GündəmSağlamlıq

Bu xəstəxanadan koronavirus xəstələri haqqında məlumat almaq olmur

Bakı Sağlamlıq Mərkəzinə xəstələr haqqında verilən suallar cavabsız qalır...

Bakı Sağlamlıq Mərkəzinin koronavirus xəstələri haqqında məlumat almaq üçün ayrılmış nömrəsindən məlumat əldə etmək mümkün deyil.

Belə ki, virus daşıyıcısının səhhəti barəsində məlumat almaq üçün saat 20:00 radələrində xəstəxana ilə əlaqə saxladıq. Xətt məşğul olmasa da, zəngimizə gec cavab verildi. Zəngimizə cavab verən şəxs xəstə haqqında həkimlərin məlumat verməli olduğunu, lakin həkimlərin məşğul olduğunu bildirdi. Xəstənin adını və soyadını öyrənərək həkimlərin bizimlə əlaqə saxlayıb, xəstənin səhhəti haqqında məlumat verəcəklərini söylədi.
Bir müddət sonra xəstəxana ilə yenidən əlaqə saxlamağa gec də olsa, nail olduq.
” Qoy həkimlər içəridən çıxsınlar, onlar məlumat verə bilərlər”, – cavabını aldıq.
Həkimlərin nə zaman məlumat verə biləcəyini soruşduqda isə cavab belə oldu: “Vallah onlar saat 11-də çıxırlar”. Saat 23:00-da xəstə haqqında məlumat ala biləcəyimiz bildirilsə də, deyilən vaxtda edilmiş onlarla zəngimiz ya cavabsız qaldı, ya da rədd edildi.
Heç də hər bir xəstə telefon və ya başqa vasitələrlə yaxınları ilə əlaqə saxlaya bilmir. Belə olan halda ümid xəstəxananın məlumat əldə etmək üçün ayrılmış nömrələrinə qalır. Görünən odur ki, Bakı Sağlamlıq Mərkəzinə bu mövzuda ümid etmək olmaz. Ümid olsanız, ya zənginizə cavab verən olmayacaq, ya da ki zənginiz rədd ediləcək. 4 saat ərzində koronavirus xəstəsi haqqında məlumat ala bilməməyin xəstənin yaxınlarına necə təsir edə biləcəyini düşünmək belə ağırdır. Əsas məqam isə odur ki, nömrə məşğul olmadığı halda, “çağırdığı” halda zənglər cavabsız qalır. Ola bilər ki, xəstəxanada operator çatışmazlığı yaşanır.

Analoq.az saytı olaraq, xəstəxana rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

Daha çox
Back to top button
Close