Elm və təhsil

Tələbələr onlayn imtahandan danışdılar

Bakı Dövlət Universitetində onlayn imtahan sessiyası başa çatmaq üzrədir. Onlayn şəkildə təşkil edilən II semestr imtahanları rektor Elçin Babayevin nəzarəti altında həyata keçirilir.

Analoq.az xəbər verir ki, 24Media onlayn imtahan sessiyası barədə BDU-nun müxtəlif fakültələrində təhsil alan bir neçə tələbənin fikirlərini öyrənib.

Filalogiya fakültəsi fakültəsinin tələbəsi Nadir Rzalı imtahanlarda müəllimlərin humanist davranmasından razılığını ifadə edir: 

“Düzdür, əvvəl tələbələr imtahanın keçirilməsinə etiraz edirdilər. Lakin BDU-da, xüsusilə filologiya fakültəsində imtahan prosesinin çox obyektiv keçirilməsi, müəllimlərin qiymətləndirmə zamanı olduqca humanist davranması tələbələrin razılığına səbəb oldu. Sualların ümumiləşdirilib, sayca azadılması imtahana hazırlıq prosesini çox asanlaşdırdı. Hər zaman mənəvi cəhətdən tələbələrin yanında olduğu üçün filologiya fakültəsinin dekanı, hörmətli Elçin Məmmədova və fakültənin digər bütün əməkdaşlarına, o cümlədən, bu, çətin zamanda tələbələrin təhsildə geri qalmamaları üçün əlindən gələni əsirgəməyən cənab rektor Elçin Babayevə fakültəmizin tələbələri adından minnətdarlığımı bildirirəm”.

Jurnalistika fakültəsinin tələbəsi Nazilə Əhmədova imtahanların uğurla həyata keçirildiyini vurğulayır:

“BDU-da onlayn imtahan sessiyası düşündüyümüzdən də uğurlu həyata keçdi. Bir tələbə kimi onlayn imtahan barədə qərarı eşidəndə narahat olmuşdum, çünki “keçilməyən dərslərin imtahanı” gözümü qorxutmuşdu. Amma ilk imtahandan sonra başa düşdüm ki, narahatlığa əsas yoxdur. Biz öyrənirik və biliyimiz xüsusi əliaçıqlıqla qiymətləndirilir. Müəllimlər tələbələri anlayır və xeyli güzəşt edir. Sessiya öncəsi müəllimlərimizin “hər şey yaxşı olacaq” tezisləri özünü doğrultdu”.

Coğrafiya fakültəsinin tələbəsi Zeynəb Səfərova qiymətindən narazı olan tələbələrə əlavə sualların verildiyini söyləyir:

“İstər ixtisas, istərsə də, qeyri-ixtisas fənlərindən müəllimlər güzəştlər etdilər. Qiymətlərimizlə razı olmadıqda, müəllimlərin əlavə suallar verərək bizi yenidən qiymətləndirmələri bizim xeyirimizə idi.
Bəzi imtahanlarımız birbaşa rektorun və dekanın iştirakı ilə keçirildi”.

Kitabxanaçılıq-İnformasiya fakültəsinin tələbəsi Nərmin Həsənzadə onlayn imtahan prosesinin də fakültədə yüksək şəkildə təşkil edildiyini vurğulayır:

“Qeyd etmək istərdim ki, fakültəmiz onlayn dərslər zamanı öz üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirdi. Onlayn imtahan sessiyası isə artıq başa çatır. Rektorumuz Elçin Babayevin və onun simasında fakültə dekanı, dekan müavini, kafedra müdirləri və müəllimlərinin humanistliyi sayəsində imtahan sessiyasını mən və tələbə yoldaşlarım uğurla sonlandırırıq. 5 fənn üzrə keçirilən imtahan sessiyasının nəticələrinə uyğun olaraq zərbəçi adına layiq oldum. Bunun üçün başda hörmətli rektorumuz Elçin Babayev olmaqla onun simasında universitet rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi Müşgünaz Məlikli giriş balının maksimum verilməsinin imtahanların müsbət nəticələnməsinə səbəb olduğunu deyir:

“Onlayn imtahanlar başlamazdan əvvəl bu üsuldan narazı olan tələbə kimi deyə bilərəm ki, fikirlərim tamamilə dəyişdi. Belə ki, ənənəvi üsuldan qat-qat asan üsulla, yüksək nəticələrlə imtahanlarımı verdim. Giriş balının maksimum verilməsi də çox böyük güzəşt oldu, əlavə olaraq, imtahan zamanı cavab verib qiyməti kəsilən tələbə görmədim. Müəllimlərimiz anlayışla yanaşdı. BDU fərqini bir daha hiss etdik. Yaxşı ki, bu universitetin tələbəsiyəm”.


Hüquq fakültəsinin tələbəsi Elman Nəcəfzadə imtahan prosesinə lazımi qaydada diqqət yetirildiyini qeyd edir:

“İmtahan prosesi çox rahat keçir. Müəllimlər maksimum anlayış göstərdi və hər kəsə layiq olduğundan artıq qiymət yazdı. Rektorumuza və dekanımıza təşəkkür edirəm. İmtahan prosesinə lazımi qaydada diqqət yetirildi”.

 

Şərqşünaslıq fakültəsinin tələbəsi Fərid Hüseynquliyev imtahan prosesinin şəffaf keçirildiyini söyləyir:

“Şərqşünaslıq fakültəsinin Türkiyə üzrə regionşünaslıq ixtisasının 2-ci kurs tələbəsi olaraq, mən də daim tələbələrə dəstək olan və imtahanlarımızın yüksək keyfiyyətli, şəffaf şəkildə keçirilməsinə təminat yaradan rektorumuz Elçin Babayevə minnətdaram. İmtahan sessiyasını uğurlu şəkildə tamamladım, bütün tələbələrə uğurlar arzu edirəm”.

Daha çox
Back to top button
Close