CəmiyyətSiyasət

Əli Kərimlinin daha bir ifşası: Bu dəfə Tofiq Yaqubludan gəldi

Elçibəy hakimiyyətinin devrilməsinin qərar layihəsini hazırlayan bir adam…

Özünü müxalifət elan edib bu adın kölgəsində uzun illərini sadəcə özlərinə həyat qurmağa və müxalifətə olan inamı sarsıtmağa həsr edənlərin iç üzü bir-bir açılır. İllərdir deyilənlər, yazılanlar bir-bir təsdiqini tapır. Həm də “ana müxalifət” adına iddialı olanların, iddiaları ilə imkanları qətiyyən uyuşmayanların öz dili ilə. Siyasətə ancaq arxadan zərbə vurmağı, hər şeyi öz şəxsi maraqlarına qurban verməni, eqonu gətirən, xalqın müxalifətə olan inamının itməsinə birbaşa cavabdehlik daşıyan bu yalançıların düşərgəsi əslində öz içində çoxdan parçalanıb. Parçalanıb demək bəlkə də doğru deyil, parçalanmaq ancaq əqidəcə bir yolda yürüyənlərin sonradan hansısa fikir ayrılığından doğan hərəkətidir. Bu qrupda isə (onları saylarının azlığına görə hətta düşərgə də adlandırmaq olmur) heç bir zaman əqidədaşlar, fikirdaşlar birləşməyib. Bu qrup ancaq öz maraqlarını təmin etmək üçün müvəqqəti olaraq bir araya gələnlərdən və ya aldadılan insanlardan ibarətdir.

Özünü bir zamanlar Demokratik Qüvvələrin Milli Şurası adlandırıb Moskvadan bəslənən qrupun iki psevdoqəhrəmanının iç üzünü bu dəfə ən yaxın dostları olan Tofiq Yaqublu açır. Tofiq Yaqublu Əli Kərimli və Gültəkin Hacıbəylinin əslində xalqın mənafeyi üçün yox, sırf öz maraqlarının təmini naminə bir araya gəldiyini göstərən yeni bir sübut ortaya çıxarıb. Tofiq Yaqublu yayılan səs yazısında Əli Kərimli və Gültəkin Hacıbəyli barədə fikirlərini açıq səsləndirir. O səs yazısında ki, onu “ŞOK” adlandırmaq olardı, ancaq bu ifadə təkcə həmin qrupun əsl mahiyyətinə bələd olmayanlar üçün yenilik olar.

Əslində isə adları çəkilənlərin siyasi fəaliyyəti və əxlaqlı siyasətə qarşı fəaliyyətləri ilə az-çox tanış olan hər kəs bilir ki, onların hər birindən zaman-zaman belə sözlər eşitmək mümkündür. Əli Kərimli və Gültəkin Hacıbəylinin paxırlarını açan, əslində isə həqiqətləri dilə gətirən Tofiq Yaqublunun səs yazısında “Təsəvvür et ki, gəlib, normal təklifdir, bunu geri çevirmək də olar, lap normal. İndi çıxıblar ortaya, məsələn, tutaq ki, Müsavatın tarixini təftiş edib ki, filan ildə İsa Qəmbər belə elədi, buradan, arxamızdan bıçaq sancdılar…Əli Kərimli özü Elçibəy hakimiyyətinin devrilməsinin qərar layihəsini hazırlayan bir adam, indi Müsavatın tarixini təftiş edir. Və yaxud Gültəkin xanım deyir, Müsavat elə-belə, ironiya… Ay Gültəkin xanım, sənə heç kim heç nə demir axı, niyə köhnə şeyləri qabardırsınız?” söyləməklə bir zamanlar rəhbərliyində təmsil olunduğu Müsavat Partiyasına qarşı AXCP sədrinin uzun illərdir apardığı gizli dümənçilik siyasətini ortaya qoymuş oldu.

Üstəlik Əli Kərimlini Elçibəy hakimiyyətini devirməyə yönələn qanun layihəsinin müəllifi kimi təqdim etdi. Kərimlinin Elçibəyə münasibətini bilən hər kəs üçün AXCP sədrinin bu davranışı, kimlərləsə işbirliyi heç də gözlənilməz olmaz. Kərimlinin son illərdə ən yaxın ətrafı hesab olunan, məhz ona və faktiki olaraq nəzarətində olan Milli Şuraya simpatiyasına görə Müsavatdan da üz döndərən Tofiq Yaqublunu Kərimlinin hərəkətləri o vəziyyətə gətirib ki, adam artıq dilə gəlib. Tofiq Yaqublu onu hətta Milli Şuraya sədr gətirmək istəyində olan, bunu reallaşdıra bilməyən Əli Kərimlinin ancaq öz eqosunun təmininə və maraqlarının müdafiəsinə yönəlik mövqeyinə bu dillə etiraz edib. Təmsil olunduğu qurumun “mətbəxindən” xəbərdar biri kimi Tofiq Yaqublunun Kərimli ilə bağlı nəsnələrdən xəbərdar olmaması mümkün deyil. Görünür, indi AXCP sədrinə bu nəsnələrini xatırlatmaq zamanının gəldiyini hiss edib. Yəni, biz də çox şeydən xəbərdarıq, danışmırıqsa, bilməməzliyimizdən deyil, demək istəməməyimizdəndir.

Kərimli barədə zamanında siyasi cameədə olanların əksəriyyətinin dediyini indi də ən yaxın adamı hesab olunan (hər halda bütün baş tutan və ya tutmayan aksiyalarında Kərimlinin yan-yörəsində ancaq Tofiq Yaqublu görünürdü və hətta sinəsini dəfələrlə AXCP sədrinə “sipər” etmişdi) şəxsin dilindən səslənməsi artıq münasibətlərin qırılma nöqtəsini göstərir.

Yaxud Tofiq Yaqublunun Gültəkin Hacıbəyli barədə dedikləri sabiq deputatın bir anda 180 dərəcə dəyişən mövqeyinin bağlı olduğu nöqtələri tamamilə açır. Sabiq olduqdan sonra bir anda alovlu müxalifətçiyə çevrilən xanım Hacıbəyli ilə Kərimlinin təkcə oxşar maraqlara yox, həm də oxşar keyfiyyətlərə malik olması onları artıq xeyli zamandır bir arada saxlayan yeganə səbəbdir. Görünür, Tofiq Yaqublu da bildiyi bu həqiqəti artıq digər şəxslə söhbətdə açıq dilə gətirməyi lazım bilib.

“Ana müxalifət” adına iddalı olan bu adamların əslində bir-birinə olan potensial nifrət və rəqabət hissi zaman-zaman özünü biruzə verib. Sadəcə maraqların təmini bu qarşılıqlı hissləri arxa plana atacaq qədər qüvvətli olub. Necə deyərlər, əgər qazanc varsa, bəzi şeyləri görməzdən gəlmək olar, ta o zamana qədər ki, birinin marağı digərinin marağından bir az daha artıq təmin edilsin. Bax əsl həngamə onda başlayır… Necə ki, başlayıb…

Amma hər kəs reallığı bilir ki, bu adamlar hər zaman eqoları, siyasi səbatsızlıqları ilə birlikdə və ya ayrı-ayrılıqda müxalifəti gözdən salmaqla məşğul olubar. Əvvəl də, indi də/Elnarə Kərimova/Cebhe.info

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button