Dünya

“Məgər müharibə təhlükəsi indi meydana çıxıb?” – ZELENSKİ

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bu ölkəyə gözlənilən irimiqyaslı hərbi müdaxiləsi ilə bağlı xalqa müraciət edib.Analoq.az virtualaz.org-a istinadən xəbər verir ki, dövlət başçısı müharibənin yenilik olmadığını, Ukraynanın artıq səkkiz ildir Rusiya ilə müharibə vəziyyətində olduğunu deyib.

“Məgər hərbi müdaxilə 2014-cü ildə başlamayıb? Məgər müharibə təhlükəsi ancaq indi meydana çıxıb?”, – Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya ilə irimiqyaslı hərbi eskalasiya riskləri birinci gün deyil ki, mövcuddur və indi həmin risklər artıb. Eyni zamanda mövzu ətrafında ajiotaj da artıb. “İndi bizim torpaqlarımıza deyil, sizlərin əsəblərinə fəal hücum edirlər ki, daim narahatlıq içərisində olasınız”, – Ukrayna prezidenti deyib.

O qeyd edib ki, bu cür informasiya hücumlarının daha bir məqsədi Ukraynanın iqtisadi baxımdan zəiflədilməsidir. Bu yolla investorları qorxudurlar ki, onlar Ukraynada bizneslərinin inkişafına vəsait yatırmaqdan çəkinsinlər. Zelenski Ukrayna vətəndaşlarını təşvişə düşməkdən çəkinməyə və “rahat nəfəs almağa” çağırıb. Habelə KİV-lərə məsləhət görüb ki, “kütləvi isteriya vasitəsinə” çevrilməsinlər.

“Ukrayna müharibə istəmir, amma Ukrayna həmişə ona hazır olmalıdır”, – Zelenski deyib.

Zelenskinin xalqa müraciəti ilə təxminən eyni saatlarda ABŞ prezidenti Cozef Bayden də Ağ evdə mətbuat konfransı keçirib və onun çıxışının əsas hissəsi Ukrayna ətrafındakı situasiya ilə bağlı olub. Bayden bildirib ki, baş verənlər Rusiyanın Ukraynaya hücum etmək niyyətini göstərir, ancaq prezident Putin hələ müharibə qərarı verməyib. ABŞ prezidentinin sözlərinə görə, Rusiya Ukraynaya müdaxilə etsə onu “görünməmiş iqtisadi sanksiyalar” gözləyir.

“Mən hələ də hesab edirəm ki, Putin tammiqyaslı müharibə istəmir. Lakin mən bilirəm ki, o niyyətini elə indi dəyişdirməsə böyük və ciddi bədəl ödəyəcək. Və mən hesab edirəm ki, o bütün ömrü boyu bu qərarından təəssüflənəcək”, – ABŞ prezidenti bildirib.

Baydenin sözlərinə görə, ABŞ o dərəcədə ağrılı sanksiyalar paketi hazırlayıb ki, onların tətbiqi Rusiya üçün “fəlakət” olacaq. Məsələn, Rusiya bankları dollarla əməliyyatlar həyata keçirə bilməyəcək. Baydenin sözlərinə görə, Kreml heç vaxt bu cür sanksiyalarla üzləşməyib.

Bu arada Ukraynanın müttəfiqləri ona silah dəstəyi verməkdə davam edir. ötən iki sutka ərzində Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin 8 C-17 “Globemaster” nəqliyyat təyyarəsi Kiyevə enib. Bu təyyarələr Böyük Britaniyadan tank əleyhinə NLAW komplekslərini daşıyır. Böyük Britaniya artıq Ukraynaya bu kompleksləri verdiyini rəsmən təsdiq edib. Söhbət mindən çox belə kompleksdən gedir. Hesablamalara görə bir C-17 təyyarəsi 180-ə qədər belə kompleks və onlara aid raketlər daşıya bilir. NLAW tank əleyhinə kompleksləri yüksək dəqiqlikli silahdır, atəş məsafəsi 600-800 metrdir, yəni yaxın döyüş üçündür. Hədəfi vurma dəqiqliyi 100 faizdir.

Ehtimal edilir ki, Ukrayna azı 1400 belə kompleks alıb. Bu isə Ukraynaya müdaxilə zamanı Rusiya ordusunun ciddi itkilər verəcəyini göstərir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button