Ölkə

“İnanırıq ki, təxribatların qarşısını sizin rəhbərliyinizlə alacağıq” – Prezidentə yazırlar

Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

Analoq.az Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Bakı şəhər sakini Fidan Abbaslı: “Hörmətli cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Onun bizə miras qoyduğu bu ideyalar Sizin sayənizdə daha da güclənərək xalqımızı birləşdirən amilə çevrildi. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər ordumuzun gücünü bir daha göstərdi. Bu ordunun güclənməsi Sizin zəhmətinizin sayəsindədir. Bizim Vətənimizi, xalqımızı qoruyan güclü ordumuz var. Bizlər də hər zaman öz ərazi bütövlüyümüzü qorumaq üçün hazırıq. Gənclər daim Sizə inanır və güvənirlər”.

Bakı şəhər sakini, Şuşadan məcburi köçkün Qalib Kazımov: “Cənab Ali Baş Komandanımız.

Cəbhədə baş verən növbəti düşmən təxribatının qarşısı güclü ordumuz tərəfindən qətiyyətlə alındı. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz və möhtəşəm çıxışlarınız bir gənc olaraq məni çox qürurlandırdı. Vətənpərvər nəslin yetişdirilməsi vacib və çətin bir vəzifədir. Siz bu vəzifənin öhdəsindən ləyaqətlə gələrək ölkənin taleyüklü məsələlərinə münasibətdə öz sözünü deyə bilən Azərbaycan gəncliyi yetişdirmisiniz. Bu günlər gənc nəslin üzərinə daha böyük məsuliyyət düşür. Cənab Prezident, bizə olan güvənə və inama görə Sizə minnətdarıq. Sizin ətrafınızda daim sıx birləşərək xalqın əsrlərboyu yaratdığı ənənələri, milli mədəniyyəti yaşatmağa və gələcək nəsillərə ötürməyə söz veririk”.

Quba rayonu, Buduq kənd sakini Yaqub Həsənov: “Hörmətli cənab Prezident.

Babadağın ətəyində yerləşən kəndimizi Quba şəhəri ilə 60 kilometrlik məsafə ayırır. Onun 15 kilometri dağlıq ərazidir. Əvvəllər bəzən həftələrlə rayon mərkəzinə gediş-gəliş kəsilirdi. Bu yaxınlarda yaşadığımız kəndə yeni yol çəkildi. Artıq kəndimizin sakinləri rayon mərkəzinə rahat gedir, kənd məhsullarını vaxtında çatdıra bilir. Ulu öndər Heydər Əliyev yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Biz də bilirik ki, bu yolun çəkilməsi ilə kəndimiz inkişaf edəcək, sakinlərin iqtisadi vəziyyəti daha da yaxşılaşacaq. Sizə minnətdarıq, cənab Prezident”.

Ağdam rayonu, Çullu kənd sakini Yavər Cəfərov: “Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyevin çıxışları xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz rol oynayıb, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Sizin çıxışlarınızı da izlədikcə qəlbində Vətən sevgisi alovlanan Lider görürük. Buna görə də vətənpərvər Liderin bir çağırışına qısa zaman kəsiyində on minlərlə insan səs verdi. Biz həmişə fəxr etmişik ki, Sizin kimi Prezidentimiz var. Mən də çağırışınıza qoşularaq orduya yazılmaq üçün könüllü siyahıya yazılmışam. Vətənin keşiyində durmağa hər zaman hazıram. Ağdam rayon sakinləri Qarabağımızı mənfur ermənilərdən azad etmək üçün əmrinizi gözləyir. Allah Sizi qorusun”.

Beyləqan rayon sakini Rafiz İsmayıllı: “Hörmətli cənab Prezident.

