Müsahibə

Hüseynbala Mirələmov: “Gərək heç kəs insan olduğunu unutmasın…”

Tanınmış yazıçı, ictimai-siyasi xadim, texniki elimləri doktoru, professor Hüseynbala Mirələmov Analoq.az-ın suallaırnı cavablandırıb.Analoq.az həmin müsahibəni təqdim edir:

– Xoş gördük, Hüseynbala müəllim, necəsiniz?

– Şükür, yaxşıyam, sağ olun.

– Hüseynbala müəllim siz yaradıcılıq fəaliyyəti ilə məşğul olan yazıçılardansınız. Tarixi və bədii romanların, povestlərin müəllifisiniz, teatr səhnələrində oynanılan dram əsərləriniz maraqla izlənilir, vaxtaşırı daimi mətbuatda oxunaqlı bədii publisistik yazılarla da çıxış edirsiniz. Hal-hazırda yaradıcılığınızda hansı yeniliklər var?

– Masamın üzərində gördüyünüz “Şərəfsizlik tarixi” yaxud Vernadski prospektində” kitabı yenicə capdan cıxmış əsərimdir.Necə deyərlər hələ heç mürəkkəbi qurumayıb. (gülür)

Əsəri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, İkinci Qarabağ müharibəsi zəfərinin müəllifi İlham Əliyevə ithaf etmişəm. Non-fiksion janrında qələmə aldığım bu sənədli prozada erməni terrorizmini ifşa etməyə çalışmışam. Osmanlı imperiyası dövründən bu günə qədər ermənilərin törətdikləri vandalizmi, qanlı terror aktlarını sistemləşdirib bədii ensiklopediya formasında tərtib etmişəm. Düşünürəm ki, həm mövzu, həm janr baxımından oxucular üçün maraqlı olacaq.

Kitaba ön sözü Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar müəllim yazıb. İcazənizlə, xalq yazıçısının “Qəddarlıq salnaməsiylə bağlı düşüncələr” sərlövhəli geniş ön sözündən son cümlələri oxuyum: “Hüseynbala Mirələmov bu yeni əsərində məhz erməni qəddarlığını, tarixdə görünməmiş erməni əzazilliyini konkret və danılmaz faktlar, sənədlər əsasında təqdim edir. Bu əsərin vaxtında meydana çıxması ona görə vacibdir ki, o, torpaqları müvəqqəti də olsa işğal edilmiş əhalinin gücsüz gileyi, şikayəti deyil. O, doğma yurdunu qəsbkarlardan ÖZ GÜCÜYLƏ azad etmiş xalqın haqqa, ədalətə, həqiqətə sarsılmaz inamının örnəyidir. Hüseynbala Mirələmov humanist Azərbaycan ziyalısı, yazıçısı kimi əsərinin sonunda erməni personajlarına da rəhm eləyir. Onlar yazdıqları yalançı “şərəf tarixi”ndən imtina edib xalqlarının bəd əməllərindən və özlərinin yanlış əqidələrindən peşman olub düz yola çıxırlar. Təki yalnız bədii əsərlərdə deyil, real həyatda da belə olaydı. Mənə görə elə bununçün Hüseynbala Mirələmovun əsəri Türkiyə türkcəsinə, rus və ingilis dillərinə , bəlkə də ilk növbədə erməni dilinə çevrilib geniş yayılmalıdır».
Sözün həqiqi mənasında çalışacağam ki, Anar müəllimin bu təklifi həyata keçsin. Bu əsər türk, rus, ingilis, hətta erməni dilinə tərcümə olunsun, bu həqiqətlər dünyaya çatdırılsın. Yeni yaradıcılıq planları ilə bağlı sualınıza cavab olaraq onu da deyim ki, yeni bir trilogiya üzərində işləyirəm. Bu trilogiya bütün türk dünyasının fəxr etdiyi Ənvər Paşa, Tələt Paşa və Camal Paşa haqqında olacaq. Trilogiyanın birinci kitabını – “Ənvər Paşa”nı yazıb bitirmişəm. Yəqin ki, bu ilin noyabr ayınadək- Ənvər Paşanın anadan olmasının 140 illiyi münasibətilə kitab işıq üzü görəcək.

