Müsahibə
Trendlər

“Kimsə Roza xanıma görə mənə hörmət qoya bilər, amma…”- Corc Qafarovla MÜSAHİBƏ

Analoq.az xəbər verir ki, 24Media-nın budəfəki müsahibi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının gənc və istedadlı aktyoru, müğənni Roza Zərgərlinin oğlu Corc Qafarovdur. Corc müsahibədə həyat hekayəsindən, qazandığı uğurlardan, Azərbaycanın film və serial sferasından danışıb.

Bir az özünüzdən danışın, Corc Qafarov bugünkü məqamına necə və hardan gəlib?

– Bugünkü məqamıma çox çətin və keşməkeşli yollarla gəlmişəm və hazırda xoşbəxtəm. Uşaq evində böyümüşəm, istedadım orda üzə çıxıb. Səbirli və təmkinli olaraq bu günlərə gəlib çatmışam.

Çətinliklər bəzi insanların irəli getməyinə, bəzilərinin isə ruhdan düşüb geriləməsinə səbəb olur. Yaşadığınız çətinliklər sizə necə təsir edib?

– Yaşadığım çətinliklərin mənə həm müsbət, həm də mənfi təsiri olub. Yaxşı tərəfi odur ki, gələcəkdə çətin həyatım olacaqsa, baş çıxarmağı biləcəm, təcrübəm var. Pis tərəfi odur ki, insan ata-anasını itirəndə psixoloji sarsıntı keçirir, travma alır. Hər kəs istəyər ki, başının üstündə öz valideyinləri olsun. Biləsən ki, sənin yanında müqəddəs bildiyin, tanrı bildiyin insanlar var.

Deyirlər ki, müsair dövrdə sponsorun – dəstəkçin yoxdursa, istedadın itib-batacaq. Sizcə, dəstəkçiniz olmasa da, istedadınız və bacarığınız sizə məşhur olmaqda kömək edəcəkdimi?

– Müasir dövrdə sponsorun olmağı, kiminsə səni qabağa çəkməsi gözəl bir haldır. Amma çox şey adamın özündən asılıdır. Sponsor dəstək olduğu insana güvənməlidir. Bilməlidir ki, nəticəsi olacaq.
Sponsorun olmasa da, qabağa getmək mümkündür. Mən bu yolla qabağa getmişəm. İnsanların mənə köməyi olub, amma fikirləşirəm ki, çox şeyi özüm etmişəm.

Aktyorluq sahəsində, eyni zamanda keçən ilki bələdiyyə seçkilərində qalib gəlməyinizə səbəb kimi ananızı – Roza Zərgərlini göstərirlər. Bu cür fikirlərə münasibətiniz necədir?

– Bu fikirlər, əslində, yanlışdır. Düzdür, kimsə Roza xanımı sevib, ona görə mənə hörmət qoya bilər. Amma hər insan özünə görə hörmət qazanır. Fikirləşirəm ki, bunlar mənim öz uğurum, öz naliyyətlərimdir. Ağılla, başla bu yolda irəliləməsə idim, nə bələdiyyə üzvü seçilərdim, nə də aktyorluq sahəsində fəaliyyətim olardı.

Niyə o insanların qarşısına faktları qoyub demirsiniz ki, ilk dəfə  2007-ci ildə filmdə baş rolu canlandırmısız. Yaradıcılığınız uşaq yaşlarınıza təsadüf edir və o zamanlarda Roza xanım sizin dəstəkçiniz deyildi. İnsanların bu cür düşüncələri sizi narahat etmir?

– Məsələ ondan ibarətdir ki, mən asanlıqla deyə bilmirəm ki, mən özüm öz ayaqlarım üstündə durmuşam, öz hesabıma qabağa getmişəm. Çünki bunu deyərkən Roza xanımı fikirləşirəm ki, bu ona necə təsir edər, bəlkə onun xətrinə dəyə bilərəm.
Mən “İlahi məxluq”, “Dolu”, “Bakı, mən səni sevirəm!”, “Tək olanda qorxma” və s. filmlərə, seriallara çəkiləndə mənim yanımda heç kim yox idi. Uşaq evində olduğum ərəfələrdə yanımda müxtəlif insanlar vardı ki, az da olsa, onlar mənə dəstək olurdular. Biz Roza xanımla “Qisas” serialında tanış olmuşuq, bundan sonra o ailəyə gediş-gəlişim oldu, isti münasibət yarandı. O insanlara həmişə deyirəm ki, siz niyə mənim keçmişimə baxmırsız ki, mən nə vaxt Roza xanımla tanış olmuşam, nə vaxtdan filmlərə çəkilməyə başlamışam. Bunu anlayan da, anlamayan da olur.
Çox vaxt ətraf-mühitin fikirləri mənə maraqlı olmur. Mənə mənim üçün vacib olan insanların fikirləri maraqlıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən vətəndaşların sırasında bir çox məşhurlar, siz də varsınız. Məşhurların sosial şəbəkələrdə könüllü olaraq cəbhəyə yazılması barədə paylaşımları insanlarda qıcıq yaradır. Buna münasibətiniz necədir?

