Aktual

“Ölkəmizi qara daşa bürüyənlər” – PARTİYA SƏDRİNİN MÜAVİNİ

Uzun illərdir ki, təmtəraqlı qəbir daşlarının qoyulmasının həm israfçılıq, həm də dini baxımdan günah olması ilə bağlı çıxışlar edib, təkliflər vermişik. Hazırda ölkəmizə Hindistan, İtaliya, Rusiya, Ukrayna və Çindən bahalı daşlar, mərmərlər gətirilir. Qiyməti də məhz gətirildiyi ölkəyə görə müəyyən edilir. Ən bahalı daşlar Ukraynadan gətirilir.

Azərbaycanda qəbir daşlarının ən ucuzu 400 manata, ən bahalısı isə bir neçə min manata başa gəlir.

Hindistandan gələn daşlar “məsləhətli daşdır” deyərək, qiyməti 3 mindən 7 min manat arası dəyişir.

Yas mərasimlərində yaşanan israfçılıq hallarının qarşısının tövsiyə-təbliğat yolu ilə alınması üçün görülən tədbirlər əksəriyyətin diqqətini qəbristanlıqlara, daha dəqiqi, qəbiristanlıqda inşa edilən bahalı qəbir daşlarına da yönəldib.

Yaxınlarının yas mərasimində süfrəyə dünyanın naz-nemətini tökən adamlar üçün qəbiristanlıqda abidə-kompleks ucaltmaq nədir ki ?

Şəhərdə daha qırmızı mərmərdən başdaşı sifariş edilmir, qara mərmər 5, abidə düzəltməyin qiyməti isə 10 min manatdan başlayır…

Azərbaycanlılar dəbdəbəni sevdiklərinə görə ölənlərinin qəbir daşını da bər-bəzəkli, əzəmətli, mərmərdən düzəltdirirlər.
Baş daşları arasında ən bahalısı isə qranit daşlar hesab olunur. Qranitdən olan standart baş daşının qiyməti 1500 AZN təşkil edir.Əgər qəbrin sinə daşı da eyni daşdan hazırlanarsa onda qiymət iki dəfəyə kimi qalxır, olur 3000 manat. Baş daşı üzərinə çəkilən rəngli şəkilin qiyməti isə ayrılıqda müştəriyə 150 manata başa gəlir.

Bu formatla ölkəyə gətirilən daşların qiyməti milyardlarla ölçülür. Bu isə ölkəmizə ziyandan başqa bir xeyir gətirmir.

Başa düşürük ki, ölkəmizə bu formada mallar, məhsullar gətirilməlidir, amma bu dövlət səviyyəsində olan işlər üçün olsun İnsanlarımızın baş daşlarına çəkdiyi xərçlər isə başa düşülən deyil. Bu ancaq xurafatçılığa xidmət edir, dinimiz baxımından da qadağandır. Hətta digər dinlərdə də bəyənilmir.

“Qəbir daşlarının ölkəyə gətirilməsi qanunla tənzimlənməli, həmçinin qəbristanlıqlarda standartlar tətbiq edilməlidir”.

Hörmətli Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya və hörmətli şeyximiz Hacı Allahşükür Paşazadəyə müraciət edib xahiş edirik ki, qəbir daşları ilə bağlı tədbirlər görülməsinə yardımçı olun.

Çünki din xadimləri, məscid axundları əhali arasında daha çox olurlar, yas mərasimlərində iştirak edirlər. Hər dəfə məclislərdə təbliğat aparsalar insanlar bir-bir ilə bəhsə girərək bahalı qəbir daşları qoymaqdan daşınarlar.

Milyonlarla manat dəyəri olan bahalı daşları aparıb qəbiristanlığa yığmaqdansa imkanlı şəxslər sadə daş qoyaraq o pula da bulaq çəkdirə, körpü təmir etdirə, kasıba, şəhid ailəsinə əl tuta bilərlər. Bu həm, mərhumun adına layiq olar, həm də insanlar rəhmət oxuyar. Dinimizdə israfçılıq böyük günahdır. Yas məclislərində təmtəraqlı yeməklər kimi bahalı qəbir daşları da israfçılıq sayılır. Qurani – Kərimdə deyilir ki, “Allah israf edənləri sevməz”. (Əraf surəsi 31).

Rafiq Daşdəmirli
Milli Cəbhə Partiyası sədrinin birinci müavini

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button