Yazarlar

Tovuz cəbhə xəttində erməni təxribatını kim və niyə törətdi?- ANALİZ

Tovuzda baş verən erməni bombardmanına ordumuzun layiqli cavab verərək düşməni ağır vəziyyətə salmasından sonra ermənilərin beynəlxalq havadarları həyəcana gəldilər. Xüsusən də, Ermənistanın və ermənilərin dünyadakı ən böyük hamisi olan ABŞ yaman narahat oldu. Çünki bu təxribatı Ağ Evdən təşkil etmişdilər və məqsəd Rusiya ətrafında qarışıqlıq və qarşıdurma yaratmaq, həmçinin Ermənistanı Rusiyanın təsirindən tam qoparmaq idi. Belə ki, Vaşinqtonda yaxşı bilirdilər ki, Ermənistan hakimiyyəti hər nə qədər tam olaraq Amerikaya bağlı olsa da, Rusiyadan da müəyyən asılılıqları var. Eləcə də Rusiyanın Ermənistandan asılılığı var. Çünki Rusiyanın NATO-ya qarşı cənubdan yeganə müdafiə bazası Ermənistan ərazisində yerləşir.

Buna görə də, Ağ Evdə bilirdilər ki, erməniləri qızışdırıb Azərbaycana hücum təşkil etmələri- özü də Qarabağda yox, 2 ölkə sərhəddində- Ermənistanın Rusiyadan tam qopmasına gətirib çıxara bilər. Belə ki, Ermənistan iddia edəcək ki, Azərbaycan ona hücum edir və kömək üçün KTMT-yə müraciə edəcək, KTMT isə əvvəllər də bəyan etdiyi kimi, bu məsələyə qarışmayacaq (çünki prezidentimizin dediyi kimi Ermənistan xaric bu təşkilatdakı bütün üzvlər bizim dostumuzdur), bu halda Amerika agenti Paşinyan xalqa müraciət edəcək ki, bəs Rusiya və KTMT bizə kömək etmədi, gəlin onun bazasını çıxaraq, Amerika ilə müttəfiq olaq. Beləliklə, Amerika Rusiyanın cənub istiqamətində əsas müdafiı sistemindən və NATO-ya qarşı bazasından məhrum etmək istəyir. Moskvada bütün bunları yaxşı başa düşürlər və ona görə də nə Ermənistanın çağırışına cavab verilmədi, nə də KTMT-nin iclası təşkil edilmədi. Moskvadan Bakıya döyüşlərin dayandırılması ilə bağlı heç bir tələb və ya xahiş edilmədi. Yalnız Amerika və Avropadan döyüşlərin dayandırılması tələb edildi.

Tovuzda baş verən düşmən təxribatı ilə paralel olaraq “Amerikanski” müxalifətin Bakı küçələrində, “Yevropeyski” səhifə və saytların isə internetdə peşəkar təxribatlar təşkil etməsi də cəbhədəki həngamənin hansı qüvvə tərəfindən təşkil edildiyini aydınca ortaya qoydu.

Erməni tərəf ağır cavabını alıb çətin vəziyyətə düşən kimi, ABŞ Dövlət katibi bəyanat verdi: “-Dərhal atəşi dayandırmağa çağırırıq”. Ermənistanın hücumuna ağır cavab verdiyimiz üçün ABŞ Konqresində Azərbaycana hərbi yardımın dayandırılması haqqında düzəliş hazırlanıb. Bunun 907-dən daha ağır sanksiya olacağı deyilir.

Bax beləcə, bir daha aydın olur ki, SSRİ-nin dağıdılmasında NATO-ya göstərdikləri əvəzedilməz xidmətlərin mükafatı olaraq Qarabağı ermənilərə vəd etmiş, hər il Ermənistana və Qarabağdakı terrorist rejimə rəsmi dövlət büdcəsindən böyük maliyyə yardımları göstərən, Ermənistanın ən böyük hamisi Amerika öz maraqları üçün ondan istifadə edir, nəticədə bizim insanlar ölür və Rusiya çətin vəziyyətə düşür.

Regionda çox mürəkkəb oyun gedir.

Ermənistanı tam ələ keçirməklə Amerika onun ərazisindən həm də öz düşmənləri olan Türkiyə və İran ərazisinə birbaşa çıxış əldə edir. Bu məsələləri Tehran və Ankarada da yaxşı başa düşürlər. Biz qonşu dövlətlərə qarşı belə oyunlarda iştirak etməyəcəyimizi ən yüsək səviyyədə bəyan etmişik.

Gürcüstanın da İranla sərhəddi yoxdur. Demək bunun üçün yeganə ölkə Ermənistan qalırdı. Və Amerika da bir neçə il əvvəl oyunu onun üzərindən qurmağa başladı.

