Manşet

Hökməli qəsəbəsinin sakinləri içməli su üzünə həsrət qalıblar

Anar Cəbrayıllı: “Problem həll olunana qədər vətəndaşlara maşınlarla suyun daşınmasında köməklik göstəriləcək”

Hökməli qəsəbəsinin sakinləri illərdir içməli su sarıdan əziyyət çəkir. Qəsəbənin yaxınlığından su xətti keçsə də, onlar içməli su üzünə həsrətdilər.
Məlumat üçün bildirək ki, qəsəbə dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşir. Əhalisi 10 min nəfərə yaxın, ərazisi isə 1750 hektardır. 10 min əhalisi olan qəsəbə XXI əsrdə su təminatını həll etmək üçün maşınla su almalı olur. Bu da həmin ailələrin büdcəsi üçün əlavə xərcdir.
Qəsəbə sakinlərinin dediyinə görə, ərazidə 10 ilə yaxındır yaşayış olmasına baxmayaraq, su xətləri çəkilmir: “Məlum məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, reaksiya verən yoxdur”.
Qəsəbə sakini Tehran Əliyev bildirir ki, illərdir suyu maşınla alır: “Əvvəl suyun bir maşını 20 manat idi. Sonradan 25-40 manat aralığında dəyişməyə başladı. Yay aylarında məcbur olub ayda iki maşın su alırıq. Bu isə əhalinin maddi cəhətdən əlavə ziyana düşməsinə səbəb olur. Su olmadığından qəsəbədə ağac, əkin işləri də aparmaq mümkünsüz olub”.
Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, Hökməli qəsəbəsinin sakinləri cəmiyyətin sədr müavini tərəfindən qəbul olunub, onlarla söhbət aparılandan sonra mütəxəssislər həmin əraziyə baxış keçiriblər: “Gələcəkdə həmin ərazidə mərkəzləşdirilmiş təchizat sisteminin quraşdırılması ilə bağlı təkliflər hazırlanıb hökumətə təqdim ediləcək. Həmin müddətə qədər vətəndaşlara maşınlarla suyun daşınmasında köməklik göstəriləcək”.

Günel CƏLİLOVA

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button