Ədəbiyyat

Hamıya əl tutmağa çalışan insan- ANAR MƏMMƏDOV YAZIR

Dünya doğrudan da fanidir. Və insan hansısa əzizini itirəndə bu faniliyin bir daha şahidi olur. Bu itki uzun zaman bizi yandırır, göynədir, xatirələr düşüncələrimizi rahat buraxmır. Amma neyləmək olar ki, əlimiz heç yana çatmır. Çünki, həyatın öz qayda-qanunu var və bu qaydaları hələ bir bəşər övladı dəyişə bilməyib. Aşur müəllimin də itkisi belə yandırır onu tanıyanları.

Dekabrın 18-də görkəmli kitabxanaşünas alim, tarix üzrə fəlsəfə doktoru Aşur Müseyib oğlu Əliyevin cismani yoxluğundan 40 gün ötür.

Bakı Dövlət Universitetinin “Kitabxanaçılıq-İnformasiya” fakültəsi “Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının dosenti Aşur Əliyevin Respublikada kitabxanaşünaslıq elminin inkişafında, eləcə də yüzlərlə kitabxanaçı kadrın hazırlanmasında böyük əməyi olub.

Aşur Müseyib oğlu Əliyev 1946-cı il iyunun 1-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 30 ilə yaxın idi ki, Zəngilanın işğal altında inləməsi Aşur müəllimi göyüm-göyüm göynədirdi. Sözünün əvvəli də Zəngilan idi, axırı da. Hər dəfə də söhbət düşəndə  o yerlərin gözəlliklərindən: Bəsitçay, Oxçucay, Süsən meşə, Miyan dərə, Cəvizli, Şükrataz və buranın digər səfalı, axarlı-baharlı güşərindən, sərin meşələrindən, bum-buz bulaqlarından ağız dolusu danışardı. Xiffətini çox çəkirdi o yerlərin… Və o yerlərə təkrar ayaq basmaq nəsib olmasa da, nə yaxşı ki, Zəngilanın işğaldan azad olunmasını görmək qismət oldu Aşur müəllimə.

2020-ci il oktyabrın 20-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında  müzəffər ordumuzun Cəbrayılla Füzulidən sonra Zəngilanı da işğaldan azad etməsi xəbərini Azərbaycan Televiziyası vasitəsi ilə ölkə başçısından eşitməyimiz bütün xalqımızı inanılmaz dərəcədə sevindirdi. Zəngilandan xeyli dostlarım olmasına baxmayaraq, mən göz aydınlığı vermək üçün dərhal Aşur müəllimə zəng elədim. İnanın səmimiyyətimə, elə kövrəlmişdi ki, telefonda uşaq kimi ağlayırdı. Sevinci yerə-göyə sığmırdı.

Onun bütün uşaqlıq dövrü də Zəngilanda keçmişdi. 1953-1957-ci illərdə Baharlı kənd ibtidai məktəbində oxuyan Aşur Əliyev ilk təhsilini Aslan Vəliyev kimi mahir pedaqoqdan almışdı. Daha sonra 1958-1965-ci illərdə 8-illik Mincivan kənd və 11-illik Mincivan dəmiryolu məktəbində təhsilini davam etdirmişdi. Bu yerdə qeyd edim ki, Aşur müəllimin atası da tanınmış dəmiryolçu olub. Müseyib Əliyev ömrünün 40 ilini Ordubad dəmiryolu idarəsində çalışıb və uşaqlarını halal zəhmətlə, min bir əziyyətlə böyüdüb.

Aşur Əliyev orta məktəbi əla qiymətlərlə başa vurar-vurmaz elm, təhsil dalınca Bakıya yola düşür. İstedadına və savadına güvənən Əliyev imtahanlardan uğurla çıxaraq tələbə adını qazanır,

1969-cu ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirən Aşur Əliyev hərbi xidməyə yola düşür. Ordu sıralarında 1 illik xidmətdən sonra Abşeron rayonu Şurabad kənd mədəniyyət evinin müdiri vəzifəsində ilk əmək fəaliyyətinə başlayır.

