Köşə

Fuad Qəhrəmanlı, AXCP-nin yarlığı alnındakı xəyanət damğasıdır! TƏRS BAXIŞ

Yaxud, komsomolçunun inqilabçı matros vasitəsi ilə “ağılqoyma” üsulu baş tutmadı

AXCP adlı siyasi təşkilatın sədriqarışıq, bütünlüklə ölkə müxalifətinə üz qarası olması faktı kimsəyə sirr deyil. Bu üz qaralıqlarını illərdir ki, müşahidə etməyimizlə yanaşı, adıçəkilən partiyanın, eləcə də ətrafında yedəklədiyi və iflasa uğramış qurumların özlərini xalqdan necə təcrid etməsinin də şahidləriyik. Məsələn, bu gün “Milli Şura”nın AXCP sədri Əli Kərimlinin yedək təşkilatı olduğunu kimsə inkar edə bilməz. Təkcə bir faktı önə sürsək, onların alınlarındakı xəyanət yarlığının necə bərq vurmasını çox rahatlıqla görə bilərik – əgər bu gün Ə.Kərimli özünü AXCP-nin sədri kimi təqdim edirsə, cəbhə partiyasını “yeganə real müxalifət təşkilatı” olduğunu iddia kimi irəli sürürsə, bütün bunların kökündə onun AXCP-ni işğal etməsi faktının dayandığını deyə bilərik, bu birmənalıdır!

Bu gün həmin Əli Kərimlinin yan-yörəsi nə qədər çalışsalar da həmin faktları, dəlil və sübutları, alınlarındakı xəyanət yarlıqlarını silə bilməzlər…

Əslində bu barədə kifayət qədər yazılıb və deyilib və əsas arxiv faktları məhz əlçatan “Yurd həqiqətləri” kitabında dəlilər və sübutlarla, ayına ilinə, qəzet nömrələrinə qədər hazırda da mövcuddur. Sadəcə, ümumiləşdirərək bir daha deyə bilərik ki, partiya daxilində qruplaşma yaradaraq, mərhum sədr Əbülfəz Elçibəyə qarşı olmazın xəyanət və şəratma kampaniyaları düzənləyərək, nəticədə sədrlik kreslosunu ələ keçirən, qəsb edən, işğala məruz qoyan da məhz Əli Kərimlidir! Bu gün həmin Əli Kərimlinin yan-yörəsi nə qədər çalışsalar da həmin faktları, dəlil və sübutları, alınlarındakı xəyanət yarlıqlarını silə bilməzlər…

Belə olan halda Ə.Kərimlinin keçmiş sədr müavini Fuad Qəhrəmanlının təmsil olunduğu partiyasını və sədrini təmizə çıxarmaq cəhdini bəri başdan realizə olunmamış uğursuz plan kimi qiymətləndirmək olar. Hansısa “missiyadan”, “ideoloji cərəyandan” dəm vuran F.Qəhrəmanlı çox yəqin onu da unudub ki, AXCP və “Milli Şura”nı bəytərifinə mindirməyə çalışdığı vaxtdan bir neçə gün əvvəl məhz onun Fransada “siyasi mühacir” saxtakarlığı altında erməni lobbisinin pul-parası, mükafatları ilə dolanan partiyadaşı Qənimət Zahid çox rahat şəkildə əsas missiyalarının hakimiyyətə şər atmaq olduğunu istər yarızarafat, istərsə də yarıgerçək şəkildə etiraf etdi, özü də Ə.Kərimlinin gözləri önündə… (?!-R.R.)

Təəccüblü deyil əslində. Ona görə təəccüblü deyil ki, məhz xəyanət, satqınçılıq, şərçilik vasitəsi ilə sədrlik postunu mənimsəməkdən ötrü “liderim” dediyi şəxsə qarşı ən ağır söyüşlər yağdıran bir məxluğun – Ə.Kərimlinin Avropadakı yandaşı iqtidara şər-böhtan atdığını etiraf edir!

