Yazarlar

Müharibədən qabaq ölkə daxili düşmənlərdən təmizlənməlidir

Xeyir vermək istəyərək, savadsızlıqdan və ya ağılsızlıqdan zərər vuranlar da neytrallşadırılmalıdır.

Heç vaxt şou kampaniyalara qoşulmamışam. Bu dəfə də qoşulmadım. Həmişəki kmi haqlıymışam. Hər kəs öz işi ilə məşğul olmalıdır, buna görə də bəziləri kimi feysbukda zadda boşboğaz statuslar yazmayıb, həmin vaxtı və enerjini müxtəlif sosial şəbəkələrdə erməni təbliğatına qarşı informasiya müharibəsinə sərf etdim. Sizə açıqca deyə bilərəm ki, həmişəki kimi informasiya müharibəsində biabırçı formada uduzduq. Dünya mediasının 90 faizi qarşıdurmanı erməni tərəfin mövqeyindən verir, sosial şəbəkələrdəki xaricilərin 90 faizi onları müdafiə edir.

Əlbəttə, belə olacaq, çünki bizim kütlə şou ilə məşğul olanda, ermənilər peşəkarcasına milli maraq və mənafeləri üçün çalışırlar.

Youtube, Kontakt, Facebok kimi sosial şəbəkələrdəki müzakirələrdə adam heyrətə gəlir, ermənilər sanballı və savadlı arqumentlərlə, peşəkar tryuklarla müxtəlif ölkələrin ictimaiyyətini öz tərəflərinə çəkir, bizimkilərin yazdıqları sentimental, savadsız və yeniyetmə təfəkkürlü cavablara baxanda bişmiş toyuğun gülməyi gəlir. Yəni, sizə açıqca deyə bilərəm ki, rast gəldiyim bütün müzakirələrdə ermənilər bizi tam darmadağın edib və həmin müzakirədə iştirak edənlərin az qala hamısının fikrini özlərinin müdafiəsinə yönəldə biliblər.

Bizim Facebook seqmentinə baxanda adamın gülməkdən qarnı, əsəbdən başı ağrıyır. Biri Türkiyəni, Pakistanı, nə bilim hansı ölkəni ermənilərlə döyüşməyə, Qarabağı alıb bizə verməyə çağırır, bununla demək istəyir ki, biz qorxaq millətik, dövlətimiz zəif, ordumuz sıfır səviyyəsindədir.

Biri dezo yaymaqla məşğul olur, ay neçə yüz erməni gəbərtdik, biri yazır ermənilər neçə kəndimizi alıb, camaat kəndlərdən qaçır, o biri yazır hərbi texnikamız filan istiqamətdən filan tərəfə getdi və s. Ermənilər isə bu boşboğazlıqdan necə lazımdı bəhrələnirlər.

Bəzi sosial şəbəkə səhifələri və küçə saytları belə həssas günlərdə belə, fırıldaqçılıqla məşğul olur, köhnə, saxta məlumatlar, hətta başqa ölkələrə aid videolar, fotolar paylaşaraq insanların hissləri üzərindən İP (yəni pul) qazanmağa çalışırlar.

Bu Amerika və Avropanın 5-ci kolonu da ayrı dərddir- bunlar bu sosasoxda xalqla hakimiyyəti toqquşdurmağa çalışır, əhalidə qorxu yaradır, psixoloji terrorla məğul olurlar. Bununla yanaşı, regionda və dünyada güclü olan, münaqişənin həllinə təsir imkanı olan dövlətlərə qarşı düşmənçilik, söyüş kampaniyası aparır, çalışırlar ki, biz qonşu dövlətlərlə düşmən olaq, onları öz əlimizlə Ermənistana təhvil verək. Bu işlərə qarşı DTX sərt tədbirlər görməlidir.

Bakıda baş verənlər isə göstərdi ki, idarə olunmayan kütlə həmişə problem yaradır, çünki 5-10 nəfər provakator kifayətdir ki, minlərlə insanı idarə edib öz məqsədlərinə işlətsinlər. Kütlənin hissləri ilə oynamaq, onları yönəltmək üçün bunların peşəkar hazırlığı var. Bir iki saxta vətənpərvərlik boşboğazlığı çığırmaq kifayətdir ki, səni lider hesab etsinlər və arxana düşüb hara desən getsinlər.

