Ədəbiyyat

Siz onun içindəki böyük Sevgini görə bilmədiniz! – KƏNAN HACI YAFƏS TÜRKSƏSDƏN YAZDI

Sağlığında ondan bu sevgini, diqqət və qayğını əsirgəməzdilər kaş…

Dünən dünyasını dəyişmiş şair Yafəs Türksəs haqqında yazdığım statusa 300-dən çox “bəyənmə”, 150-dən çox rəy yazılıb. Hələ də rəylər yazılmaqdadır.

İnsanların ona sevgisini gördükcə qəhərlənirəm… Şair bu rəğbəti, bu sevgini səmimiyyəti, riyasızlığı, cəsarəti və yazdığı şeirlərlə qazanmışdı… Sağlığında ondan bu sevgini, diqqət və qayğını əsirgəməzdilər kaş…

Mən onun sağlığında iki kitabına ön söz yazmışam, bir neçə kitabının redaktoru olmuşam. Keçirdiyi bütün tədbirlərdə həmişə yanında olmuşam. Yafəslə bir ədəbi platformada olmağı uzun müddət mənə bağışlamayıblar! Bunu da deməyi lazım və gərəkli bilirəm. Yafəs dürüst adam idi, düznəqulu adam idi. Saxtakarlığı sevmirdi, yaltaqlığa nifrət edirdi. Siz onun içindəki böyük Sevgini görə bilmədiniz! Amma görənlər və bilənlər kifayət qədər idi. Yafəs mənimlə ən çox bir məsələ üstündə mübahisə edirdi, deyirdi: Riyakar adamlardan uzaq ol!

Çox söhbətlərimiz, mübahisələrimiz olmuşdu. Hətta bir neçə dəfə mətbuatda da məni sərt tənqid eləmişdi. Sonra görüşəndə gülümsəyib ürəyimi almışdı: “Səni çox istədiyimdən demişəm, istəmirəm ki, sən də içindəki işığı itirəsən”.

Onun dostlardan da, ədəbiyyatdan da gözlərintiləri böyük idi. Min təəssüf ki, Yafəs layiq olduğu həyatı yaşaya bilmədi! Adamı ən çox göynədən də bu məqamdır…

Tanrı dərgahında məqamın uca olsun, Yafəs!

İşıqlar içində uyu!

Kənan Hacı
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button