İndi ayılıb-görüblər ki, demə özlərindən təcrid etdikləri xalq amili onlara daha çox nifrət etməyə başlayıb

F.Qəhrəmanlının var-gəli də əbəs deyil əslində. Daha dəqiq desək, onun müraciət xarakterli qeydlər aparması üçün bilavasitə ağasından əmr alması da gizlin deyil. Bilirsinizmi nəyə görə? Son vaxtlar “Milli Şura” kontekstində keçirilən “zoom” iclaslarda özləri qalsın bir yana, xalqı ələ salmaları, hadisələrə ironik münasibət bildirmələri, hətta sətiraltı təhqirlərə yol vermələri, xüsusilə neftin qiymətinin aşağı düşməsi səbəbi ilə təbriklər ünvanlamaları, iqtisadiyyata xələl vura biləcək haldan məmnun qalmaları və bütün bunları seyr edən Ə.Kərimlinin xısın-xısın gülümsəməsi sözügedən fikirləri ictimailəşdirməyə vadar edib. İndi ayılıb-görüblər ki, demə özlərindən təcrid etdikləri xalq amili onlara daha çox nifrət etməyə başlayıb. Üstəlik, siyasi orientasiyalarının hansı istiqamətdə olması da bəlli görünməyən bir kəslərin milli, əxlaqi dəyərləri də ayaq altına almalarından doğan narazılıqları da buraya əlavə edərsək, nəyin-nə olduğunu kifayət qədər müəyyən edə bilərik. İndi çox yəqin ki, Ə.Kərimlinin əl-ayağa düşməsi, F.Qəhrəmanlıya “təmizəçıxarma” əməliyyatını tapşırması da bu xüsusdadır. Məgər son dövrlərdə istər AXCP-dən, istərsə də “Milli Şura”dan gedənlərin haqlı, sərt və əsaslandırılmış ittihamları da belə düşünməyə, qənaətə gəlməyə zəmin yaratmırmı???

AXCP, indi əriyərək yoxa çıxan kiçik buz parçasına dönüşərək lehimlənib və çirkab sulara qarışmaqdadır

Zamanında siyasi müxalifətin aysberqi kimi təqdim olunan AXCP, indi əriyərək yoxa çıxan kiçik buz parçasına dönüşərək, lehimlənib və çirkab sulara qarışmaqdadır. Narahatdırlar, təlaşlanırlar, hər şey əldən gedir, hətta ümid bəslədikləri xarici ağaları da onlardan üz döndərib. Ona görə də, son vaxtlar guya ki, fəallaşdıqlarını sərgiləməyə cəhd edirlər. Bu gün Ə.Kərimlinin baxışlarının Ermənistanın siyasi dairələri ilə eynilik təşkil etməsi faktı da bunu isbatlayır və əvvəllər də dəfələrlə isbatlayıb. Yenə də əlahəzrət fakta müraciət edək. F.Qəhrəmanlı “millət”, “xalq” bağırarkən unutmamalıdır ki, 2016-cı ilin Aprel müharibəsində şanlı Ordumuz düşmənin burnunu əzişdirib, yerinə otuzdurduqdan sonra, onun “ağır məsuliyyətli missiya” daşıyan AXCP sədri və “Milli Şura”dakı yandaşları Silahı Qüvvələrimizin qələbəsinə ləkə yaxdılar və həmin ləkə dərhal düşmən KİV-lərində manşetlərə çıxarıldı. Axı faktlar var, sübutlar var “bəylər”, onları inkar etmək üçün insan nə qədər arsız və həyasız olmalıdır axı..?!

Kim ki, əvvəlki səhvlərini düzəltməyə çalışırsa, kim ki, həyatına yeni səhifədən başlamaq istəyini ortaya qoyub, partiyadan istefa vermək istəyirsə dərhal söyüş, küfr, həqarət, təhqir hədəfinə çevrilir

Ancaq inkar etmək olmaz ki, bu gün AXCP-də elələri də var ki, onlar ailələrinin, övladlarının, özlərinin Ə.Kərimlinin söyüş maşınının təsiri altına düşməməsi üçün, bağırsaqlarını çeynəyə-çeynəyə, məcbur şəkildə partiya sıralarında qalmaqdadırlar. Kim ki, əvvəlki səhvlərini düzəltməyə çalışırsa, kim ki, həyatına yeni səhifədən başlamaq istəyini ortaya qoyub, partiyadan istefa vermək istəyirsə dərhal söyüş, küfr, həqarət, təhqir hədəfinə çevrilir. Məgər AXCP-dən, “Milli Şura”dan istefa verənlərin sonradan hansı ağır ifadələrə məruz qaldıqlarını görmədikmi? Bəlkə də bu gün elə cəbhəçilər var ki, onlar partbiletlərini çoxdan cırıb-kənara tullayıblar, sadəcə bunu ictimailəşdirməyə ehtiyat edirlər, axı qarşıda Ə.Kərimlinin söyüş maşını dayanıb!