Dövlətçiliyimizin inkişafı, vətəndaşlarımızın xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə Yeni Azərbaycan Partiyasının fəal gənc üzvü və Sizin sıravi əsgəriniz kimi Sizin uzaqgörən siyasətinizi daim dəstəkləyirik. Qətiyyətli çıxışlarınız, düşmənə layiqli cavabınız bizdə fəxarət hissi doğurur. Apardığınız məqsədyönlü siyasətin nəticəsi kimi, ordumuzun göstərdiyi şücaət hər birimizi qürurlandırdı. Azərbaycanın parlaq gələcəyi, vətəndaşlarımızın sağlamlığının qorunması naminə gördüyünüz bütün işləri alqışlayır, bu fədakar yolda Sizinlə olduğumuzu bildiririk”.

Bakı şəhər sakini Sevda Rzalı: “Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Son günlər erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonu ərazisində mövqelərimizin və yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində şəhidlər verdik və yaralılarımız oldu. Lakin, Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə düşmənə layiqli cavab verilmiş, şəhidlərimizin qisası alınmışdır. İnanırıq ki, düşmən ölkənin təxribatlarının qarşısını Sizin rəhbərliyinizlə alacaq, öz ərazi bütövlüyümüzü təmin edəcəyik. İşğal altında olan torpaqlarımızın geri qaytarılması hər birimizin müqəddəs amalıdır. Bu işdə hər zaman Sizinləyik, canımızdan, qanımızdan keçməyə hazırıq. Düşmən bizim birliyimizin, həmrəyliyimizin qarşısında dayana bilməz. Yaşasın Azərbaycan”.

Goranboy rayon sakini Müslüm Mustafayev: “Çox hörmətli cənab Prezident.

Mən Sizə cəbhə bölgəsi olan Goranboy rayonundan yazıram .Məlum olduğu kimi, bu günlərdə üzdəniraq düşmənlərimiz Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdılar. Təbii ki, düşmən şanlı ordumuz tərəfindən sarsıdıcı zərbələrə məruz qaldı .Ordumuzun özünə inamı Sizin qətiyyətli siyasətinizdən yaranır. Biz xalq olaraq Sizin döyüş əmrinizi daim gözləyirik. Mən Sizi əmin edirəm ki, biz goranboylular qələbə eşqi ilə yaşayırıq və bu yolda əlimizdən gələni etməyə hazırıq. Biz ön cəbhə insanları əminik ki, işğal altında olan torpaqlarımız qısa zaman ərzində azad ediləcəkdir. Bu şanlı qələbə tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq”.

Sumqayıt şəhər sakini Ramal Bağırov: “Hörmətli cənab Prezident.

Dünyada geniş yayılan koronavirus hər bir dövlətə ciddi təsir etdi. Ancaq məhz Sizin uğurlu, düşünülmüş siyasətiniz nəticəsində ölkəmizdə koronavirus tam nəzarət altına alındı. Atılan bütün addımlar, Sizin xüsusi həssaslıqla həyata keçirdiyiniz önləyici tədbirlər əlbəttə ki, xalqımızı bu bəladan qoruyacaqdır. İş yerləri bağlansa da, dövlət istər işləyənlərə, istərsə də işsizlərə dəstək oldu. Son günlər cəbhədə Azərbaycan torpaqlarına təcavüz edən düşmənin layiqli cəzalandırılması hər bir vətəndaş kimi, məni də sevindirir. Qüdrətli ordumuz hər zaman olduğu kimi, düşmənin növbəti təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qisasını almışdır. Mən Sizin iradənizə, siyasətinizə hər zaman güvənirəm və döyüş əmrinizə daim hazıram”.

Samux rayon sakini İlahə Qurbanova: “Hörmətli cənab Prezident.

Bu günlər ölkəmizdə baş verən hadisələri hər birimiz həyəcanla izləyirik. Ancaq əminik ki, qüdrətli ordumuz ermənilərin təxribatlarının qarşısını qətiyyətlə alacaq. Mən Sizə və şanlı ordumuza güvənirəm. İnşallah, düşmən tapdağı altında olan Qarabağımıza Sizin komandanlığınızla tez bir zamanda qovuşacağıq. O günlər uzaqda deyil. Şanlı bayrağımız Qarabağda dalğalanacaq”. /Qafqazinfo/

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close