada gəlir. O, Mazandaran hakimi olan şahzadə Məmmədvəli mirzənin ordusu ilə Gürgan çayının kənarında rastlaşır. Döyüş baş verir. Bu vaxt Məhəmmədvəli mirzə ordunun qabağında vuruşurdu. Gəraylı tayfasından olan və düşmən tərəfdə vuruşan bir nəfər şahzadəni tanıyır və onun sinəsini nişan alır. Məhəmmədvəli mirzə həmin güllə ilə də öldürülmüşdür. Türkmənlər bu vəziyyəti müşahidə edidilər, onlar müqavimət göstərmədən qaçdılar.

​ ​ ​ ​ ​ ​ ​ ​
Yusif Xacə Kaşğari üsyan edərək öldürüldükdən sonra Gürganda dövlət əleyhinə digər bir üsyan baş verdi. Bu üsyana Astrabad hakimi Məhəmməd xan Qacar İzəddinli başçılıq edirdi. Məhəmməd xan Qacar 30 min trükmən süvarisi ilə Tehranı tutmaq üçün yola düşdükdə tutularaq Fətəli şahın əmrilə öldürüldü. O vaxtdan etibarən Gürgan Mazandarana birləşdirilərək Məhəmmədqulu mirzəyə tabe etdirilmişdir. Həmin il ona Mülkara titulu verilmişdir.

​ ​ ​ ​ ​ ​ ​ ​
Məhəmmədqulu mirzə Mazandaran və Astrabad (Gürgan – Ə.Ç.) hakimi olarkən onun 4-cü oğlu Bədiüzzaman mirzə Sahibi-İxtiyar tituluna malik idi. O, atası tərəfindən Astrabad hakiminin müavini təyin edilir.

`​ ​ ​ ​ ​ ​ ​
1834-cü ildə Fətəli şah vəfat etdikdən sonra onun 60 oğlu qalmışdı. Onların çoxu əyalət və vilayətlərin hakimləri idilər. Onların hər biri istiqlal xəyali ilə yaşayırdı. Səltənət uğrunda mübarizə aparır, özlərini qardaşları Abbas mirzənin gənc oğlu Məhəmməd şahın yerində görmək istəyirdilər. Oğul ola-ola nəvənin şah olması ilə barışmırdılar. Lakin onlar Türkmənçay müqaviləsinin tələblərinə tabe olmağa məcbur oldular. Məhəmməd şah Tehrana gəldikdən sonra Qaimməqam Mirzə Fəzlulla Mustofinin məsləhəti ilə Nəsirülmülk Əliabadini Mazandarana göndərdi ki, Məhəmmədqulu mirzəni Tehrana gətirsin. Əliabidinin oğlu Sahibi-İxtiyarı Tehrana gətirdi.

​ ​ ​ ​ ​ ​ ​ ​
Məhəmməd şah onun əvəzinə Fəzləli xan Bəylərbəyi Qarabağini Mazandaran hakimi təyin etdi. Məhəmmədqulu mirzə isə Həmədana sürgün edildi.

​ ​ ​ ​ ​ ​ ​ ​
Məhəmmədqulu mirzənin sürgün olunmasının əsas səbəbi bu idi ki, o, Fətəli şahən böyük oğlu idi və qardaşı oğlu Məhəmməd şaha bir o qədər də etina etmirdi, onun hüzurunda baş əyərək təzim etmirdi, icazəsiz otururdu. Şah göstəriş verdi ki, Əmir Divan Mirzə Nəbi xanın qardaşı Musa xan onu özü ilə Həmədana aparsın, orada saxlasın”. (Mehdi Bamdad, Şərh-i hal-i rical-i İran dər qərn-i 12 və 13 və 14 hicri, Tehran, 1371 hş., III cild, s.472-474)

Məhəmmədqulu mirzə şair idi. Xоsrоvi təxəllüsü ilə könülоxşayan şеirlər yazırdı. Rzaqulu xan Hidayət “Məcməülfüsəha”​ adlı təzkirəsində yazır: “ Xosrovi Qacar nəvvab ulu şahzadə Məhəmmədqulu mirzə Mülkaradır. Anası Məhəmməd xan Qacarın qızıdır və Etizadüddövlə Süleyman xan məqfurun bacısıdır. Onun nikah əqdi əvvəlcə xoşbəxt şəhid Mehdiqulu xan Məhəmmədhəsən xan oğlunda idi. O, Astrabadda vəfat edəndən sonra möhtərəm, möhtəşəm xaqanın hərəminə daxil oldu. Nəvvab ulu şahzadə də o qadından doğuldu. Şahənşah Fətəli şahın dövründə şahzadə Mazandaran və Astrabad valisi və hakimi idi. Mülkara ləqəbi almışdı. Xaqanın hakimiyyətinin sonuna kimi həmin yörələrin hakimi idi. Günügündən ucalırdı. Səltənət növbəsi Məhəmməd şah Qacara keçəndən sonra Tehrana gəldi. Onun qəlbinə yol tapıb Həmədana yollandı. Orda ibadətlə məşğul olmağa başladı. Sonda, 1260-cı (1843-cü) ildə dünyasını dəyişdi. Divanı var”. (Rzaqulu xan Hidayət, Məcməülfüsəha, I cild, 1-ci bəxş,​ s. 100)​ ​ ​ ​

Məhəmmədqulu mirzə Qacarın ”Təzkireyi-Xosrovi” adlı təzkirəsində həm qədim, həm də yeni dövrün şairləri haqqında məlumat öz əksini tapmışdır.

Qardaşı Mahmud mirzə “Gülşəni-Mahmud” əsərində onun dörd min beytlik divanından və təzkirəsindən bəhs etmiş, onun təzkirəsinin Lütfəli bəy Azərin “Atəşkədə”sindən üstün olduğunu iddia etmişdir. (Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 221-223)

Məhəmmədqulu mirzənin törəmələri öncə Mülkara, sоnra Arəstə sоyadını daşıdılır. Bəziləri isə Bədi familiyası ilə tanınırlar. Bəzi nəvələri isə Şəms soyadı daşıyırlar.

Məhəmmədqulu mirzə Fatimə Sultan bəyim Şahrux mirzə qızı Qırxlı-Avşarla və Gülpəri Sara Mələk xanım Murtuzaqulu xan qızı Qоvanlı-Qacarla​ ailə qurmuşdu. Bədiəzzəman mirzə, Sam mirzə, Əbdülhüseyn mirzə, Nurəddin mirzə adlı оğlanları, Mələkzadə xanım adlı qızı vardı.


Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

Analoq.az

Daha çox
Back to top button
Close