AXCP nə zamanda birləşdirici qüvvə olub ki? Bu gün zamanında AXC şinelindən çıxan istənilən müxalifətçidən soruşsan ki, düşərgəni didib-parçalayan kimdir, hansı partiyadır, dərhal barmağını tərəddüd etmədən AXCP-yə, ələlxüsus da Əli Kərimliyə tərəf uzadacaq.

Cəmil Həsənli ümummilli maraqlar baxımından, hakimiyyətlə konstruktivlik və dialoq anlaşmasına gedən müxalifət partiyalarını “tryapka” adlandırarkən buna niyə etiraz etmədin Fuad Qəhrəmanlı?

Bütün bu yalançı iddiaların fonunda Fuad Qəhrəmanlının “Biz bütün qüvvələri ideoloji fərqlilikləri, dəyər müxtəlifliklərini kənara qoyub, öz aralarında rəqabət aparmaqdan, ixtilafa girməkdən çəkinib, ölkədə demokratik dəyişiklik məqsədi ətrafında birgə mübarizəyə çağırmışıq” kimi gülünc ifadəsinə isə yeganə suallı cavab budur: Onda nəyə görə Ə.Kərimli AXCP və “Milli Şura”nı əsas müxalifət təşkilatları olaraq gördüyünü iddia edir və “bizimlə olmayan bizdən deyil” sözü ilə baş qatır? Yaxud, Cəmil Həsənli ümummilli maraqlar baxımından, hakimiyyətlə konstruktivlik və dialoq anlaşmasına gedən müxalifət partiyalarını “tryapka” adlandırarkən buna niyə etiraz etmədin Fuad Qəhrəmanlı? Budurmu sizlərin “Xalq Cəbhəsi və “Milli Şura”nın daha üstün məqsəd uğrunda birləşdiricilik missiyası” ?! Yalan danışıb, sərsəmlik ixrac etməyə sizin kimi boğazdan yuxarı hay-harayçıları bunu etməyə nə vadar edir ki?!

Yeri gəlmişkən, AXCP -“Milli Şura” cütlüyünün uğursuz mitinq və aksiyaları, icazəsiz küçə yürüşləri də onların “missiayalarının” başa çatmasına imkan vermədi. Ən hiddətli məqamlardan biri də budur ki, AXCP sədri Ə.Kərimli dəfələrlə 20 Yanvar və Xocalı soyqırımı günləri ərəfəsində özünə siyasi xal qazanmaqdan ötrü ən biabırçı addımlara rəvac verdi. Xalqın nəhəng kütlə ilə şəhidlərini andığı günlərdə təxribata yol verərək, bütöv bir xalqı “AXCP-nin və “Milli Şura”nın tərəfdarları” kimi qələmə verən, hətta fotomontaj vasitəsi ilə guya arxasınca “minlərlə insanın” getdiyini yalan maşınının istehsalı qismində ictimai rəyə sırıyan Ə.Kəriminin vicdanı bu zaman heçmi sızlamadı?! İnsanların gözlərinin içinə baxa-baxa yalan danışmaq onun üçün bu qədərmi rahatdır?! Yəqin ki, onun vicdanı olsaydı, 19 yanvar mitinqində guya bütün etirazçı kəsimlərin ona dəstək göstərdiyini iddia etməz, “Bu da AXCP-yə və “Milli Şura”ya qınaq deyil, inam və etibar qazandırıb” kimi yalan fikri insanlara sırımazdı. Məsələn, F.Qəhrəmanlıya dedirtməzdi ki, dindarlarla feministlər (?!), cinsi azlıqlar və millətçilər (?!) solçular və sağçılar (?!) guya ki, bir araya toplaşıblarmış və s. Yaxşı, bəs hansı indi onlar?! Hanı dindarlarınızla qol-qola girib bir-birlərinə dəstək göstərən feministlər və cinsi azlıqlar, LGBT tərəfdarları, hansı, haradadırlar..?! Yoxdurlar, ola da bilməzlər. Çünki elə bugünlərdə dindar dediyininz kəsim milli-mənəvi və əxlaqi dəyərləri əsas gətirərək, sizləri rədd etdilər, istefa verdilər. Bu reallığı inkar etmək üçün, “təmizə çıxmaq” üçün edilən cəhdlərə isə yalnız bir adı vermək olar – siyasi həyasızlıq!