Yarandığı ilk gündən unudulmaz alim, mərhum professor Abuzər Xələfovun müəllimliyi ilə “Kitabxanaçılıq-informasiya” fakültəsinin yetirmələrinin və əməkdaşlarının Azərbaycanda kitabxana işinin öyrənilməsi, təşəkkülü və inkişafı istiqamətində  tarixə düşəcək işləri olub. Bu sırada Aşur Əliyevin də öz yeri var idi. Belə ki, A.Əliyev 1974-1977-ci illərdə “Kitabxanaçılıq” fakültəsinin aspirantı olub. Dissertasiya işi də çox mühüm və maraqlı bir mövziya – “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixinin öyrənilməsi”nə həsr olunmuşdu. Maraqlısı budur ki, bu mövzu o dövrə qədər tədqiqat obyekti olmayıb. Bu, ilk təşəbbüs idi. Odur ki, belə bir mövzunu elmi dövriyyəyə daxil etmək böyük zəhmət, hünər və əzmkarlıq tələb edirdi. A.Əliyev uzun müddət Azərbaycan və Naxçıvan Muxtar Respublikalarının arxivlərində, Mərkəzi Kitabxanalarında və əlaqədar təşkilatlarında fundamental elmi araşdırmalar aparıb. Mövcud ədəbiyyatın, əlyazmaların və dövri mətbuat materiallarının peşəkarlıqla əlaqələndirilməsi nəticəsində geniş elmi ictimaiyyətin xəbərsiz olduğu xeyli maraqlı faktlar və hadisələr müəllif tərəfindən üzə çıxarılıb, işıq üzü görüb. Bunların nəticəsidir ki, qədim diyarımız olan Naxçıvan Muxtar Respublikasında 1920-1985-ci illərdə kitabxana quruculuğu sahəsində əldə edilən nailiyyətlər haqqında elmi ictimaiyyətimiz dəqiq məlumatlar əldə etmişdi. Bu, ölkəmizdə, o cümlədən, ulu Naxçıvan Muxtar Respublikasında kitabxana işinin öyrənilməsinə bəxş edilən böyük töhfə idi. İllərdir tələbələr, aspirantlar, gənc alimlər, bir sözlə bu sahənin tədqiqatçıları bu mənbədən minnətdarlıqla bəhrənəlirlər.

Beləliklə, Aşur Əliyev 1991-ci ilin martın 31-də Bakı Dövlət Universitetinin Tarix fakültəsinin İxtisaslaşdırılmış bir dəfəlik Şurasında uzun illərin gərgin zəhmətinin, yorulmaz araşdırmalarının və yuxusuz gecələrinin bəhrəsi olan “Naxçıvan MSSR-də kitabxana işi (1920-1985-ci illər)” adlı dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdü. 1992-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi dərəcəsi təqdim edilmişdi.

Aşur Əliyev gənc nəslin maariflənməsi işində də az işlər görməmişdi. Onun müəllifi və ya həmmüəllifi olduğu elmi məqalələr, tədris-metodik vəsaitlər, proqramlar milli kitabxanaşünasıq irsinə daim töhfə verib. Onun qələmindən çıxan “Təbiətşünaslığa dair ədəbiyyatın təsviri, təsnifləşdirilməsi metodikası”, “Ədəbiyyatın KBT cədvəlləri üzrə sistemləşdirilməsi”, “Çap əsərlərinin biblioqrafik təsviri qaydaları” və s. metodik göstərişləri kitabxanaşünasıq sahəsi üzrə ədəbiyyat sistemində qiymətli mənbələrdən sayılır.