– Məşhurların qeydiyyatdan keçməsinin kimisə qıcıqlandırması düzgün fikir deyil. Mən başqalarını demirəm, özümdən danışacam. Mən könüllü olaraq cəbhəyə yazılmalıyam, çünki uşaq vaxtı mən çətin vəziyyətdə olmuşam və dövlət mənə sahib çıxıb. Dövlət mənə təhsil, tərbiyə verib, peşə ilə təmin edib. Mən bu dövlətin mənə verdiyi çörəyi itirə bilmərəm. Tək ona görə də yox, səngərdə əsgərlərimiz şəhid olur, adam evdə rahat otura bilmir. Onlara dəstək olaraq cəbhəyə yazılır. Yəni, biz də varıq, döyüşməyə hazırıq.

2013-cü ildə verdiyiniz müsahibəni oxudum. “Özümü kino sahəsində gələcəkdə dünyada tanınacaq məşhur aktyor kimi təsəvvür edirəm”, – demisiniz. 7 il keçib, bu arzunuz nə dərəcədə reallaşıb?

– Bu uşaqlıq arzularıdır, insanın xəyalları böyük olmalıdır ki, böyük yerlərə gedib çıxsın. Artıq 25 yaşım var, fikrimcə, Azərbaycan üçün istədiyim uğurlara nail olmuşam. Mənim arzum var ki, Hollivudda hansısa bir filmə çəkilim və “Oskar” mükafatı alım. Bunu ürəkdən istəyirəm. Məsələ orasındadır ki, bunun üçün ingilis dilini mükəmməl bilməlisən. Bunlar bir az çətin söhbətlərdir, bunu da yaş artdıqca başa düşürsən. Amma Azərbaycanda, Türkiyədə, Rusiyada filmlərə çəkilməyə, bir az da irəliyə getməyə ümidim var. Yerimdə saymaq fikrində deyiləm.

Azərbaycan reallığına nəzər salsaq, görərik ki, Azərbaycan tamaşaçısının sevdiyi və izlədiyi seriallarda, kinolarda rol almısınız. Azərbaycan kino və serial sektoru sizi qane edirmi?

-Bəli, yaxşı-pis öz aktyorluğumu ortaya qoymuşam. Bəyənən də var, bəyənməyən də. Azərbaycan kino sferası ilə qonarar və büdcə məsələsində razı olmamaq olar. İldə dövlət sifarişli 1-2 film çəkilir, onların da büdcəsi az olur. Dövlət tərəfindən çəkilən filmlərimiz daha çox olmalıdır. Filmlər az çəkilir və daha çox komediya janrında olur. Bununla da hansısa uğura, naliyyətə imza atmaq olmaz.

Rejissor və aktyorlarla müsahibə aparanda onlar qeyd edirlər ki, teatr daha ciddi və önəmlidir. Bəs, sizcə, kino yoxsa, teatr?

– Kino və teatr eyni sahəni təmsil etsələr də, tamam fərqli anlayışlardır. Belə deyim, kino səni böyük bir kütləyə tanıdır, amma teatr elə deyil. Teatrda aktyor püxtələşir, teatr aktyorun evi, ocağı, məbədidir. Teatr aktyor üçün daha vacib hesab olunmalıdır.

Rol aldığınız seriallar, məsələn; “İmtahan” serialı və bu günlərdə təklif aldığınız “Ata ocağı” serialı tamaşaçıya nəyi aşılayır, izləyicini nə dərəcədə maarifləndirir?

