Siyasət

Putin Lukaşenko ilə “vidalaşır”?

Kreml harda idi, harda mürgüləyirdi?

Vladimir Putin daha bir “slavyan əməliyyatı” üçün düyməni basıb artıq. Ukraynadan sonra yeni bir ssenari işə düşüb. Bu dəfə Belarusda, Ukraynanın “qulağının dibində.”

V.Putin 65 yaşlı Aleksandr Lukaşenkoya təqaüd yolunu göstərir, əvəzində Aleksandr Qriqoriyeviç hakimiyyəti heç vaxt təhvil verməyəcəyini deyir. Sözsüz ki, hiyləgər Vladimir Vladimiroviçin “batka”ya qarşı cavab tədbiri çoxdan hazırdır. İş o yerə çatıb ki, dəlisov, Kremlin qeyri-rəsmi söyüşkən sözçüsü olan Vladimir Jirinovski də dünən A.Lukaşenkonu getməyə səslədi. Amma Belarusda da əllərini havaya qaldırıb Moskvaya təslim olmaq əhvalı yoxdur. Sanki A.Lukaşenko hiyləgər Vladimir Vladimiroviçin qocalıb-qocalmadığını, siyasi yorğunluğunun hansı dərəcədə olduğunu aydınlaşdırmaq həvəsinə düşüb. Belə demək mümkünsə bir növ V.Putini əməllicə “dişinə vurmağa” qərar verib. Hiyləgər Rusiya liderinin istəyinə qarşı çıxmaq da yaxşı heç nə vəd etmir çox vaxt heç kimə…

Qriqori Aleksandroviç Mİnskdə “Böyük qardaşları”,- muzdlu rus döyüşçülərinin əl-ayağını bağlayıb bir küncə atmaqla əməllicə Rusiya üçün qəfil düşmənə çevrilib. Məlum olub ki, bu muzdli döyüşçülər Minskdə aranı qarışdırmaq və Belarusda Moskvanın planlarını reallaşdırmaq üçün bura gəliblər. Amma Kreml ilk andaca bu muzdluların müdafiəsinə qalxıb. Çünki “Wagner” şirkəti Rusiyanın silah satışından tutmuş bir sıra ağlasığmaz əməliyyatları üçün əvəzedilməzdir və V.Putin onun silah bazarına, muzdlu “uşaqlarına” olan bu “hörmətsizliyi” çətin ki, A.Lukaşenkoya bağışlasın.

Sözsüz ki, “batka”nın bu qərarının ölümcül səbəbləri var. Yoxsa, A. Qriqoriyeviç heç vaxt qisasçı və hiyləgər V.Putinə qarşı bu addıma qol qoymazdı. Səbəb isə sadədir: Moskva artıq Minskdə A.Lukaşenkonu birinci şəxs kimi görmək istəmir. Həmin bu muzdlu döyüşçülər də, yuxarıda dediyimiz kimi Minskdə “rus inqilabı” yaratmaq üçün təşrif buyurublarmış. Belarusdakı prezident seçkiləri avqustun 9-da keçiriləcək və “batka” hakimiyyəti qorumaq üçün istənilən sərt addım atmağa məcburdur. Burası belədir. Amma bu dəfə V.Putinin bu müqavimətə hansı sürprizlə cavab verəcəyi də olduqca maraqla gözlənilir.

Çox güman ki, A.Lukaşenkonun da arxalandığı “dağlar” var və onlar da V.Putinə qarşı hansı addımlar atacaqlarını götür-qoy etməmiş deyillər. Xüsusilə V.Putin üçün son illərdə ən həssas məsələ olan “slavyan faciəsi” ətrafında yeni sennari qurulması Kreml sahibini “can yerindən” vurmağa bərabərdir.

Artıq qərb Rusiyanı slavyan xalqlarının gözündə əsas düşmən kimi önə çıxarmağı bacarıb. Görünür ki, A.Lukaşenkonun simasında Minskdə Rusiya üçün yeni tələ hazırlanır. Moskvadan boğaza yığılmış “batka” bu ssenaridə rol almağa razılaşıb yəqin. Çünki onun üçün artıq itiriləsi bir şey qalmayıb və Moskvanın onu devirməsinə qarşı açıq savaşa başlamaqdan başqa yol qalmayıb. Daha doğrusu Moskva ona başqa yol qoymayıb. Belə demək mümkünsə Moskva növbəti “slavyan ovuna” hazırlaşır, vəssalam.

Krımı Kiyevdən qoparmaq, üstəgəl Donbass, Luqansk kimi əyalətləri ələ keçirmək Moskvaya qarşı ənənəvi “slavyanların düşməni” obrazını yaradıb. İndi V.Putin daha çox ruslara qardaş olan Ukraynanı dostdan düşmənə çevirdiyinə görə təkcə Ukraynada deyil, elə Belarusda da nifrətlə xatırlanır.

