Cəmiyyət

Oğlu öldürülən atanın fərayıdını 3 ildir eşidən yoxdur-MÜRACİƏT

2017-ci ildə Sabunçu rayonu 3 saylı Kliniki Tibbi Mərkəzdə işləyən həkim -cərrahın günahı ucbatından öldürülən 1993-cü il təvəllüdlü İmanlı Cavid Filman oğlunu atası son ümid yeri kimi “Kanal32” vasitəsi ilə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

Analoq.az həmin müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikasının vətəndaşı Həsənov Filman İman oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli Birinci Vitse-Prezident!

Qüdrətli şəxsiyyət, Ulu Öndər Heydər Əliyev demişdir: “Bir şey ədaləsizliklə olubsa, ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

27 oktyabr 2017-ci il tarixdə oğlum – 1993-cü il təvəllüdlü İmanlı Cavid Filman oğlunu sağ qolunun çiyin nahiyyəsindən tək bir süfrəyə qonan arı sancmış, 30.10.2017-ci il tarixdə qolunda yaranmış şişin tez çəkilməsi istəyiylə Sabunçu rayonu 3 saylı Kliniki Tibbi Mərkəzə müraciət etmiş, burada həkim cərrah Tağı Əliyev və Aydın Kazımov oğlumdan daha çox pul almaq üçün onu bir gün xəstəxanada saxlamış, səhərisi gün heç bir zərurət olmadığı və ailə üzvlərimizin, şəxsən mənim və həyat yoldaşımın etirazına baxmayaraq, mənim iştirakım olmadan və gəlişimi gözləmədən oğluma əməliyyat otağında deyil, çox saylı xəstəsi olan palatada anestezoloq olmadan, heç bir analiz və tibbi yoxlama aparmadan narkoz vurmaqla onu şoka salıb ki, bu şokdan rəhmətə gedən oğlumu şokdan çıxarmaq üçün palatada heç bir tibbi ləvazimat olmadığından qolunu kobud şəkildə cırmışdır. Yarılmış nahiyyə belə ekspert otağında tikilib.

Həkim Tağı Əliyev və Aydın Kazımov mənim oğlumun qatilidir və orqan mafyasının üzvüdürlər.

Belə ki, 3 saylı ŞKX-nın baş həkimi Fikrət Zeynalovun (qardaşı Ramiz Zeynalov – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru, qardaşı Tofiq Zeynalov– Tovuz rayonunun sabiq İcra hakimiyyətinin başçısı), müalicə üzrə müavini, Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasının müdiri və həmin institutun rektoru, t.e.d., professor Avropa Cərrahlar və Qastroenteroloqların Assossasiyasının və Amerika cərrahları Assosiyasiyasının üzvü Nazim Qasımov və həmin İnstitutun işçiləri eyni zamanda 3 saylı ŞKX-nın cərrahiyyə şöbəsində çalışan Aydın Kazımov və Tağı Əliyev – bu qatillər həm Nazim Qasımovun, həm də Fikrət Zaynalovun işçiləri sayılır və bir komanda kimi birləşib törətdikləri cinayəti də birlikdə müdafiə edirlər. Eyni zamanda Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və PAET və TB-nin rəy verən işçiləri də Nazim Qasımovun tabeliyində çalışan işçilərdi. Ona görə də heç nədən çəkinmədən ağı qara, qaranı ağ yazırlar. 3 saylı ŞKX-da kəsilən başlara sorğu – sual edən yoxdur. Niyə?

Orqan alveri ilə məşğul olan bu komanda bütün güc strukturlarını da susdurmağı bacarırlar.

Sabiq baş Prokuror Zakir Qaralov deyir ki, bizim tibdən başımız çıxmır, ekspertlər nə yazsa biz onu qəbul edirik. Müstəntiqlər isə süründüməçiliklə və hər vasitə ilə qatilin müdafiəsinə çalışırlar. Hətda qatillərlə əlbir olaraq saxta istoriya düzəldib işin içinə yığırlar. Cinayətin açılması üçün heç bir addım belə atmırlar. Əksinə ört basdır etməyə çalışır və tutduğum vəkilləri satın alırlar.

Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekpertiza və PAET və TB (Prezident və onun administrasiyasının nəzarətində olmayan) dövlət içində kiçik bir dövlətdir.

İndiyədək 7 dəfə cinayət işinin başlanmasının rədd edilib Məhkəmə Nəzarəti qaydasında yenidən rədd qərarının ləğv edilməsinə, işin obyektiv araşdırılması üçün Məhkəmələr tərəfindən edilən tövsiyyə və tapşırıqların heç birinə müstəntiqlər əməl etmir. Nə üçün?

Müstəntiqlər Nazim Qasımovun adı ilə bağlı olan saxta konsilima və titulununa istinad edərək heç bir araşdırma aparmadan rədd qərarı qəbul edirlər. Hər dəfə də Nazim Qasımovun ifadəsinin alınmasına söz versələr də sonda nəticəsiz qalır. Mən 3 ildir məhkəmələrdə süründürülərək aşağıdakı adi tibbi suallarıma cavab ala bilmədiyim kimi.

Mən bütün bunları və “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunun 10-cu maddəsini, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini (Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.) nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, t.e.d., professor Nazim Qasımovdan bir neçə aşağıdakı tibbi suallara rəsmi cavabın verilməsini Xahiş edirəm.

Bir arının (adi süfrə arısı) sancması nəticəsində insan hansı miqdarda zəhər qəbul etmiş olur?

Bir arının sancmasından 3 gün keçdikdən sonra 24 yaşında olan cavan adam aneflaktik şok keçirə bilərmi?