Ümumiyyətlə mən başa düşmürəm ki, cəbhə xəttində qarşıdurma, döyüş, atışma olanda, mülki şəxslərin, kütlənin küçə və meydanlarda nə işi var. Müharibə cəhbədə gedir ey ay camaat, Bakıda yox. Biri deyir ki, bəs xalq orduya dəstək verir. Çox gülməlidir. Yəni, deyirsiniz azərbaycanlılar Azərbaycan Ordusunu müdafiə edir? Yox canım, nə danışırsınız, bu ola bilməz! Bu harda görünüb ki, xalq öz ordusunu müdafiə etsin, buna dünyada heç kim inanmaz, ona görə də milyonlarla adam gərəkdir ki, küçələrə tökülsün, bayraqlarımız götürüb sentimental şüarlar qışqırsın, bu arada beş on amerikanski maşennik provakatorun tələsinə düşüb ora buranı dağıtsın ki, dünya inansın biz də ordusumuzun tərəfindəyik…
Yəni, həqiqətən də bəzilərinə çatmır ki, müharibədə ordunu elə dəstəkləmirlər? Bəs necə edirlər? Şərif demişkən, bu saat mən sizə sübutalni, dakumentalni başa salım.

Ön cəbhədə müharibə gedəndə, döyüşlər olanda, arxa cəbhədə xalq sakitcə, vicdanla və fədakarlıqla Qələbə üçün işləməlidir. Bu dövrdə, sözdə yox, əməldə milli birlik nümayiş etdirmək, rüşvət almamaq, bir-birinin ayağının altını qazmamaq, müxtəlif yardımlar toplayıb cəbhəyə göndərmək, Silahlı Qüvvələrə Yardım fonduna pul keçirmək, informasiya müharibəsində qalib gəlmək üçün mübarizə aparmaq və bu kimi faydalı işlərlə məşğul olmaq lazımdır.

Qalib gəldiyimiz Böyük Vətən Müharibəsində heç gördünüzmü camaat küçələrə çıxıb tamaşa göstərsin? Xeyr! Əvəzinə yuxarıda dediyim işləri gördülər. Və qalib gəldilər! Eləcə də bütün digər müharibələrdə belə olub.

Aksiyamı keçirmək istəyirsiniz? Buyurun. Bu aksiyaları problemin həllini üzərinə götürmüş, lakin 25 ildir bizi barmağına dolayaraq Qarabağın Ermənistanda qalmasına şərait yaradan ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlərin (Amerikanın Rusiyanın, Fransanın) Bakıdakı səfirlikləri qarşısında, BMT-nin nümayəndəliyi qarşısında keçirin. Onda deyərəm ki, bu küçə tamaşasının xalq və ölkə üçün bir xeyri oldu. Yoxsa dünənki tamaşının, bağışlayacaqsınız, xalqa və ölkəyə zərəri oldu, xeyri isə olmadı. Əlində canavar işarələri və xarici bayraqlar tutaraq Milli Məclisə soxulub dağıntı törətmək, polis maşınlarını darmadağın etmək, nə deməkdir?!

Aksiya üçün yerlər oralar deyil!
Məsələn, Amerika səfirliyi qarşısında keçirilən aksiyada tələb etmək olar ki, Ermənistana etdiyin yardımlar bir yana, özün demokratiyadan, terrora qarşı olmaqdan danışa-danışa işğal olunmuş Qarabağdakı işağlçı və terrorçu rejimə hər il rəsmi kanallarla on milyonlarla dollar açıq maliyyə yardımını niyə göstərirsən?
Rusiyadan soruşmaq olar ki, Ermənistana işağl etdiyi ərazilərdən çıxması üçün niyə təzyiq etmirsən? Fransadan soruşmaq olar ki, Ermənistana və Qarabağdakı terrorçu rejimə hər il xeyli silah və pul yardımını niyə edirsən?

BMT-dən soruşmaq lazımdır ki, sən nədən ötrüsən, əgər sənin vəzifən dünyadakı problemləri həll etmək deyilmi? Sənə hər il filan qədər üzvlük haqqını niyə veririk ki? Niyə işğalçıya, terrorçuya qarşı səsini çıxarmırsan, tədbir görmürsən?

Qeyd edim ki, əhalinin dövlətə və orduya dəstəyi üçün düzgün əməllər var. Məsələn, şəhidlərin dəfninin yüksək səviyyədə təşkili, insanların dəfn yerinə və onların evlərinin qarşısına axışması və s. Lakin cəbhə bölgəsinə toplaşmaq ki, biz də döyüşək, bu, lazım deyil. Döyüşmək üçün ordumuzun lazım olandan da xeyli artıq canlı qüvvəsi var.

Nə vaxtsa, Allah eləməmiş, əlavə canlı qüvvə lazım olsa, onda müraciət etmək olar. Yoxsa, mülki əhalinin torplaşdığı sərhədə yaxın zonada bircə düşmən mərmisi onlarla insanımızın lazımsız ölümünə səbəb ola bilər.

