Ölkə

Şahin Seyidzadə necə hökm verir?-DEPUTAT ÖZÜNÜ OPERATİV QƏRARGAH KİMİ APARANDA

“Avqustun 5-dən sonra dövlət olaraq bütün məhdudiyyətləri götürə bilmərik” – saytların birində bu başlığı görəndə, düşündük ki, yəqin bunu ya ölkə başçısı, ya Baş nazir, ya da uzağı Operativ Qərargahın hansısa samballı, səlahiyyətli nümayəndəsi deyib.

Ancaq mətnə və ona əlavə olunmuş videoya baxanda görürük ki, bunu AzTV-nin efirinə qoşulan Şahin Seyidzadə deyib. Bəli, bu ad oxucuların böyük əksəriyyətinə heç nə deməyə bilər, amma reallıq bundan ibarətdir ki, Ş.Seyidzadə millət vəkili mandatını daşıyır və parlamentdə Abşeronla Qobustanı təmsil edir. Soruşa bilərsiniz ki, nə olsun? O olsun ki, bütün ölkə əhalisinin yaşamına, sosial-iqtisadi durumuna və s. birbaşa aidiyyatı olan bir məsələyə dair belə qəti və birmənalı qərar xarakterli açıqlamalar yalnız ölkə rəhbərliyi səviyyəsində verilə bilər, hansısa deputat tərəfindən yox.

Sadəcə, son seçkidə adının qarşısında 47 faiz(!) səs topladığının yazılması və deputat mandatı ilə təmin olunması, yəni millət vəkili statusu onun dövlət, hökumət adından danışmasına, ehkam kəsməsinə haqq qazandıra bilərmi? Heç bilmirik, gerçəkdə Qobustan və Abşeron seçicilərinin neçə faizi ona səs verib, amma adam həmin rayonlar bir tərəfə, dövlətin adından danışmağa qalxır. Həm də, görəsən bu deputat “dövlət olaraq” deyəndə, özünü həmin dövlətin harasında görür? Və ümumiyyətlə, istər hüquqi, istərsə də mənəvi baxımdan onun və ya digər hansısa deputatın dövlətin adından danışması nə dərəcədə doğrudur? Bəlkə Şahin müəllim ölkə rəhbərliyinin, yaxud Operativ Qərargahın səlahiyyətlərini mənimsəyib, xəbərimiz yoxdur?…

Birincisi, bildiyimizə görə, koronavirus pandemiyası ilə bağlı qərarların, rəsmi bildirişlərin, açıqlamaların və s. verilməsi Operativ Qərargahın səlahiyyətlərinə aiddir. Və nəinki ayrılıqda hansısa deputat, ümumilikdə Milli Məclis bu prosesdə birbaşa iştirak etmir, karantin tədbirləri, məhdudiyyətləri və tarixi barədə qərar çıxarmır.

İkincisi, əvvəllər də qeyd etdiyimiz kimi, təəssüf ki, parlamentin yeni gənc üzvlərinin bir qismi gerçək ictimai, siyasi bilikər, cəmiyyətdəki ab-havanı hiss etmək, reallıqları qiymətləndirmək sarıdan kasaddırlar. Buna görə də bəzən öz “çəkilərini”, “boylarını” düz qiymətləndirmirlər və siyasi boylarını, çəkilərini aşan açıqlamalar, bəyanatlar verirlər. Və beləliklə də Milli Məclisin gerçəkdən təzələnməsinə dair ümidləri və onlara göstərilən etimadı doğrultmurlar…

Hamıya məlumdur ki, sərt karantin qadağaları epidemiyanın yayılmasını müəyyən dərəcədə önləsə də, xüsusilə iş yerlərilə bağlı məhdudiyyətlər nəticəsində əhalinin böyük kəsiminin sosial təminatının, gəlirlərinin çox aşağı olması, bəzi hallarda isə ümumiyyətlə olmaması sosial gərginliyi, narazılığı çox ciddi şəkildə tətikləyir. Və belə bir şəraitdə istənilən ağıllı əsaslandırmaya, izaha baxmayaraq, karantinin uzadılmasını, məhdudiyyətlərin saxlanılmasını dətəkləmək və təşviq etmək insanlarda əlavə əsəb və gərginlik yaradır. Özü də bu halda hansısa “çiçəyi burnunda” millət vəkilinin karantin məhdudiyyətlərinin saxlanılmasını heç olmasa “mənim fikrimcə”, “yaxşı olar ki” və s. bu kimi ifadələrlə, yəni öz mövqeyi kimi çatdırmaqdansa, az qala dövlətin adından danışaraq ehkam kəsməklə təqdim etməsi, bu qıcığı daha da artırır.

Ümimiyyətlə, adını deputat, məmur qoyan və təkcə rəsmi maaşı minlərlə manatla ölçülən (Hələ əlavə gəlirlərini, bizneslərini demirik-red.), qarnı-başı tox, qalstuklu əmilərin, dayıların, yaxud yeni cavan “stilyaqalar”ın, ailəsi gündəlik 10-12 manat qazanca baxan və artıq 6 aya yaxındır bundan da məhrum olan əliqabarlı, yarıac-yarıtox “fəhlə babalar”ın həyatına, dolanışığına birbaşa təsir edən qərarlar barədə danışmaqdansa, danışmasalar yaxşıdır.

Qadağaları, cərimələri təbliğ, təşviq etmək, dəstəkləmək asandır. Ancaq bu adamlara başa salan lazımdır ki, millət vəkili anlayışının fəlsəfəsində bu durmur. Elə həmin deputat yaxşı olardı ki, həm də kağız üzərində təmsil etdiyi rayonların əhalisinin bu çətin dövrdə nə ilə dolandığını, necə təmin olunduğunu və neçə ailənin işsiz, yardımsız, çörəksiz qaldığını desin. Desin ki, məsələn neçə Qobustan sakini məhdudiyyətlərə görə paytaxta gəlib, fəhləlik edib ailəsinə 3-5 manat göndərmək imkanından məhrum olub. Əlbəttə ki, əgər buna cəsarəti çatarsa və kefi istərsə! Yoxsa çıxıb dövlətin adından çətin başa düşülən dil və ləhcədə təkcə qadağaları müdafiə etmək və bununla da camaata “canıyananlıq” göstərməklə iş bitmir…AzPolitika.info

Analoq.az

Daha çox
Back to top button
Close