– Hüseynbala müəllim, oxucularınızla qarşılaşanda hər hansısa romanınızdan, əsərlərinizdən bir sitat gətirir, bəzən hansısa bir qəhrəmanınız barədə ağızdolusu danışır yaxud başa düşmədiyi məqamları aydınlaşdırmaq istəyirlər. Müəllif kimi hansı hissləri keçirirsiniz? Sizdə bir doğmalaşma ya da qısqanclıq hissi yaranmır?

– Tam səmimi deyim ki, qürur hissi keçirirəm, qəlbimi razılıq, oxucuya minnətdarlıq hissi bürüyür. Hətta xəfif bir sevinc yaşayıram. Düşünürəm ki,yaradıcılıqda nələrisə demişəm ki, indi onu oxucular yaddaşına həkk edib sitat gətirirlər, mənə qaytarırlar, lap elə dillər əzbəri olur. Bəli, həqiqi mənada yaradıcı adam üçün bu çox xoşdur.

-Yaradıcılığa nə qədər vaxt sərf edirsiniz, ümumiyyətlə, harada yazıb yaradırsınız?

– Yaşadığım evdə iş kabinetim var. Masam üzərində kağızlarım, qələmlərim, cızmaqaralarım, daim mütaliə elədiyim, səhifələrindən əlfəcinləri görünən tarixi, sənədli kitablar…

Balzak yazırdı ki, yaxşı yazmaq üçün fikirləşməyi öyrənmək lazımdır. Yazı masam özümlə baş-başa qalıb fikirləşdiyim, ədəbiyyatla inzivaya çəkildiyim yaradıcılıq guşəmdir.

Yaradıcılıq üçün hansısa bir mühit olmalıdırmı?

– Mənə görə sübh vaxtı yazıb-yaratmaq üçün ən əlverişli saatdır. Böyük əsərləri oxuyanda da, yazanda da, mütləq səhər saat 5-də oyanıram, təxminən saat 8-9-a qədər vaxtımı mütaliəyə, yazıya sərf edirəm. Dediyim vaxt aralığında tam səssiz bir mühit hökm sürür, beyin də oyaq olur. Bir Tanrım, bir də mən… Elə bilirəm ki, həmin vaxt mənimlə Yaradan arasında güclü rabitə olur. Saatlarla, günlərlə axtardığım ədəbi düyün o an acılır.

Bəs mövzuları necə planlaşdırırsınız?

-Hazırda sizinlə söhbət edirəm, amma beynimdə gələcəkdə yazmaq istədiyim əsərin hadisələri, süjeti dolanır. Əslində həmin mövzu ilə uzun zaman yaşayıram. Həmsöhbət olduğum insanların xarakterlərində, cizgilərində yazacağım detalları axtarıram. Xüsusilə hər hansı bir əsərin qəhrəmanını düşünürəmsə, mütləq o fikir də mənimlə bərabər hərəkətdədir. Məncə planlı ədəbiyyat olmaz, olmamalıdır. Bəlkə də planlı məqalə yazmaq olar, amma bədii əsər yox. Bədii əsərin süjeti yüyənsiz at kimidir…

-Zaman-zaman çoxşaxəli fəaliyyətinizdə yaradıcılıqla bərabər siyasət, istehsalat, pedaqoji fəaliyyət də olub. Çoxsaylı elmi kitabların və məqalələrin müəllifisiniz, amma bunlardan əvvəl, hələ çox gənc ikən bədii yaradıcılığa başlamısınız. Sizcə, parallel fəaliyyətiniz yaradıcılığınızın böyük bir hissəsini zəbt etməyib, tükəndirməyib ki?

