Ədəbiyyat

Gözün aydın Azərbaycan

Ey yurduma gözün dikən mənfur düşmən, unutma sən!
Birlik edib bütün xalqı ətrafında Komandanım.
Gəlir üstünə hücuma şir biləkli mərd övladım
Diz çökdürər “Dəmir yumruq”, olacaqsan dağım-dağım.
Gözün aydın Azərbaycan, azad oldu Qarabağım!

Cəbrayıldan Füzuliyə səngərlərdən keçən ordum,
Xan Arazın sularından doyanacan içən ordum,
Tarixlərin yaddaşına rəşadətli köçən ordum.
Məğlub etdi düşmənini, azad oldu solum, sağım,
Gözün aydın Azərbaycan, azad oldu Qarabağım!

Qubadlıdan Əliyarın adın, sanın geri aldı,
Nərə cəkdi, əcəl oldu, namərdlərin canın aldı,
Qırx dörd gündə şəhidlərin otuz illik qanın aldı
Dərdim olmaz bundan belə, nəfəs aldı Xan oylağım
Gözün aydın Azərbaycan, azad oldu Qarabağım!

Şuşana üz tutan oğlun, Daş altından dağa qalxdı,
Cıdır düzdən Xarı bülbül dərib sinəsinə taxdı,
İsa bulağı qaynadı, sevincdən sel təki axdı,
Qızıl payız ağaclarda çiçək açıbdı Xan bağım,
Gözün aydın Azərbaycan, azad olub Qarabağım!

Neçə oğlun şəhid oldu Mübariz, Polad adına,
İgidlərin qazi oldu, çatdı Qarabağ dadına
Şərəf, namus təmizləndi, alqış vətən övladına.
Bir mərmisiz azad oldu, Ağdam – müqəddəs torpağım
Gözün aydın Azərbaycan, azad oldu Qarabağım!

Bir millətin tarixini yazdı igid övladların,
Yorğan etdi üşümədi, üstündə Murovun qarın
“Vətən” dedi nəğməsində, o bal səsli Xudayarın!
Ölsəm daha dərdim olmaz, azad Kəlbəcər yaylağım,
Gözün aydın Azərbaycan, azad oldu Qarabağım!

Şirinoğlu, vətən deyib nalə çəkmə, indən belə
Qaçqın, köçkün kəlməsini daha gətirməyin dilə,
Rəhmət cəmi şəhidlərə, candan keçdi bilə-bilə,
Yaşa, Yaşa Azərbaycan, daha yoxdur ürək dağım,
Gözün aydın Azərbaycan, azad oldu Qarabağım!

Vüqar Şirinoğlu

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 2.5]

Back to top button