Ölkə

Kimin dost, kimin isə “dost” olması… TƏRS BAXIŞ+ÖZƏL

Bunu gözləməzdik Gürcüstan, yaxud ayıb olsun, Serbiya!

Atalarımız od olmasa, tüstü çıxmaz deyiblər. Bu atalar məsələni xatırlatmağımın isə səbəbi var. Azərbaycan əsrlər boyu qonşuluq və eyni zamanda, sərhədlərindən uzaq olan ölkələrə qarşı isti münasibət nümayiş etdirməsi ilə tanınıb. Elə indi də, etibarlı tərəfdaş, strateji müttəfiq, sözündən dönməyən, ya da sözünün sahibi və o cümlədən, bir sıra bu kimi münasibətlərdə Azərbaycan dövləti daim vədinə sadiq qalan ölkə olaraq tanınır. Amma təəssüf ki, zaman-zaman bizə haqq elədiyimiz münasibət, yardım əli uzatdığımız ölkələr tərəfindən göstərilmir. Biz dəfələrlə xainliyin, kürəkdən saplanan xain bıçağının acısını yaşamışıq. Yəqin ki, söhbətin nədən getdiyi eyhamını anladınız…

Azərbaycana “dostuq”, “qardaşıq” deyən Anna Brnabiç ölkəsinin atdığı xain addımından heç utanırmı? ÇƏTİN..!

Bu günlərdə, xüsusilə Tovuz istiqamətində düşmən təxribatı ərəfəsində (!) Serbiyanın Gürcüstan vasitəsi ilə işğalçı Ermənistana minaatanlar göndərməsi xəbəri hər kəsi qeyzləndirdi. Çünki bu halın yaşanması istər-istəməz və sözün əsl mənasında xəyanət kimi qiymətləndirilə bilər. Bəlkə də, Azərbaycanın mayın 20-də koronavirus pandemiyası ilə mübarizə məqsədi ilə Serbiyaya göndərdiyi dava-dərmanlar və s. vəsaitlər hələ də istifadə edilməkdədir və belə bir anda Serbiyanın istər düz, istərsə də əyri yollarla təcavüzkar ermənilərə azərbaycanlıları atəşə tutmaq üçün silah göndərməsi acı təəssüf deyil, məhz hiddət, qəzəb oyadır. Artıq belə qənaətə gəlmək olar ki, Ermənistan ordusunun Azərbaycanla sərhəddə iyulun 12-dən başlamış və dörd gün davam edən xain təcavüz əməlinə əvvəlcədən hazırlıq görülüb və bu, təkzibolunmazdır.

Başqa tərəfdən, Azərbaycanın Serbiyaya koronavirus pandemiyası ilə mübarizə üçün humanitar yardım göndərdiyi təyyarə Belqrad aeroportunda eniş etdikdən sonra, bu ölkənin baş naziri Anna Brnabiç yardımı Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmişdi. İQTİBAS: “Bu, heç vaxt unutmayacağımız dostluğun təzahürüdür. Azərbaycan 2014-cü ilin daşqınından sonra Serbiyaya ilk yardım etmiş ölkə idi. Məhz bu gün, 2014-cü il mayın 19-da Serbiyaya Azərbaycandan yardım yükü gətirən ilk təyyarə gəldi”.

Yaxşı, bəs bu bəyanatı, münasibəti və yaxud sözü, ifadəni necə anlayaq, necə başa düşək? Bütün bunlardan sonra belə bir bəyanatın “xalaxətrinqalmasın” tipli olmadığına necə inanaq? Və ya (!) bunu siyasi polyaçilik adlandırmayıb, ona başqa hansı adı verək??? Azərbaycana “dostuq”, “qardaşıq” deyən Anna Brnabiç ölkəsinin atdığı xain addımından heç utanırmı? ÇƏTİN..!

Erməniyə pəh-pəhlə minaatan xonçası göndərən serblər utanıb ar etsinlər ki…

Halbuki, Qarabağın işğal altında olmasını, Ermənistanın təcavüzkar siyasətini yaxşı anlayan Azərbaycan separat qurumları heç vaxt tanımadığını müxtəlif beynəlxalq tribunalarda bəyan edib. Gürcüstan üzərindən erməniyə pəh-pəhlə minaatan xonçası göndərən serblər utanıb ar etsinlər ki, Azərbaycan Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsini tanımayan ölkələr arasında yer alır və birmənalı şəkildə Serbiyanın ərazi bütövlüyünə öz dəstəyini ifadə edib!

Artıq heç bir bəhanə, siyasi çıxış yolu ilə vurnuxma cəhdləri, üzrxahlıq bu faktın qarşısında rahat şəkildə əl-qol oynada bilməz. Şəhidlərimiz var, mülki vətəndaşlarımıza aid mülklər, evlər dağıdılıb, viran qoyulub. Rəsmi Bakı isə özünü bizə “dost-tərəfdaş” kimi təqdim edən ölkənin bu davranışı ilə bağlı diplomatik-siyasi kanallarla Belqraddan izahat tələb edəcək və edib də. Çünki Azərbaycan tərəfinin əlində sursatın alınması və daşınmasına dair bütün dəlillər, sənədlər var.

Maraqlıdır, xanım Danitsa Veinoviç heç özünün də dediklərinə inanıbmı..?