Ermənistan rəhbəri Paşinyanın Amerika agenti olması və onu hakimiyyətə Amerikanın dövlət çevrilişi təşkil edərək gətirməsi hamıya məlumdur. O da hakimiyyət başına gələn kimi bütün dövlət orqanlarında rusiyayönümlü nazirləri, məmurları çıxarıb yerinə amerikanpərəstləri qoydu və beləliklə Ermənistan faktiki olaraq Amerika müstəmləkələrindən birinə çevrildi.

Bundan qabaq isə Amerika dövlət çevrilişi təşkil edərək Ukraynanı Rusiyanın müttəfiqindən öz müttəfqinə çevirmişdi.

Bunun əvəzində Rusiya da Amerikanın bir müttəfiqini- Türkiyəni onun əlindən aldı. Amerika bunun acığını çıxmaq üçün Türkiyədə nə qədər qanlı dövlət çevrilişi cəhdi, müxtəlif təxribatlar, terror aktları törətsə də xeyri olmadı. Hətta, 2 dövləti düşmən etmək üçün Rusiya təyyarəsini Türkiyə ordusunda yerləşmiş fətullahçı mafiyaya vurdurdu, elə həmin fətullahçılar tərəfindən Rusiya səfirini İstanbulda qətlə yetirtdi, lakin xeyri olmadı- hər iki dövlət bunları Amerikanın təşkil etdiyini bildiyindən bu tələyə düşmədilər və əməkdaşlığı daha da gücləndirdilər.

Beləliklə, regionda 2 dövlət (Gürcüstan və Ermənistan) Amerika, 2 dövlət (İran və Türkiyə) isə Rusiya yönümlüdür. Müstəqil qalan yeganə dövlət Azərbaycandır. Biz bu faktdan istifadə edərək 2 fövqəldövlət arasında elə oynaya bilərik ki, Qarabağı geri ala bilək. Çünki həddən artıq strateji, iqtisadi və ticari qovşaq mövqeyimiz hər 2 fövqəldövlətin marağındadır. Regionda Azərbaycan kimi müttəfiqi olsa, onun əli güclənir. Azərbaycan Rusiya və İran arasında birbaşa keçid üçün yeganə ölkədir. Üstəlik, Azərbaycan bütün 5 region dövləti ilə birbaşa sərhəddi olan yeganə ölkədir. Yaxın Şərqə və Rusiyaya birbaşa qapıdır.

İqtisadi məsələlərdə də biz Ermənistandan dəfələrlə üstün mövqedəyik. Bu regiondakı bütün beynəlxaql və regional əhəmiyyətli nəqliyyat və enerji layihələri Azərbaycandan keçir. Qısası biz şərt qoya bilərik ki, kim Qarabağın qaytarılmasında kömək eləsə onunla müttəfiq olacağıq.

Amerika razı olsa Amerikaya, Rusiya razı olsa Rusiyaya bir hərbi baza üçün yer verməklə Qarabağı almaq olarsa buna gedilməlidir. Rusiya Ermənistandakı NATO-ya qarşı bazasına görə Yerevandan müəyyən asılılığı var, biz o bazaya yer versək, vəziyyət tamam dəyişər. İşğal olunmuş torpaqlarımın qaytarılmasına Rusiya kömək etsə, Avrasiya İqtisadi İttifaqına və KTMT-yə də daxil olmaq olar.

Amerika da İranın və Rusiyanın arasında hərbi bazaya və müttəfiq ölkəyə malik olmağı çox arzu edərdi. Hətta Azərbaycanı NATO-da və özünün hegemonluq etdiyi bəzi beynəlxalq təşkilatlarda görməsini daha çox istərdi. Rusiya ətrafında öz müttəfiqlərini yaratmaq Amerikanın ən böyük arzusudur. Buna nail olmaq istəyirsə, ABŞ Qarabağın qaytarılmasında bizə kömək etməlidir.
Yəni, Qarabağın fövqəldövlətlərin marağı təmin olunmadan geri qaytarılması çətindir.
Ya ikisinin də ya da birinin maraqları təmin olunduğu halda buna ümid etmək olar.

Bununla yanaşı, biz 3-cü və 4-cü fövqəldövlətlər olan Çinlə və Hindistanla çox yaxın münasibətlər və daha güclü əməkdaşlıq qurmalıyıq. Yaxın müddətdə dünyada əsas söz sahiblərinin bu ölkələr olacağını dünyanın ən nüfuzlu mütəxəssisləri etiraf edirlər.

Dövlət rəhbərlərimiz əlbəttə bunları bilir və bütün imkanlardan istifadə edir. Ona görə də neçə vaxtdır səbrlə iş aparır və uyğun vaxtı gözləyir. Mənə elə gəlir ki artıq bu vaxt gəlib çatmışdır. Yaxın vaxtda bu problemin həllində əhəmiyyətli dəyişiklik olacağına ümdi edirəm.

Elçin Bayramlı

Daha çox
Back to top button
Close