11.2017-ci il tarixdə oğlumun qatili Tağı Əliyev Xəzər TV-yə verdiyi ifadəsində ölüm səbəbini aşağıdakı kimi göstərmişdir.
“Burda ümumi yerli arı sancmasından sonra toksiki allergik reaksiyalar ön plana çıxmışdır. Bu heç də bütün xəstələrdə müşahidə edilmir, nadir hallardan biridir. Ancaq hər 200 haldan birində belə bir fakt üzə çıxır və daha çox özünü həssas xəstələrdə göstərmiş olur. Xəstənin ümumi vəziyyəti aparılan müalicə tədbirlərinə baxmayaraq getdikcə pisləşmiş və xəstə rəhmətə getmişdir”.

Sualım odur ki, arı sancmasından qolunda yaranan şişin tez çəkilməsi istəyi ilə xəstəxanaya tək başına gəlib müraciət etmiş oğluma həkimlər tərəfindən heç bir tibbi müdaxilələr olmasaydı, arı sancmasının 4-cü günü öz-özündən toksiki alergik reaksiya baş verə bilərdimi? Öz-özündən ölüm ola bilərdimi?

Sağ qolun çiyin nahiyyəsində əzələdən bir arının sancması 3 gün ərzində fleqmona yarada bilərmi?

Ümumiyyətlə arı sancmış adamda fleqmona olurmu?

Əgər olursa bir ədəd arının sancması nəticəsində fleqmona nə qədər müddətdən sonra başlaya bilər?

Bəs apsesləşmiş fleqmona nə qədər müddətdən sonra başlaya bilər?

Bir ədəd süfrə arısının sancmasından 3 gün sonra bağlı çiyin nahiyyəsində arının sancma nöqtəsini belə təyin etmək mümkün olmadığı halda anaerob infeksiya yarana bilərmi?
Oğlumun yuxarı bazu nahiyyəsindən bir süfrə arısı sancmış, sancma sahəsində 3 gün müddətində yaranan şiş punksiya edilmiş, lakin irin müəyyən edilməmişdir. Ona absesləşmiş fleqmana diaqnozu qoyulması düzgündürmü?

Bir ədəd süfrə arısının sancması nəticəsində yaranmış şişin çəkilmə müddəti nə qədərdir?
Arı sancmış şəxsdən heç bir analiz götürmədən və allergik anamnez nəzərə alınmadan ona hər hansı bir kimyəvi maddə və ya narkoz vurula bilərmi?

Narkoz verilən xəstəni əməliyyat otağında deyil, reanimasiya palatasında xeyli xəstənin yanında əməliyyat etmək olarmı?
Bir arının sancmasından 3 gün keçdikdən sonra qolda qanqrena yarada bilərmi?

Bir arının sancmasından 3 gün keçdikdən sonra heç bir müdaxilə olunmasa arı sancma səbəbindən gənc bir adam vəfat edə bilərmi?
3 saylı şəhər kliniki Xəstəxanasının həkimi Əliyev Tağı Müşviq oğlu Sabunçu rayon Prokurorluğuna və Bakı şəhər prokurorluğuna verdiyi ifadəsində göstərmişdir ki, Cavid İmanlının vəziyyətinin kritik olması səbəbindən 31.10.2017-ci il tarixində saat 11-12 radələrində şöbə müdirləri, baş həkimin müalicə üzrə müavini və cərrahiyyə kafedrasının professoru Nazim Qasımovun iştirakı ilə yarım saat davam edən konsolsium keçirilmiş və 3 gün ərzində 1 arının sancmasından yaranan şişin cərrahi əməliyyat olunmasına qərar vermisiniz. Bilmək istəyirdim ki, həqiqətən bu konsolsium keçirilibmi və Siz belə bir qərar vermisinizmi?

Əgər belə bir qərar vermisinizsə heç bir tibbi yoxlanış və analizi olmayan, hətda xəstəxanada qeydiyyata belə alınmayan bir şəxs barəsində konsolsium keçirərək nəyə əsasən “Sağ bazu nahiyyəsinin anerob fleqmona” diaqnozunu təsdiq etməklə əməliyyata alınmalıdı qərarını vermisiz?
Əgər keçirilibsə nəyə görə gizli şəkildə keçirilib ki, heç bir ailə üzvlərinin və şəxsən mənim nə bu konsolsiumdan, nə də təyin olunmuş diaqnozdan xəbərim olmayıb?
Bir də bilmək istərdim ki, Siz həqiqətənmi 3 saylı ŞKX-nın baş həkiminin müalicə üzrə müavini vəzifəsində çalışırsız?
Arı heç bir pisliyə, mikroba və bakteril olan bir yerə qonmaz. O süfrəmizə gələn bal üçün həmişə halal yerlərdə çalışır. Çünki buna əmr verən Uca Allahdı.

Sualları cavablandıran şəxsə bildirmək istəyirəm ki, söhbət açıq yaralardan, travmalardan, yanıqlardan, heyvan dişləməsi, uzunmüddətli sıxılma sindromundan getmir. 3 gün ərzində bir ədəd arının sancması nəticəsində sancma sahəsində yaranan şişdən gedir. Onun ucbatından bir gəncin öldürülməsindən, toyunun yasa çevrilməsindən gedir. Sizdən Xahişim odur ki, bir valideyin kimi Allahdan qorxub sualları mahiyyəti üzrə obyektiv cavablandırasınız.

Hörmətli Birinci Vitse-Prezident!

Mənim başqa ümid yerim və gümanım yoxdur. Son ümid yerim Sizsiniz. Xahiş edirəm ki, 3 illik bu süründüməçiliyə son qoyub, mənim adi tibbi suallarımın obyektiv cavablandırılmasına göstəriş verəsiniz!

Həkimin günahı ucbatında ölən 24 yaşlı İmanlı Cavid Filman oğlu

Kanal32.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button