Müstəqil Azərbaycanda kitabxanaşünaslıq elmimizin ən böyük nailiyyətlərindən biri “Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının professor-müəllim heyətinin böyük zəhməti hesabına ərsəyə gələn “Kitabxanaşünaslıq: kitabxana kataloqları” adlı dərs vəsaitidir. Aşur müəllimin  həmmüəllifi olduğu “Kitabxanaşünaslıq: kitabxana kataloqları” dərs vəsaiti isə bu sahə ilə məşğul olanların stolüstü kitablına çevrilib.

Aşur müəllimin bir arzusu da var idi. Belə ki, o, neçə il idi ki, fundamental bir dərslik üzərində çalışırdı. O dərslik xeyli əvvəl də çap oluna bilərdi. Lakin, tələbələrin daha da yeni, lazımi biliklər əldə etməsi üçün Aşur müəllim hər dəfə kitaba əlavələr edir, onu daha da zənginləşdirirdi. Təəssüflər olsun ki, o kitabın çapını görmək Aşur müəllimə qismət olmadı.

40 ilə yaxındır ki, məhsuldar elmi və pedaqoji fəaliyyətlə məşğul olan dosent Aşur Əliyevin ictimai fəaliyyətini də qeyd etməmək olmaz. O, bir sıra ixtisaslaşdırılmış müdafiə şuralarının, 1992-ci ildən isə Fakültə Elmi Şurasının, həmçinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və informasiyaya dair elmi-nəzəri, metodik və təcrübi jurnalların, eləcə də, bəzi qəzet redaksiya heyətlərinin üzvü idi.

Öz müəllim auditoriyası olan sevilən pedaqoq A.Əliyev bütün şuurlu ömrünü Bakı Dövlət Universitetinə, doğma “Kitabxanaçılıq” fakültəsinə bağlamışdı. 1973-cü ildə baş laborantlıqdan başlayan bu yolda müəllim, baş müəllim vəzifələrinə qədər şərəfli yol keçmişdi. Cavan ikən fakültədə dekan müavini işlədiyi müddətdə isə işinin öhdəsindən layiqincə gələrək, həm fakültədə, həm də universitetdə müəllim-tələbə heyətinin böyük rəğbətini qazana bilmişdi. Hər kəslə öz dilində danışmağı bacaran A.Əliyev doğma fakültədə gənc nəslin təlim-tərbiyəsində bilik və bacarığını əsirgəmirdi. O, ömrünün son gününə qədər elmi-pedaqoji fəaliyyətlə həvəslə məşğul oldu və bu fəaliyyətdən bir gün də olsun usanmadı.

Bəli!!!!

Bunlar Aşur müəllimin elmi-pedaqoji məziyyətləri haqqında bildiklərim idi. Bir qədər də onunla qohumluq tellərindən söz açmaq istərdim. 1995-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində (o vaxtlar belə adlanırdı) ilk əmək fəaliyyətinə başladım. Elə o vaxtdan həyatımı bu ocağla bağladım. Radionun səs operatoru vəzifəsindən səs rejissoru, rejissor vəzifələrinə qədər pillə-pillə yüksəldim. Bu dönəm  taleyimin ən mürəkkəb, itkili, yaralı, lakin yaradıcılıq baxımdan ən gözəl illəri oldu. İndiki bir sıra uğurlarıma görə də mən bu sehirli ocağa borcluyam. Elə gələcək Aşur müəllimin qızı ilə də orada tanış olmuşdum.