Əlbəttə, xalqın ruh yüksəkliyi vacib faktordur. Bizdə həmişə ruh yüksəkliyi var, amma bunu şouya çevirmək lazım deyil. Sadəcə, ağılla, təmkinlə, fədakarlıqla ümummilli mənafelərimiz, qəbələmiz üçün çalışmalıyıq. Belə etsək qalib gələcəyik.

Düşməni zəif və kiçik görmək olmaz. Tarixdə bunu edənlər həmişə məğlub olublar.

İnformasiya müharibəsində də, çığır-bağırla, söyüşlə qalib gəlmək olmaz, soyuqqanlı şəkildə peşəkar və savadlı mübarizə ilə üstün gəlmək olar.

Müharibəni ağılla və fədakarlıqla udurlar.

Başqa heç bir yolla qalib gəlmək mümkün deyil. Burada ordunun daha güclü olmasının, camaatın küçədə tamaşa göstərməsinin zərrə qədər rolu yoxdur. Qələbənin sadə formulu var. Ordu əzmlə döyüşür, arxa cəbhə, yəni, xalq fədakarlıqla qələbə üçün işləyir- Cəbiş müəllim kimi! Böyük Vətən Müharibəsindəki məşhur şüarda deyildiyi kimi- Hər şey cəbhə üçün, hər şey Qələbə üçün! Biz hələ ki, buna hazırlıqlı deyilik, dövlətimizin müharibəyə başlamamasında hesab edirəm ki, bunun da əhəmiyyətli rolu var.

İşdir torpaqlarımızı azad etmək üçün müharibəyə başlamalı olsaq (gec-tez bu baş verəcək), dövlətin bircə yolu var- Əvvəlcədən kütlə zərərsizləşdirilməlidir.

Daxili qoşunlar küçələrə yeridilməli, daxili vəziyyətə ciddi nəzarət edilməli, internet başqa olmaqla bütün kommunikasiya heç olmasa bir aylığa kəsilməli, sərhədlər tam bağlanmalı, siyahıları DTX-da olan bütün satqınlar, xarici agentlər, 5-ci kolon üzvləri, təxribatçı dəstələr eynivaxtlı əməliyyatla gecəylə götürülməli, yalnız bundan sonra orduya hücum əmri verilməlidir.

Bununla yanaşı, imkanlı, vəzifəli şəxslərin övladları da, həmçinin, sosial şəbəkələrdə sözlə qəhrəmanlıq edənlər əvvəlcədən tutulmuş siyahı üzrə orduya çağrılmalı və ön səngərlərə göndərilməlidir.

Bəziləriniz üçün bəlkə bu fikirlər çox sərt görünə bilər, amma bunun başqa yolu yoxdur, baxın, analiz edin, düşünün görəcəksiniz ki, yoxdur. Əgər qalib gəlmək istəyiriksə, belə olmalıdır.

Son günlərdə Tovuz cəbhəsindəki vəziyyətlə bağlı öz fikirlərimə gəldikdə isə təəssüflə deməliyəm ki, hələ ki, üstün tərəf deyilik. Bu qədər güclü ordu və üstün texnika ilə ermənilərə ciddi zərər vura, itki verdirə bilmirik, biz daha çox itki verdik. Bu qədər zabit və general qurban verməyin əvəzində erməni tərəfə 10 qat itki verdirməliydik.

Amma bunu Qarabağ tərəfdə etməliyik. Ermənistanın məqsədi odur ki, döyüşləri 2 ölkə sərhədddinə aparsın və bütün dünyaya göstərsin ki, Azərbaycan Ermənistana qarşı müharibə edir.

Biz isə bu planı pozaraq Qarabağ tərəfdən hücum etməli və dünyaya deməliyik ki, bizim başqa ölkəylə işimiz yoxdur, öz işğal olunmuş ərazilərimizi terrorçulardan təmizləmək üçün əməliyyat keçiririk.

Döyüşlərdə daha az qurban vermək üçün bütün ön xətdəki əsgərlər bronijiletlə təmin olunmalıdır.

Ermənistana torpaqları azad etmək və ya danışıqlarda razılaşma üçün konkret müddət qoyulmalıdır və bu müddət başa çatdıqda, problemi digər vasitələrlə həll edəcəyimiz bütün dünyaya bəyan edilməlidir.

Xalqla dövlətin bir olduğu ölkələrə qalib gəlmək olmur. Bunun dünya təcrübəsində yüzlərlə nümunəsi var. İnşallah bizdə də belə olacaq. Biz bu müqəddəs müharibədə qalib gəlməyə məhkumuq. Başqa yolumuz yoxdur.

Elçin Bayramlı

Analoq.az

Daha çox
Back to top button
Close