– Bu suala bizim ulu şairimiz, böyük Bəxtiyar Vahabzadənin təbirilə cavab vermək istərdim. “Alim Bəxtiyarı şair Bəxtiyar, qatlayıb dizinin altına qoyar”. Bəxtiyar müəllim böyük ictimai xadim idi, həm də alim idi. Amma o calışırdı ki, həmişə şair Bəxtiyar, alim Bəxtiyardan öndə olsun, güclü olsun. Mən də bu prinsiplə yaradıcılığımı inkişaf etdirmişəm, daha dəqiq desək, birini digərinin hədəfinə cevirməmişəm. Bilirsiniz, daxilimdə bədii yaradıcılığa bir həsrət olub, çünki uzun illər istehsalatda çalışmışam. Əlbəttə ki, buna görə də yazıb-yaratmağa vaxtım az olub. Ancaq yaradıcılıq mütləq ən son nöqtədə insanı özünə qaytarır. Bu, özünəqayıdışların ən gözəlidir…

Gündəmi izləyə bilirsiniz?

– Sosial şəbəkələrdə aktivəm, mətbuatı oxuyuram, gündəmi izləyirəm. Ümumiyyətlə, hər bir ziyalı , vətəndaş yaşadığı dövrün ictimai- siyasi hadisələrini izləməli, nəbzini tutmalıdır. Dünyadakı hadisələrdən xəbərsiz yaşamaq mümkün deyil.

Bəxtiyar Vahabzadənin yaradıcılığından nümunə dediniz, mən də Xəlil Rzadan sitat gətirmək istəyirəm. “Ələk-vələk, darmadağın otağın da yaddaşı var…” Elə sizinlə bu gün görüşümüz Xəzərin sahillərindədir. Suyun da yaddaşı var deyirlər, dənizin yaddaşı isə bir ümmandır. Maraqlıdır, yaddaşı olan bu doğma Xəzərlə nələri bölüşürsünüz?

-Bu sual lap ürəyimdən oldu. Həmişə Xəzər mənə nələrisə deyir, mən ona nələrisə danışıram. Aramızda bircə fərq var, mən həmişə sükutumun dili ilə hər şeyi ona nəql edirəm, o isə əhval-ruhiyyəsindən asılı olaraq gah həzin-həzin pıçıldayır, gah da dəli, quduz dalğaları ilə hayqırır. Dəniz də insan kimidir- gah lal-dinməz, gah hiddətli…

– Əsərlərinizin böyük əksəriyyətində vətənpərvərlik mövzusu, Vətən sevgisi, vətəndaşlıq mövqeyi ana xətt kimi keçir…

-Vətənpərlik, Vətən sevgisi son dərəcə müqəddəs məsələdir. Daima əsərlərimdə yer alıb. Birinci Qarabağ savaşında torpaqlarımız işğal olunanda ilk səsini qaldıran yazıçılardan biri də mən oldum. Yəqin ki, ədəbiyyatsevərlər, teatrsevərlər “ Xəcalət” povestini yaxşı xatırlayırlar. Bu əsərim həmin illərdə yaranıb. Ümummilli lider Heydər Əliyev də həmin əsərimi cox bəyənmişdi. Sonralar ”Xəcalət” povestinin əsasında “Xəcalət” pyesini yazdım. Həmin əsər on illərdir Akademik Milli Dram Teatrının səhnəsində oynanılır. Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi “Xəcalət” tamaşası xüsusilə yaddaqalan olub. Görkəmli aktyorlar- Nurəddin Mehdixanlı, Ramiz Novruz, Mətanət Atakişiyeva və diğərləri əsərdə rol alıblar. “Xəcalət” dünya festivallarında nümayış olunub, dörd dəfə beynəlxalq mükafatlara layiq görülüb.

Daha sonra vətənpərvərlik mövzusunda “Vicdanın hökmü” əsərini qələmə aldım. Rəhmətlik Hüseynağa Atakişiyev Gənclər Teatrında əsəri səhnələşdirdi. “Güllələnmiş heykəllərin fəryadı” adlı essem isə Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində oynanılıb. Ulu öndər Heydər Əliyevin çox sevdiyim bir cümləsini xatırlatmaq istəyirəm: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Bu baxımdan Vətənimin taleyini bədii yaradıcılığımın qayəsinə çevirmək bir vətəndaş kimi, bir yazıçı kimi də borcumdur.

Sizin üçün dostluq nədir, necə dostsunuz, kimlərlə dostluq edirsiniz?