– “İmtahan” serialının insanlara nəyi çatdırması ilə bağlı çox danışa bilməyəcəm. Çünki bu serial daha çox azyaşlı təbəqə – gənclər, tələbələr, şagirdlər üçündür. Onlara normal həyatlarında baş verəcək hadisələri göstərir. Biz də məktəb vaxtı sevmişik, sevilmişik. Yoldaşlarımızla aramızda münaqişələr olub. Bu sadəcə primitiv, həyat haqqında serialdır. “Ata ocağı” serialında yeni sezonda maraqlı bir obrazı canlandıracam. Əlimdən gələni edəcəm ki, tamaşaçılar üçün yaxşı bir iş ortaya çıxarım. Bu seriala dəvət almağım mənim üçün xoş oldu.

Serial və kinolardan təklif alarkən layihənin nə dərəcədə səviyyəli olması, maarifləndirmə və bilgiləndirmə funksiyası daşımasını nəzə alırsızmı? Yoxsa, sizin üçün pul və şöhrət daha önəmlidir?

– Əlbəttə ki, hansısa seriala, filmə dəvət aldıqda layihənin səviyyəsinə, kimin və hansı şirkətin çəkdiyinə baxırsan, bunlar önəmlidir. Yalnız puldan və şöhrətdən söhbət gedə bilməz. Təbii ki, pul, şöhrət də vacib məqamdır, amma əsas məsələ harda, kimlərlə çəkilməkdir.

Müsahibələrinizdən birində deyirsiniz ki, bir az araşdırsınlar, mən pis insan deyiləm. Öz baxış bucağınızdan pis və yaxşı insan anlayışını bir qədər aydınlaşdıra bilərsizmi?

– Yaxşı və pis insanın fərqi hansısa bir düstur deyil ki, dillə deyəsən, başa salasan. Mən özümü tərifləməmişəm ki, mən yaxşı insanam. Sadəcə demişəm ki, pis insan deyiləm. İnsanlar fikirləşir ki, incəsənət sahəsindən, hansısa donu geyindirirlər. Aktyor filmdə və səhnədə yalanı nümayiş etdirir. Aktyorun işi yalan deməkdir, əslində. Tamaşaçılarda o barədə qınaq yaranır ki, biz bu insana inanmırıq. Amma bu belə deyil…
Yaxşı insan olmaq mərhəmətli, düzgün, haqlı, ədalətli olmaqdır. Həyata baxış bucağın düzgün olmalıdır. Mənim fikrimcə, düzgün insan olmaq yaxşı insan olmaq deməkdir.

“Həyatım məni oyunçu etdi”, – demisiniz. Sizin dilinizlə desək, gözünü açıb özünü həyatın burulğanlarında görən yüzlərlə gənc var. Onların da sizin kimi “oyunçu” olması üçün nə məsləhət görərdiz?

– Belə deyim, həyat məni tamam başqa istiqamətə yönəldib. Mən həyatımdan çox razıyam. Hardan-hara… Burda deyiblər bu sözü. Mən xəyallarına çatmaq istəyənlərə, xüsusən uşaq evi və internatda böyüyən uşaqlara onu demək istəyirəm ki, çalışın, məqsədinizdən yan qaçmayasınız və keçmişə baxmayasınız. Daim irəlini düşünün, onda hər şey yaxşı olacaq.

Uşaq evindən məzun olduqdan sonra həyatının bütün anlarında o travma ilə yaşayıb heç bir uğur əldə edə bilməyən gənclərə nə demək istəyərdiz?

– Əslində, o insanlar travma almayıblar, mən o uşaqlara deyərdim ki, sizin hamınızda hər şey gözəldir, sizin heç bir probleminiz yoxdur. Sadəcə onlara məsləhət görürəm ki, uşaq evində qaldıqları dönəmdə təhsilə önəm versinlər, idmanla məşğul olsunlar, hansısa peşəyə yiyələnsinlər. Enerjiləri var, çalışsınlar. Mən rəqsə, rəsmə, nağaraya, güləşə, basketbola, taekvondoya gedirdim. Bu gün onların hamısı mənə xeyir eləyir.
Uşaq evi, internat məzunlarına sözüm odur ki, tərbiyəli olsunlar, pis vərdişlərdən uzaq dursunlar və bir-birlərinə dəstək olsunlar.
Siz həyatda tək deyilsiniz, göydə Tanrınız, yerdə xalqınız var. Mən düşünürəm ki, mən də gündəmdə olduğum üçün o uşaqlara stimul ola bilərəm.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button