AXCP adlı bədnam və anti-xalq təşkilatı, eləcə də onun “Milli Şura” yedəyi çıxılmaz durumda, siyasi ölüm astanasında son nəfəsini verməkdədir

Üstəlik, F.Qəhrəmanlının Ə.Kərimlinin baxış bucağı altındakı gülünc iddialarına “birləşdirici rasional-praqmatik bir siyasi kurs” yarlığını yapışdırması cəhdi həqiqətdə özünüifşa gerçəkliyini daha açıq məkana çıxarmış olur.

Sonda isə bu qaragüruhçu və utopik xəyalpərəstlərin daha bir böhtanına cavab vermək məcburiyyəti yaranır. Yuxarıda da qeyd etdiyimiz kimi, belələri çətin anda dərhal xalqı, cəmiyyəti hədəf seçərək, dövlətçiliyin, dövlətin varlığını təcəssüm etdirən bu amili günahlandırırlar. Diqqət yetirin, F.Qəhrəmanlı bilavasitə Ə.Kərimlinin təsiri altında iddia edir ki, demə “Azərbaycan cəmiyyəti sosial baxımdan hələ elə strukturlaşmayıb ki, sosial təbəqələr öz maraqlarını siyasi, iqtisadi prinsiplərlə ifadə edə bilsinlər” (?!) Çox maraqlıdır, əgər bu gün Azərbaycanda çoxpartiyalı sistem fəaliyyətdədirsə, çoxsaylı ictimai birliklər, QHT-lər müxtəlif sferalarda maraqlarını ifadə edirlərsə, cəmiyyətin seçim azadlığı mövcuddursa, nəticədə – Azərbaycan dövləti və hakimiyyəti dünyada cərəyan edən qlobal hadisələrin müzakirəsi yönündə mərkəz rolunu əldə edibsə, təşəbbüskar və ideyaverici olaraq çıxış edirsə, nəhəng siyasi-hərbi güclərin müzakirə mərkəzi kimi də tanınırsa, Azərbaycan cəmiyyəti bütün bunlara dəstək göstərirsə, xalq olaraq strukturlaşıb dövlətçilik maraqlarını alqışlayırsa həmin cəmiyyəti hədəfə almaq, ittiham etmək nə dərəcədə doğrudur?!

Bax, məsələ də budur – AXCP adlı bədnam və anti-xalq təşkilatı, eləcə də onun “Milli Şura” yedəyi çıxılmaz durumda, siyasi ölüm astanasında son nəfəsini verməkdədir. “Bəlkə qaytardılar” tipli uğursuz xəyallarına dalaraq zaman-zaman “təmizəçıxarma” əməliyyatları isə nəticəsiz qalacaq. Görünür, komsomolçu Ə.Kərimli artıq baş verənləri anlamağa başlayıb və bu səbəbdən də F.Qəhrəmanlını inqilabçı matros qismində yenidən ortaya tullayıb…

Rövşən RƏSULOV

P.S. Rəhmətlik Əbülfəz Elçibəyin ANS-də verdiyi son müsahibəsindəki fikirləri xatırlamaq isə lap yerinə düşərdi: “Əli Kərimli mənim yox, millətin düşmənidir”. Bu həqiqətləri bir daha xatırlamaq üçün isə aşağıdakı linkə baxmaq kifayətdir.sia.az

Analoq.az

Daha çox
Back to top button
Close