MədəniyyətMüsahibə

“YUĞ” Dövlət Teatrı yeni mövsümün planlarını cızır – İslam Həsənovla müsahibə

Bir neçə gündən sonra ölkədə teatr mövsümünə rəsmən yekun vurulacaq. Koronovirus pandemiyası səbəbindən bir çox sahələr kimi, teatr və konsert müəssisələri son bir neçə ayda fəaliyyətinə müvəqqəti fasilə verməyə məcbur olub.

“YUĞ” Dövlət Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənovla geridə qalan mövsümün yekunları və kollektivin gələcək planları barədə söhbətləşdik:

– COVİD-19 pandemiyası üzündən teatrlarımızın işində müəyyən çətinliklər yarandı. Rəhbərlik etdiyiniz kollektiv də istisna deyil, belə bir mürəkkəb zamanda işlərinizi necə qurdunuz?

– Həqiqətən də qeyri-adi bir mövsüm keçirdik. Dünyanı cənginə alan koronovirus pandemiyası Azərbaycanda da müəyyən fəsadlar yaratdı, vaxtında bütün önləyici tədbirlərin görülməsinə baxmayaraq yoluxma halları qeydə alındı. Qorxunc xəstəliyin daha böyük faciələrə yol açmaması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına uyğun olaraq mart ayının sonlarından teatr və konsert müəssisləri bağlandı. Daim və dinamik şəkildə yaradıcılıq prosesində olan hər bir kollektiv, o cümlədən “YUĞ” Dövlət Teatrı üçün tamaşaçılardan bir neçə ay ayrı qalmaq çox çətindir. Lakin hamımız başa düşürük ki, bu, məcburiyyətdən atılan bir addımdır. Əsas məqsəd pandemiyanın daha böyük fəsadlar törətməsinin qarşısını almaq, insanların sağlamlığını qorumaqdır.
Sualınıza cavab olaraq deyim ki, “YUĞ” Dövlət Teatrı da son aylar öz işini Operativ Qərargahın göstərişlərinə uyğun qurdu, ictimaiyyətin böyük dəstəyini qazanan “Evdə qal”, “Biz birlikdə güclüyük” kampaniyalarına fəal dəstək verdi. Daimi tamaşaçılarımız üçün repertuarımızdakı ən yaxşı tamaşaları sosial şəbəkələr üzərindən onlayn nümayiş etdirməyə çalışdıq.
Bayaq qeyd etdiyim kimi, bəlli səbəblər üzündən bu mövsüm nəzərdə tutduğumuz yaradıcılıq planlarını tam həcmdə yerinə yetirmək mümkün olmasa da, əvvəlki aylarda xeyli işlər görməyə nail olduq. Tamaşaçılarımız, teatr ictimaiyyəti uğurlu işlərimizin şahidi oldu, mətbuat fəaliyyətimizə obyektiv qiymət verdi.

– Mətbuatdan söhbət düşmüşkən, KİV teatrınızda tamaşaya qoyulan “Lənət”, “Mənəm, mən” səhnə əsərləri haqqında geniş təhlil etdi, xeyli müsbət fikirlər səsləndirdi…

– Həmişə olduğu kimi, bu mövsümə də ciddi hazırlaşmışdıq. Kollektiv bütün yaradıcılıq potensialını səfərbər edərək yeni tamaşalar, maraqlı layihələr üzərində çalışdı. Nəticədə “Lənət”, “Mənəm, mən”, səhnə əsərləri ərsəyə gəldi və tamaşaçıların, təndiqçilərin diqqətini çəkdi. Dünya ədəbiyyatının klassiklərindən sayılan Şekspirin “III Riçard” pyesi əsasında hazırlanan “Lənət” tamaşasına quruluş vermək üçün Bolqarıstandan Xristo Stoyçevi dəvət etmişdik.
Məlum olduğu kimi, ötən il ölkəmizdə “Nəsimi İli” qeyd olundu, müxtəlif silsilə tədbirlər həyata keçirildi. “YUĞ” Dövlət Teatrı da öz töhfəsini verdi və teatrımızın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə “Mənəm, mən” adlı maraqlı bir tamaşaya quruluş verdi. İlqar Fəhminin “Yeddinci” pyesi əsasında hazırlanan “Mənəm, mən” teatrımızın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə layihəsi idi.


– “YUĞ” yeni mövsüm üçün nələr planlaşdırır?

– Bir neçə gündən sonra yaradıcı kollektivlə video-konfrans formasında toplantı keçirib başa çatan mövsümdəki fəaliyyətimizə yekun vuracaq, yeni mövsümün planlarını müzakirə edəcəyik. Qısaca onu deyə bilərəm ki, maraqlı layihələrimiz var.
Yeni mövsüm həm də ona görə əlamətdardır ki, teatrımızın baş rejissoru, Əməkdar incəsənət xadimi, dəyərli insan Mehriban Ələkbərzadənin yubileyidir. İnanırıq ki, Mehriban xanım təkcə bizim kollektivin deyil, ümümilikdə Azərbaycan teatr sənıtinin inkişafı üçün bundan sonra da mühüm işlər görəcək, hamımızı yeni sənət uğurları ilə sevindirəcək.
İnşallah “YUĞ” növbəti mövsümdə də maraqlı tamaşalar, beynəlxalq layihələrlə tamaşaçıların görüşünə gələcək. Fürsətdən istifadə edib hər kəsi koronovirus adlı bəlaya qarşı birgə mübarizəyə çağırır, tövsiyələrə ciddi əməl etməyə, daha məsuliyyətli olmağa səsləyirəm. Gəlin gücümüzü birləşdirək ki, xəsətəliyə tez qalib gələk, tamaşa salonlarında, konsert zallarında tezliklə görüşə bilək.

Söhbətləşdi:Turan Etibaroğlu
Analoq.az

Daha çox
Back to top button
Close