Redaktor seçimi

Vaxt əbədi qalibdir – Kənan Hacı yazır

Dəyərli şairimiz Tahir Talıblının “Söz” şeiri üzərinə qeydlər.

Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

Bunu Sözün Peyğəmbəri Füzuli pıçıldayıb.

Təngdir qönçə dəhanın, gec gəlir avazə söz,
Bir sənəmdir nazənin, qoymuş özünü nazə söz.

Bu beyt də qəzəl dünyasının “sonbeşiyi” Əliağa Vahid təbinin çeşməsindən axıb gəlir.

Sözün yaddaşıdı sözün yaşıdı,
Ağızdan-ağıza söz qarıyacaq.
Dibinə su töksən, ağac boy atar,
Dibinə su töksən, söz quruyacaq.

Bu da müasirimiz – dəyərli şairimiz Tahir Talıblının “Söz”ündən bir bənddir. Bu misralar poetik genetikamızın müxtəlif zamanlardakı fərqli bəlirtiləridir. Söz “ağzın sirrini izhar qıldıqca” yoxdan var olur. Tanrı öz yaratdıqlarıyla həm də şairlərin vasitəsilə danışır. İnsan Tanrının yer üzündə təcəllası deyilmi?! Nəimiyə görə, insan sözdən ibarətdir, sözü yaradan hərflər onun surətində əks olunub. Nəsimi deyirdi ki, insan Allahın güzgüsüdür. Yəni insan Allahın varlığının sübutudur. Söz də qeybdən gəlir, insan beynində o sözü maqnit kimi qəbul edən, özünə çəkən bir hüceyrə var. Söz bədii formada yazılanda, deyiləndə biz bunu istedadın göstəricisi hesab edirik. İstedad insanın fitrətindədir, Tanrı onu bu cür yaradıb ki, onun vasitəsilə sözünü əhli-bəşərə çatdırsın. Bütün böyük şairlər Tanrının elçiləridir.

Tahir Talıblının şeirlərini oxuyanda mənə elə gəlir ki, söz maddiləşir, sanki bu sözlərə əllə toxuna bilərsən, sözün havası səni tutur, bir müddət o havayla gəzib dolanırsan. Məsələn, “dibinə su töksən, söz quruyacaq” misrası bədiilikdən, məcazdan çıxıb insana birbaşa mənada təsir göstərir. Axı söz bizə əmanətdir, onun keşiyində durmaq, onun saflığını qorumaq, nazını çəkmək məsuliyyətini hər an öz üzərimizdə hiss etməliyik. Biz həm də sözümüzlə vətəndaşlığımızı təsdiq edirik. Ədəbiyyat insana vətəndaş olmağı öyrədir. Mənəvi dəyərlərin deqradasiyaya uğradığı bir zamanda ən böyük zərbə elə sözə dəyir. Biz sözümüzə sahib çıxa bilmirik. Şair yazır:

Gedirəm, gəlirəm boşu-boşuna,
Xəyaldan şirin kam almaqdan ötrü.
Bir çöpün yiyəsi ola bilmirəm
Sözümün yiyəsi olmaqdan ötrü.

Sözdən qazanc ummağın özü elə sözə xəyanətdir. Tanrıdan gələn söz təmənnasız olmalıdır. İndi söz bazarında dəllalların sayı-hesabı bilinmir. Ara qarışıb, məzhəb itib. Söz dəyərdən düşdükcə Tanrının da nəzəri üstümüzdən çəkilir. Bu günün insanı bir çöp nədi, dünyanın yiyəsi olmaq istəyir. Sözü pilləkan kimi ayağı altına qoyub layiq olmadığı zirvəyə çatmaq istəyənlər növbəyə durub. Şair yazdığı şeirdən nəsə umur, umsuq şairlər yetişib. Belə bir əyyamda Tahir Talıblı kimi söz zərgəri gözdən-könüldən iraqda gəzir.

Sözün və sözünün yiyəsi olan şairlərin sözü eşidilmir. Bu gün kitab piştaxtasında qəlp söz satanların bazarı “xod” gedir. Söz Məbədgahının qapıları hər yoldan ötən üçün açıqdır, nəinki ayaqqabısı, ruhu da kirli olan adamlar o qapıdan rahat girib-çıxırlar, o məbədgahın da havasını bulandırırlar. Fransız intibahının yetişdirdiyi ədəbi dühalardan olan Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsərindəki bir detalı heç unuda bilmirəm. Telem monastrının əsas giriş darvazasında yazılır ki, “riyakarlar, yalan tacirləri, yetim-yesirdən rüşvət alanlar, qansız və kələkbaz adamlar bu darvazadan yan keçsin”!

Məncə, bizim də ədəbi məbədgahlarımızın qapısı üzərinə bu tipli sözlər yazılmalıdır. O zaman söz bazarı da bağlanar, sözün dəyəri də özünə qayıdar.

Qıvrılıb ilantək qabıq qoyuram,
Mən dizə çökürəm sözümün üstə…
Çörəyim dizimin üstə olmasın,
Misralar yazsam da dizimin üstə.

Sözün önündə diz çökənlər, sözə ibadət edənlər sözü ayağı altında payəndaz edənlərin qarşısında məğlub durumdadır. Rablenin təbirincə desək, yalan tacirləri internet məkanında sözün əsl mənasında at oynadır.

Tahir Talıblının “Söz” şeiri söz haqqında yazılmış ən gözəl şeirlərdəndir. Bu şeir Sözün diriliyinə şəhadət edən ədəbi nümunədir. Bu şeiri qalxan kimi üzərinə tutub söz tacirləriylə savaşa çıxmaq mümkündür.

Qorxaqlar dünyada hələ qan deyir,
Ağıl göməşdirir, əl göməşdirir.
Tərəflər meydanda pəhləvan deyil,
Tərəflər hələ ki, söz güləşdirir.

Deyirlər vaxt hər şeyi nizamlayır. Bu şeirin yazıldığı vaxtdan az qala, qırx il keçir. O “söz güləşdirənlər”in izi-tozu qalmayıb. Tahir Talıblının “Söz”ü və sözü isə yaşayır. Özü demiş, “söz-vaxtdı, vaxtın bir üzüdü, həm də özüdü”.

Şairlər üçün vaxt sözün sinonimidir. Vaxt əbədi qalibdir!

Kənan Hacı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button