Mənim üçün dostluq bir sınaqdır, imtahandır. Çalışıram ki, dost olmağın bütün şərtlərinə əməl edim. Bütün sferalardan dostlarım var. Dostluq tərəzisinin gözləri bərabər səviyyədə olmalıdır. Əks təqdirdə, bu, dostluq deyil, riyakarlıqdır. Böyük Atatürk deyirmiş ki, dostluq iki ayrı bədəndə bir ruh kimidir, dostluğun davam etməsi üçün də hər iki dostun bir-birini qiymətləndirib hörmət etməsi vacibdir. “Yalan dostluğun qayçısıdır”-deyiblər. Dostluq çox sanballı dəyərdir, onu daşımaq hər kişinin hünəri deyil.

Cənub bölgəsində doğulmusuz. Oraların unikal gözəl təbiəti var. Bildiyim qədər soy şəcərənizdə heç kim yazıcı deyil. Nəslinizdə bu istedada sahib yeganə adamsınız. Bu yaradıcılığı oraların təbiətilə bağlamaq olar ?

– Doğru vurğuladınız, bizim ailəmizdə heç kim yaradıcılıqla məşğul olmayıb. Orta məktəbin üçüncü sinfində oxuyanda “Azərbaycan pioneri” qəzetində cap olunurdum. Ücüncü sinif şagirdi idim, ocerk, məqalə yazırdım. Həmin yazılar M. F. Axundov adına Milli Kitabxananın arxivində bu gün də qalır. Artıq yeddinci sinifdə oxuyanda böyük həcmli hekayələrim qəzetlərdə cap olunmağa başladı . 1961-ci ildə ilk dəfə “Bir tikə çörək” adlı hekayəm dərc edildi.
İllər sonra Azərbaycan Politexnik İnstitutuna imtahan verdim. Arzum mühəndis olmaq idi. Tələbə adını qazandım və əməkdaşlığımı davam etdirmək üçün yenə də üz tutdum illərdir ştatdankənar müxbiri olduğum “Azərbaycan pioneri” qəzetinin redaksiyasına. Qəzetin baş redaktoru Əmrah Əmrahovla görüşdüm, Allah qəni-qəni rəhmət etsin. İlk dəfə idi ki, redaksiya heyəti ilə görüşürdüm. Kimləri tanıdım, kimlərlə dostlaşdım və beləcə həmin qəzetin əməkdaşı oldum. Hikmət Ziya , Svetlana Nəcəfova, Əmir Mustafayev, Məmməd Əkbərov , Vaqif Nəsib kimi dəyərli ziyalılarımızla yaxından tanış oldum və onların həmkarına cevrildim. Beləliklə, səhər növbəsində oxuyub ikinci növbə işləyirdim. Qəzetdə işlədiyim müddətdə sonradan tanınmış onlarla jurnalistin yetişməsində də az əməyim olmayıb.

Yaradıcı insanın kitabları onun övladları, nəvələridir- deyirlər. Övladlarınız, nəvələriniz sizi kitablarınıza qısqanmırlar?

-Təbii ki, nəvələrimə də vaxt ayırmağı, onlarla zaman keçirməyi çox sevirəm. Riyaziyyatı babat bildiyim üçün onlarda da dəqiq elmlərə həvəs yaratmışam, boş vaxtlarımızda bir yerdə misal-məsələlər həll etməyi xoşlayırıq. Boşuna deməyiblər, dövlətdə dəvə, övladda nəvə. Onlarla nəfəs alıram, nəvələrim həyatımın mənasıdır.

Ömrünüzün hazırkı cağında dönüb arxaya baxanda, illərinizi təhlil edəndə özünüzə hansı hesabatı verirsiniz, qarşınıza cıxan maneələri necə aşdığınızı düşünürsünüz?

– Əlbəttə, həyat enişli-yoxuşludur. İnsan gərək həmişə mübariz olsun. Çətinliklər, uğursuzluqlar qarşısında ruhdan düşmək lazım deyil. Doğrular da, yanlışlar da, onlardan lazımi nəticələri çıxarmaq da insan üçündür. Ən vacibi odur ki, gərək heç kəs insan olduğunu unutmasın…


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button