Ölkə

Jurnalistləri “xalq, dövlət düşməni” elan edəni başqa planetdəmi axtarmaq lazımdır? TƏRS BAXIŞ + ÖZƏL

Yaxud, çağdaş Azərbaycan mətbuatı xüsusilə (!) 23 oktyabr 2019-cu ildən etibarən sürətlə dəyişir – daha dövlətçi, daha proqressiv, daha müasir və daha güclü istiqamətə doğru!

Azərbaycan mediasının və media rəhbərlərinin, eləcə də jurnalistlərin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev tərəfindən hədəfə alınması seriyası və xüsusilə, ölkəmizə dair həssas məsələlərin qəzet və elektron mətbuat səhifələrində “işıqlandırılmaması” iddiası, hətta “boş-boş tezislərlə doldurulması” yönündəki fikirləri istər-istəməz həmin iddia ətrafında düşünməyə, nəticələr çıxarmağa və ən əsası, cavab verməyə zəmin yaradır. Əlbəttə ki, ölkəmizdə yaradılan demokratik mühit, söz və ifadə azadlığı da imkan yaradır ki, bənzər iddialara qarşı müvafiq cavablar verib, onların heç də doğru olmadığını isbatlayasan.

Administrasiyada aparılan münbit və uğurlu kadr islahatlarının məntiqi nəticəsi göz önündədir

Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayır ki, ölkədə baş verən hadisələrin bir çoxunu məhz mətbuatdan oxuyur və öyrənir. O cümlədən, ictimai nəzarət faktorunu daim qabardaraq, jurnalistlərin (!) bu işdə onun ən yaxın köməkçiləri olduğunu qeyd edir. Bu məqamdan ilk olaraq belə nəticə çıxarmaq olar ki, zaman-zaman cərəyan edən neqativ olayların, problemlərin ictimailəşdirilərək, dövlət başçısının diqqətinə çatdırılması həmin məsələlərin müsbət həlli ilə nəticəsini tapır. Hətta problemlərin işıqlandırılmasına qarşı çıxan və “yuxarılara” bağlı olan aşağı instansiyalar xalqı dövlətdən qəsdən, bilərəkdən narazı salmağa çalışmaq cəhdləri də artıq boşa çıxmaq üzrədir. Əslində bu faktın özü də belə demək mümkündürsə, mətbuatın, media kapitanlarının, jurnalistlərin fədakarlığıdır. O cümlədən, Administrasiyada aparılan münbit və uğurlu kadr islahatlarının məntiqi nəticəsi göz önündədir.

Hər hansı bir iqtidaryönlü mətbuat sərbəst şəkildə istənilən ictimai problemi işıqlandırmaq, dövlət rəhbərliyinin diqqətinə çatdırmaq istəyərkən onun qarşısına baryer qoyan kim idi?

Bəs bir müddət əvvəl vəziyyət necə idi? Daha doğrusu, artıq qaranlıq və müəmmalar doğurmağa başlayan fəaliyyətini gizlətmək məqsədi ilə nəinki baş redaktorların, eləcə də tanınmış jurnalistlərin işlərinə kölgə salmağa çalışan Ramiz müəllim jurnalistlərə xitabən “Çeynənmiş, bir-birini təkrarlayan tezisləri, içi boş fikirləri tirajlamaqla ölkəyə heç bir fayda verilə bilməz” deməklə əslində özünün zamanında belə bir vəziyyət yaratdığının fərqinə varmırmı? Yaxud, hər hansı bir iqtidaryönlü mətbuat sərbəst şəkildə istənilən ictimai problemi işıqlandırmaq, dövlət rəhbərliyinin diqqətinə çatdırmaq istəyərkən onun qarşısına baryer qoyan kim idi? Həmin problemi işıqlandırmağa müyəssər olan baş redaktorları, jurnalistləri az qala “xalq, dövlət düşməni” elan edib “baltalayanı” indi başqa planetdəmi axtarmaq lazımdır? Zamanında Azərbaycan dövlətinin apardığı uğurlu siyasətə qarşı çıxan bəlli xarici dairələrin, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən təşkilatların cavablarını mediada, ya da üzbəsurət şəkildə verən mətbuat adamları yaranan təhlükələrinin qarşısına çıxarkən bu hərəkətləri “içiboş fikirlər” adlandırmaq nə dərəcədə ədalətlidir? Ona görədirmi ki, haqqında bəhs etdiyimiz akademik “Çox təəssüf ki, bir çox hallarda bizim qəzet və elektron informasiya vasitələrimiz qərəzsiz analizlər təqdim etmək, xalqı maarifləndirmək və gercək təhlükələr haqqında təhlillər vermək əvəzinə, ölkə üçün həssas məsələlərdə susmağa üstünlük verirlər”, ittihamını irəli sürməklə əslində dövlətin və cənab Prezidentin siyasi maraqlarını müdafiəyə qalxan media adamlarının addımlarını “qərəzli” olaraq gördüyünü bəyan edir? Yaxud, “qərəzsiz analiz” dedikdə başqa nəzərdə tutulan nə ola bilər ki?

