Siyasət

Yeni Osmanlı erası başlayırmı?

Türkiyə Şimali Afrikada və Yaxın Şərqdə keçirdiyi genişmiqyaslı əməliyyatlardan sonra qaynar nöqtələrdə öz nüfuzunu möhkəmləndirmişdi. Hər regional müharibədə bilinən iki düşmən var idi – Rusiya və Fransa. Maraqlar çərçivəsini aşan bu mübarizələrdə əsas hədəf Türkiyənin strateji məkanlarını əlindən almaq və yeni addımların atılmasına mane olmaq idi. Siyasi şəraitin yaranması ilə növbəti hədəf Cənubi Qafqaz idi ki, orada da Türk mövqeyi açıq şəkildə sərgiləndi. Ermənipərəst qüvvələrin separatçı siyasətinə ciddi zərbə vuran bu proses anti-türk meyillərinin zahirə çıxmasını daha da şiddətləndirdi. Bölgədə Azərbaycan adına yeni imkanların açılması çox ölkələr tərəfindən qıcıqla qarşılandı. Məlum “status” məsələsindən tutmuş, yeni müharibənin başlayacağına dair iddialara qədər hər şey gündəmdədir. Ərdoğanın sərt siyasi mövqeyindən və təhlükəli mesajlar verən çıxışlarından qorxuya düşüb, yenidən hərəkətə keçən dövlətlər – İran və Yunanıstan artıq məlum məsələlərə açıq reaksiya bildirdi…
1) Rəsmi Tehran yaxşı bilirdi ki, müharibənin nəticəsi “xoş aqibətlə” yekunlaşmayacaq. Ona görə də, tərəfləri dəfələrlə sülh çağırışları ilə kompromisə dəvət etmişdi. Hətta İran Azərbaycanın Qarabağı geri qaytaracağından sonra yeni iddialarının irəli sürüləcəyindən də ehtiyat edirdi. Təxminlər özünü doğrultdu. Cənub qonşumuzun nəzərdən yayınmayan siyasi səhvləri də özünü göstərdi. Belə ki, müharibə gedişatında Azərbaycanın ərazi bütövlüyünü “dəstəkləyən” İran bügün bir başa bizə məxsus olan torpaqların tarixi İran əraziləri olduğu haqda bəyənatlar səsləndirir. Bu məsələ parlament səviyyəsinə qədər yüksəlib. Deputatlardan birinin “Biz gərək əvvəldən erməni yönündən çıxış edərdik” deməsi İranın inamsız və strategiyasız siyasət yürütdüyünü sübut edir. Çünki, siyasətində qəti olan bir dövlətin mövqeyi dəyişkən olmamalıdır və bu bir başa ölkənin beynəlxalq imicinə zərbədir.
2) İkinci bir məsələ Yunanıstanın fəallaşmasıdır. Türkiyənin şərq strateji cəhbəsinin möhkəmlənməsi və siyasi şəbəkəsinin artması yenidən “sanksiyaları” gündəmə gətirir. Son günlərdə Yunanıstanın təsiri ilə Cənubi Kipr Respublikası Türkiyəyə sanksiya tətbiq olunması məsələsini qaldırıb. Avropa İttifaqı (Aİ) buna yekdilliklə (Fransa xaric) etiraz edib və Almaniya kansleri Angela Merker də bunun əlehinə olduğunu bildirib. Həmişəki kimi Rəsmi Berlin öz mövqeyinə sadiqdir. Artıq Avropa anlayır ki, Türkiyə əvvəlki Türkiyə deyil. Ona görə də açıq mübarizə üsulunu seçmir. Bu bizə Osmanlı imperiyası dövrünü xatırladır. Hansı ki, tarix boyu ancaq diplomatiya vasitəsilə Türkün sütunlarını zəiflətməyə çalışmışdılar. O tendensiya indi də müşahidə olunur. Türkiyə isə dənizlərdə öz üstünlüyünü artırmaq üçün Tunislə Ukraniya ilə qarşılıqlı pakt imzalayıb. Bu da Aralıq dənizində və Qara Dənizdə yeni imkanlar deməkdir.
Nəticə:
Türkiyənin son proseslərdə İrana, Avropaya açıq şəkildə siyasət dərsini keçdiyinin şahidiyik. Cənubi Qafqazda ən çox maraqları toqquşan iki super güc Türkiyə ilə Rusiyadır. Bu iki dövlət heç bir vəchlə bir-birinə güzəştə getmir və getməyəcək də..
Onları birləşdirən tək cəbhə Anti-Qərb siyasətidir.
Yunanıstanın sanksiya iddiaları isə əsassız qalacaq. Ən yaxşı nəticə Türkiyənin öz iqtisadiyyatını ayaqda saxlaya bilməsi ola bilər. ABŞ-la münasibətlərin qaydaya salınması isə yaxın zaman gözlənilmir. Çünki, Vaşinqton Türkiyə – Rusiya ittifaqının əleyhinədir.
Amma, yenə də böyük Türk erasının əsası qoyulur desək yanılmarıq…

Müəllif: Siyasi fəal gənc Fuad Qarayev 

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button