O dövrdə atam neçə illik xəstəlikdən sonra dünyasını dəyişmişdi. Anam da atamdan sonra infarkt keçirərək yataq rejimində idi. İlk dəfə söhbəti evdə açanda mənə: “Kimlərdəndir?”, sualını verdilər. Mən, “Universitetdə Aşur müəllimin qızıdır”, deyəndə, ocağlarında böyüdüyüm, Bakı Dövlət Universitetinin dosenti olan xalam Mələk Qasımzadə də, onun ömür-gün yoldaşı, “İstiqlal” ordenli akademik Fuad Qasımzadə də (bu xəbərə çox sevinmişdilər, ruhları şad olsun): “Aşur müəllim bizim dostumuzdur. Yaxşı kişidir”, demişdilər. Sən demə Fuad müəllim aspirantura illərində Aşur müəllimin müəllimi olubmuş. Bəlkə də elə bu səbəbdən elçiliyə gedəndə Aşur müəllim: “Bu evə bu günə qədər çox elçi gəlib. Hər birinə də “yox” demişik. Amma bu gün bu evə xalqımızın fəxri, mənim də əziz və sevimli müəllimim Fuad Qasımzadə gəlib. Allah mübarək eləsin”, deyə xeyir-dua vermişdi…

Beləliklə, 2004-cü ilin noyabrından bu ailə ilə qohum olduq. O gündən bu ailə ilə bir evli kimi qaynayıb-qarışdıq. Arada fövqəl bir mehribançılıq, hörmət-izzət yaranmışdı. Fuad müəllim ən əlamətdar günlərdə dəvətə ilk olaraq Aşur müəllimdən başlayardı. Yerini də süfrənin başında, öz yanında saxlayardı. Hər görüşdə də elm-tədrisdən də danışılardı, zarafat da edilərdi, nəğmə də oxunardı və s.. Amma təssüflər olsun ki, hər iki ailənin belə unudulmaz, şən, nümunəvi günləri çox sürmədi. 2006-cı ilin 22 dekabrında anam dünyadan köç etdi. 2010-cu ilin 3 avqustunda Fuad müəllim fəlsəfi dünyaya əbədi “əlvida” dedi. Ondan sonra davam edən 1 il, 4 aylıq əzablı ömründə isə Mələk xanımı artıq heç nəylə ovutmaq olmadı…

Bəli, Aşur müəllim onu tanıdığımız ilk gündən özünə qarşı belə hörmət qazanmışdı. Çünki, o, səmimi, qayğıkeş, humanist və orijinal ünsiyyətcil insan idi. Bu səbəbdən onunla edilən söhbət də səmimi alınırdı. Onunla hər mövzuda söhbət edə bilərdin. O, həm təmkinlə dinləməyi bacarır, həm də yeri gələndə məsləhətini əsirgəmirdi. İşdən evə gələndə də ilk bizə zəng edər, hal-əhval tutardı və bu artıq bir ənənə halını almışdı.

Biz, vaxtaşırı görüşlərimizdə elm, təhsil, tədrislə bağlı fikir mübadiləsi aparırdıq. Qazanılan uğurlarla, qarşıda duran müəyyən problemlərlə bağlı təəssütratlarımızı bölüşürdük. Bəzən (xüsusən, gərgin anlarda) söhbətimiz duzlu-məzəli istiqamət də alırdı. Bizi bir yerdə söhbətləşən, dərdləşən görənlər bəzən hətta qibtə etdiklərini də gizlətmirdilər.

Mən, hər növbəti görüşümüzdə bu insanı daha da yaxından tanıdıqca vaxtilə Fuad müəllimin, Mələk xanımın “Yaxşı kişidir” kəlmələri düşüncəmdə bir daha təsdiqini tapırdı. Bu təsdiqin başqa bir təzahürü isə Aşur müəllimlə həm də yaxın dost olmağım idi. Bəli, aramızda olan bu qədər yaş fərqinə, balalarımın babası olmasına baxmayaraq, biz, həm də dost idik. Bəlkə də bir kimsəyə deyə bilmədiyi sözünü bir-birinə ərklə, kişiyanə deyə biləcək dost. Aşur müəllim dost kimi bir qohum, qohum kimi dost idi. Çünki, Aşur müəllim qəlbi təmiz insan idi. Və o, təkcə mənim dostum deyildi. Tanıyan hər kəs Aşur müəllimi özünə yaxın dost, sirdaş bilirdi…

Ruhu şad olsun!

Anar Məmmədov,

Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin,Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü

11.12.2021

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button