Bunu Kremldə əla bilirlər. Kreml isə, Ukraynaya qarşı bu addımı atmaqla əslində burdakı insanların əbədi düşməninə çevrildi və inandırıcı deyil ki, çox-çox sonrakı əsrlərdə belə, ukraynalılar bunu ruslara bağışlasınlar. Bu, sadəcə mümkünsüzdür.

Düzdür qərb strategləri Ukraynanı bilərəkdən Rusiyaya qarşı oyun üçün istifadə etdilər və qətiyyətsiz Yanukoviç bu alovu alovlandıran zəif bənd oldu. Amma sual olunur, bəs böyük Kreml harda idi, harda mürgüləyirdi?. Bəyəm Moskva qərbdəkilərin planlarından bixəbər idi?. Ən azı Moskva 2-3 il əvvəl bu plandan agah ola bilərdi, ən azından!. Ya xəbərsiz idi, ya qərblə nəyinsə müqabilində razılaşdı, ya da Ukraynanı itirməmək onun gücündə deyildi.

Ukraynaya hərbi müdaxilə, Krımın ələ keçirilməsi, üstəgəl Donbas və Luqanskın Ukraynadan qoparılması artıq ən sonuncu və çarəsiz addım idi ki, Rusiya məhz bunu da seçdi o zaman. Nə qazandı?,- Krım daha əvvəlki tək məşhur kurort şəhəri olmadı, turistlərin əvəzində milçəklər gəzişdi bu şəhərdə. Üstəgəl də bütün ukraynalıların əbədi nifrəti…

Bu gün də belarus məsələsi eyni ssenari kimi ortaya çıxır deyəsən. Bir neçə gündür Rusiya telekanalları, habelə Kreml məmurları daha çox kartof həvəskarı olan və Covid-19-u vecinə də almayan A.Lukaşenkonu Moskvaya arxa çevirən cəsus kimi təqdim edirlər.

Əslində Belarus lideri əksər münaqişə ocaqlarında pul müqabilində kamikadze funskiyası daçıyan, canını dollara satan muzdlu qatilləri tutub saxlayıb. Bu, normal haldır. Amma Moskvanın himayəsində olan bu muzdluların Minskdə tutulması Kreml üçün əsl alçaldıcı fakt kimi görünür və inanmıram ki, elə bu faktın özünə görə V.Putin A.Lukaşenkonu bağışlamaq qərarına gəlsin.

Onun əb böyük qisası isə avqustun 9-dan sonra Minskdə yeni prezidenti təbrik etmək olacaq. Balacaboy DTK cüdoçusu heç vaxt qisası qiyamətə saxlamır…

İndi V.Putinin və komandasının A.Lukaşenkonu Minskdən “süpürüb atmaq” planını ciddiyə almamaq üçün heç bir səbəb yoxdur. Əksinə, Kreml sahibi bir sıra planlarını reallaşdırmaq üçün indi daha çox qərarlıdır. Amma ikinci Ukrayna tələsinə düşməmək şərtilə.

Çünki V.Putin eyni ssenari üzrə yeni bir “slavyan qatili” planında təxribata çəkilsə və o zaman işlər tam başqa cür olacaq. Düzdür, şəxsən inana bilmirəm ki, V.Putin bu cür siyasi tələyə ikinci dəfə düşə bilsin. Amma hikkəli və qərbi vecinə almayan Rusiya prezidentinin yenidən bu cür tələyə düşməyəcəyinə qəti inam da yoxdur.

A.Lukaşenkonun Moskvaya bu şəkildə meydan oxuması isə ondan xəbər verir ki, o təkcə hakimiyyətini qorumaq üçün belə açıq savaşa girişməyib, həm də arxasındakı qüvvələrin real dəstəyini hiss etdiyi üçün bu şəkildə meydana çıxıb.

Sözsüz ki, A.Lukaşenko olduqca təcrübəli isimdir və Ukraynanın başına gələnlərin Belarusda təkrarlanmaması üçün tədbirlərini almamış deyil. Ən əsas da qərb liderlərinin vaxtı ilə Ukraynaya yalan vədlər verib sonra onu Rusiya ilə meydanda tək qoymalarını da yaxşı xatırlayır. Beləcə biz təkcə avqustun 9-da təkcə belarusdakı seçkilərə deyil, həm də v.Putin-A.Lukaşenko duelinə tamaşa edəcəyik. Yaşayaq görək…

Mətləb Salahov

Analoq.az

Daha çox
Back to top button
Close