20 iyul 2020-ci il tarixində Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib. Nazir müavini, Ermənistana silah göndərilməsi məsələsinin hər zaman, o cümlədən də ikitərəfli əlaqələrimizin gündəliyində duran həssas bir mövzu olduğunu vurğulayıb. Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib.

Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç isə qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını (???!!!) söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını (???!!!) vəd edib, baş vermiş bu hadisələrdən “təəssüf hissi” keçirdiyini və bu hadisələrin Serbiya-Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu qeyd edib. Maraqlıdır, xanım Danitsa Veinoviç heç özünün də dediklərinə inanıbmı..? Bu yerdə ona və ölkəsinə bir Azərbaycan vətəndaşı, yaxud jurnalist olaraq, şəxsi münasibət fonunda izhar edə bilərəm: “Ayıb olsun, Serbiya!”. Çünki belə dostluq dırnaqarası dostluq kimi qiymətləndirilə bilər, lap elə yazılı dillə ifadə edək – “dost” Serbiya…

Cavaxetiyada erməni cəlladının büstünü sökdürə bilməyən gürcü hökuməti…

Gürcüstanın bu məsələdə yer alması faktoru isə, əlbəttə daha çox üzücüdür. Azərbaycan dövlətinin çoxsaylı, hətta sayıbilinməz siyasi, iqtisadi, sosial və s. dəstəkləri baxımından bu gün dövlət kimi ayaqda qalan, təməlləri laxlamayan Gürcüstan son zamanlar hansı məzhəbə qulluq etdiyini heç özü də bilmir bəlkə də…

Hələ Keşikçidağ ətrafındakı məlum səlibçi, şovinistlik təxribatını qoyaq bir kənara, ermənilərin kompakt yaşadığı Cavaxetiya ərazisində vaxtilə azərbaycanlıların kütləvi soyqırımında iştirak etmiş, sonda isə gəbərdilmiş bir erməni cəlladının adi bir büstünü sökdürə bilməyən gürcü hökumət indi hansı üzlə Azərbaycan dövlətinin qarşısında izahat verməyə hazırlaşır?!

Bu həmin cavax erməniləridirlər ki, ərazilərini “kiçik Ermənistan” adlandırırlar və bu gün-sabah oranı siz gürcülərdən qoparmaq üçün hərəkətə keçəcəklər. Siz isə, hələlik əsl dostluq münasibəti, qonşuluq münasibəti göstərən Azərbaycana arxadan xəncər saplamağa davam edin, görək haraya kimi gedib-çıxacaq…

Bu gün Gürcüstanda yaşayan soydaşlarımız – azərbaycanlıların sosial problemlərinin həlli istiqamətindəki boşluqları, xüsusilə Sadaxlı kəndinə hücumlar edib insanların mal-qarasını oğurlayan erməni çetelərinin qarşısının alınmaması kimi məsələləri də xatırlatmağın tam yeridir!

“Bunu səndən gözləməzdik”, desək də, artıq gözləməyə dəydiyini də düşünməyə başlamışıq, Gürcüstan!

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının üzvü, vitse-spiker Gia Volski Azərbaycan mətbuatının Ermənistana silah-sursatın ölkə üzərindən çatdırılmasına dair yaydığı məlumatlara münasibət bildirməyinə bildirib və yenə də öz fikrimcə ifadə edərsəm, həyasızcasına (!) həmin informasiyaları “şayiə” adlandırıb.

“Bu məlumatlar rəsmi deyil, bir konkret media tərəfindən yayılan şayiədir. Gürcüstanda da bu şayiəni təkrarlamağa sevinən KİV-lər var”, – o qeyd edib. Ancaq onun fikri söz yox ki, rəsmi bəyanat olaraq qiymətləndirilə bilməz. Gürcülər də buyursunlar diplomatik xalı üzərinə çıxsınlar və Azərbaycana izahat versinlər ki, onların belə bir xain addımda iştirakları nəyə əsaslana bilər? Azərbyacanın verdiyi hətta demək olar ki, çox ucuz qiymətə təqdim etdiyi enerji mənbələrinə görəmi? BTC, TANAP, BTQ kimi nəhəng layihələrin icrası üçün göstərdiyi təmənnasız yardımlarına görəmi? Abxaziya, Şimali Osetiya kimi separatçı respublikaları tanımadığna görəmi? Gürcüstanın ərazi bütövlüyünü bütün ali beynəlxalq təşkilatlarda dəstəklədiyinə görəmi? Nəyə görə, bir izah etsinlər lütfən…!!!

Gürcü deputat ha desin ki, şayiədir, amma Gürcüstanda bəzi telekanallar ermənilərə silah yardımı ilə bağlı xəbərləri bu gün də tirajlayır. Bu kimi hərəkətlərin olması isə bilavasitə Gürcüstan hakimiyyətinin onu illərdir ki, ayaqda saxlayan (!) Azərbaycana qarşı haqsızlıq etdiyinin göstəricisidir və belə vəziyyət Gürcüstanda həm azərbaycanlılar, həm də elə gürcülər arasında böyük narazılıq yarada bilər. Dost, qardaş dediyimiz dövlətə arxadan zərbə vurmaq isə birbaşa satqınlıqdır! “Bunu səndən gözləməzdik”, desək də, artıq gözləməyə dəydiyini də düşünməyə başlamışıq, Gürcüstan!

Rövşən NURƏDDİNOĞLU

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close