Əgər mətbuat Ramiz Mehdiyevin istədiyi kimi deyilsə, onun ixtiyarı və haqqı yoxdur ki, jurnalistlərə “səriştəsiz”, “qərəzli”, “cəmiyyət üçün faydasız” adını qoyub, istədiyi səmtlərə tərəf sürükləsin

Demək, onun fikrincə, dövlətçilik maraqlarına, Vətənə, xalqa xidmət etməyi düşünmək, daxili və xarici düşmənlərlə açıq mübarizəyə getmək, informasiya müharibəsində sinəsini önə verib-döyüşmək, xalqa xidmət etmək səhv imiş (?!) Nəticə çıxarmaq olar ki, “Əgər onlar bununla xalqa xidmət etdiklərini düşünürlərsə, çox səhv edirlər” düşüncəsini ictimailəşdirməklə, hələ də mətbuatı bəlli və istədiyi çərçivədə saxlayacağına ümid edən akademik “bəlkə də qaytardılar” düşüncəsi ilə yaşamağa davam edir.

Azad və müstəqil mətbuat əlindən gələn hər şeyi edir və bundan sonra da edəcək ki, daha əvvəllər yaşadığı çərçivələr, qarşısındakı sədlər bir daha yaranmasın. Əgər mətbuat bu gün məhz Ramiz Mehdiyevin istədiyi kimi deyilsə, onun ixtiyarı və haqqı yoxdur ki, mediaya, jurnalistlərə “səriştəsiz”, “qərəzli”, “cəmiyyət üçün faydasız” adını qoyub, istədiyi səmtlərə tərəf sürükləsin. Sadəcə bir fakta əsaslanaraq demək olar ki, əgər bu gün mətbuatda çatışmayan cəhətlər varsa da, bu cəhətlərin yaranmasında əsas günahkar, əsas baiskar məhz onun özüdür ki, var!

Bəli, bu gün məhz Prezident İlham Əliyevin iradəsi, təşəbbüsü və mətbuata olan rəğbəti, jurnalistlərə olan mükəmməl mövqeyi nəticəsində qəzetlər, fəaliyyət göstərən informasiya agentliklərinin bir çoxu dövlətdən davamlı maliyyə yardımı alır. Bəli, məhz dövlət başçısının qayğısı nəticəsində bir çox jurnalistlər və redaktorlar mənzillərlə təmin ediliblər və bundan faydalanan hər bir media adamı öz Prezidentinə sonsuza qədər minnətdardır.

Yoxsa hələ də düşünür ki, jurnalist faktoru onun nəzərincə “peşkadır”?

Mətbuat işçiləri də əllərində olan bütün resurslarından, imkanlarından maksimum istifadə etməklə dövlətin apardığı siyasətə dəstəyini göstərirlər, faydalarını verirlər. Bəs Ramiz Mehdiyevin “faydasız” gördükləri nədir? Ya da onun sadaladıqları heç bir əsasa söykənmir. Bəlkə “faydasızlıqları” öz ətrafında axtarsa daha yaxşı olardı? Yoxsa hələ də düşünür ki, jurnalist faktoru onun nəzərincə “peşkadır” və o da Azərbaycan mətbuatını qısnamaqda, sıxışdırmaqda, dövlət siyasətinə dəstək göstərməməsi üçün maneələr yaratmaqda davam edəcək? Xeyr, əsla! Artıq nə gün o gün deyil, nə də dövran həmin dövrandır. Çağdaş Azərbaycan mətbuatı xüsusilə (!) 23 oktyabr 2019-cu ildən etibarən süərtlə dəyişir – daha dövlətçi, daha proqressiv, daha müasir və daha güclü istiqamətə doğru!sia.az

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button