Siyasət

Rusiya Qazaxıstana hücum edəcəkmi?

Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün regionda gərginliyi və hərbi hazırlıqları artırıb. Rusiyanın özündə də silahlanma müşahidə edilir. Rusiya mətbuatı hərbi dairələrdəki qaynaqlarına istinadən 2022-ci ilin sonuna qədər S-300 PM2 “Favorit” hava hücumundan müdafiə sistemlərinin Sibirdə yerləşdirəcəyi haqqında məlumatlar yayırlar. Rusiyanın bu bölgədə hava hücumundan müdafiə qüvvələrini nə üçün gücləndirdiyi məlum deyil. Rusiyalı hərbi ekspertlər Qazaxıstanın Rusiyanı arxadan vuracağı ehtimalının olmadığını bildirsələr də, ehtiyat tədbirləri görməyi məqsədəuyğun hesab edirlər.

ABŞ-ın nüfuzlu nəşrlərindən “The Wall Street Journal”ın məlumatına görə isə, Qazaxıstan hakimiyyəti Ukraynanın işğalından sonra Rusiyanın mümkün təcavüzündən narahatdır. Məqalədə qeyd olunur ki, Qazaxıstan əhalisinin 20 faizindən çoxunu etnik ruslar təşkil edir. Bundan başqa, Qazaxıstan digər Orta Asiya respublikalarından fərqli olaraq Rusiya ilə həmsərhəd dövlətdir.

Rusiyanın Ukraynaya qarşı müharibəsindən əvvəl Qazaxıstanın şimalının Rusiyaya məxsus olması ilə bağlı Moskvada rejim təmsilçiləri tərəfindən fikirlər səsləndirilirdi. Rusiya prezidenti Vladimir Putin isə Qazaxıstanın Sovet İttifaqından əvvəl dövlətçiliyinin olmadığını bəyan etmişdi. Putinin və onun rejiminin təmsilçiləri tərəfindən səsləndirilən belə fikirlər Qazaxıstanın rəsmi dairələrində narahatlıq yaradırdı. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Qazaxıstan rəsmləri Moskvada səslənən təcavüzkar açıqlamalara daha ciddi yanaşmağa və ölkənin müdafiə sektorunun inkişafına böyük diqqət yetirməyə başlayıblar. Ukraynaya qarşı müdaxilənin başlamasından sonra Qazaxıstan ABŞ, Çin və Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib. Aprel ayında Çinin müdafiə naziri Vey Fenqe Qazaxıstana səfər edib və prezident Qasım-Comərt Tokayevlə görüşüb. Görüşdə hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəlinib. Mayın əvvəlində Qazaxıstan və Türkiyə rəsmiləri arasında Qazaxıstanda pilotsuz uçuş aparatların birgə istehsalına dair saziş imzalanıb.

Qazaxıstan ABŞ-la da münasibətlərini dərinləşdirməyə çalışır. Aprel ayından etibarən ABŞ-dan bir neçə rəsmi şəxs Qazaxıstana səfər edib. Ən diqqət çəkən səfər isə iyun ayında ABŞ Mərkəzi Komandanlığının yeni rəhbəri, ordu generalı Maykl Erik Kurillanın Qazaxıstana səfər oldu.

Paralel olaraq Qazaxıstan hökuməti ölkənin müdafiə büdcəsini 441 milyard tenge və ya təxminən 918 milyon dollar artırıb. Qazaxıstanın yüksək rütbəli rəsmisinin sözlərinə görə, bu vəsait hərbi ehtiyatların artırılmasına sərf olunacaq.

“The Wall Street Journal” yazır ki, uzun illər Qazaxıstanda Rusiya və Çin arasında qeyri-rəsmi “əmək bölgüsü” vardı. Moskva təhlükəsizliyə nəzarət edirdi, Pekin isə iqtisadi inkişafla məşğul olurdu. Ukraynada müharibənin başlaması ilə vəziyyət dəyişməyə başlayıb.

Əslində isə vəziyyət WSJ-ın qeyd etdiyindən daha əvvəl, yanvar hadisələrindən sonra dəyişməyə başlayıb. Yanvar hadisələrindən sonra Qazaxıstanda Nursulatan Nazarbayevin 33 ilik “hökmdarlığı”na son qoyulmaqla yanaşı, ölkə üzünü Rusiyadan Çinə çevirib.

Qazaxıstanın Çin, Türkiyə və ABŞ-la münasibətlərin dərinləşdirilməsi ilə yanaşı, Rusiya ilə münasibətlərinin soyuması da müşahidə edilir. Qazaxıstan prezidenti Qasım-Comərt Tokayev iyulun əvvəlində Müstəqil Dövlətlər Birliyinin Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli sazişin Qazaxıstan ərzisində qüvvəsinə xitam verilməsi haqqında fərman imzalayıb. Qazaxıstanın bütün bu addımları Rusiyada qıcıq doğurur və Tokayev iqtidarına qarşı qəzəbi artırır. Qazaxıstanda isə Rusiyanın mümkün müdaxiləsindən narahatlıq artır. Qərbdə belə hesab edirlər ki, Ukraynada məruz qaldığı hərbi itkilərdən sonra Rusiyanın qonşularından heç birinə hücum etmək imkanı yoxdur.

Xqani CƏFƏRLİ
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button