Redaktor seçimi

Klassiklərimizdən qalan yadigar: su kimi lətafətli Söz…-MƏHƏMMƏD NƏRİMANOĞLU YAZIR

Yaradıcı qadınlarımızın sorağı ilə

Xəyalı qartal tək zirvə başına qonan söz adamı

Sona Abbasəliqızının sözünün həniriisə ocaq daşına hopub

Klassiklərimizdən qalan yadigar:
su kimi lətafətli Söz…

Son illərin ədəbi aləmində çeşid-çeşid kitabların görünməsi təbiidir, çünki ədəbi senzura yoxdur. Sözün meydanı genişlənib, baxmayaraq ki, həmin bolluğun içərisində Baş sözün yanında boş sözlər də çoxdur. Əlbəttə, belə «külliyyat»lar Azərbaycan ədəbi aləminə daxil ola bilmir, çünki həmin «əsərlər»in «müəlliflər»i xalqımızın söz salnaməsini yaratmaq məsuliyyətini daşımaq qabiliyyətində deyillər.

Sözün yaradıcısı İlahi olduğundan, onu qorumaq da ruhən, qəlbən göylər səltənətinə bağlı olanların üzərinə düşüb. Belə söz keşikçilərimiz zaman-zaman barmaqla sayılacaq qədər olsalar da, yaddaşlarda yaşayıblar, klassikləşiblər, ədəbi söz mülkünün sahibinə çevriliblər.

Sözün mayası halallıqdan, ruhdan tutulanda Baş sözə çevrilir. Elmi ədəbiyyatın söykəndiyi, barınıb-bəhrələndiyi şifahi xalq ədəbiyyatı inciləri zaman-zaman araşdırılsa belə, bu gün də təhlilinə ehtiyac duyulan nümunələrimiz ədəbi-bədii, mill-mənəvi sərvətimiz, tükənməyən xəzinəmiz kimi bəşər övladını təəccübləndirməkdədir. Çünki qaynaqları («bulağın gözü yerin yeddi qatından çıxar») əsrlərin, nəsillərin yaddaşından süzülüb gəlir.

Klassik ədəbiyyat araşdırıcılarından biri olmuş M. F. Köprülüzadənin «XVI əsrin sonuna qədər türk saz şairləri» (İstanbul, 1930) əsərində göstərilir ki, onlar hələ Atilla dövründən (eranın V əsri) saraylardan başlayaraq, səlcuqlar da daxil olmaqla, XV əsrə kimi qopuzları ilə şənlik və toplanışlarda bahadırları tərənnüm etmiş, poetik deyimlə, obrazlı şəkildə tanıdıb-yaşatmışlar.

Bu kimi klassik mənbələrə əsasən, belə qənaətə gəlinir ki, qədim türk dövlətlərinin saraylarında, həmçinin Alp Ər Tonqa, Atilla kimi xaqan-sərkərdələrin, xalq qəhrəmanlarının ordusunda ozanlar kimi, şairlər də böyük ruh yüksəkliyi yaratmış, igidlərin savaşda qələbəsində böyük rol oynamışlar. Yəni, şeir sazın sinəsinə yazılanda daha uzunömürlülük qazanır.

Sözün saz, sazın söz ömrü…

Haşiyə: 2000-ci il idi. İndiki Heydər Əliyev Sarayında Bəhmən Vətənoğlunun 70 illik yubiley gecəsində (əslində, rəsmi şəkildə yubiley deyildi, şairlə onu sevən oxucularının görüşü, ədəbi-bədii gecə idi) xalq şairi Zəlimxan Yaqub Bəhmən Vətənoğluya üz tutub dedi ki, Bəhmən, sən qəm eləmə ki, adının yanında fəxri titul çəkmədim. Amma xalq şairləri var ki, kitabları kitabxanalarda illərdir ki, elə toz basıb ki, oxucu üzünə həsrətdir. Niyə? Ona görə ki, onları sazla ifadə eləmək olmur. Sən isə sinələrdə əzbər şairsən. Xalqın və sazın sinəsinə yazılanlar əsl xalqın şairləridirlər.

Fikrim heç də ozan, yaxud aşıq sənətinin dünəninə boylanmaq deyil. Sadəcə, qələminə bələd olduğum və poetik qəlbinə yol başladığım Sona xanım Abbasəliqı da dünyaya göz açdığı, amma, illərdir ki, gedə bilmədiyi, həsrətini poetik dillə oxucularına çatdırdığı saz-söz beşiyi – ulu Göyçəmizin sənət dünyasından boy verib. Ona görə də yaradıcılığı əsasən klassik aşıq ədəbiyyatı nümunələridir.

Azərbaycanın aşıq və şairləri arasında qadınların sırasının ildən-ilə genişlənməsi heç də təsadüfi deyil. Uzun illər «dilinə qıfıl vurulmuş» nənələrimizin yaşmaq altından etdiyi zümzümədən də hiss eləmək mümkün idi ki, onlar, adi insani hüquqlardan məhrum ediliblər. Evin, ailənin ən ağır işlərini belə çiyinlərinə götürmüş analarımız, bacılarımız yüzillərlə onları ağrıdan, əzab verən, sıxan dərdlərini, ən azı, yaxınlarına belə demək imkanından məhrum edilmiş, bir növ, «evin süpürgəsi»nə çeırilmişdilər.

Lakin anaların, nənələrin dilindəki pıçıltılı nəğmələrdə, ağı və bayatılarda onların taleləri, bəxtlərinə çıxan sevgi dolu ömür yolu ilə yanaşı, məşəqqətli günləri də öz əksini tapıb. Heyran xanımdan, X. B. Natəvandan, Kor Bəstidən, Aşıq Pəridən bugünkü müasir yaradıcı qadınlarımıza qalan yadigarlar arasında belə nümunələr bəs deyincədir.

Sona xanımın lirik dünyasının kitab ömrü…

Əsl mənada Sözün nazını çəkən, cəfasına dözən, əlindəki qələmini sinəsində telli sazla qoşalaşdıran, coşqun və poetik nitqin zirvəsindən boylanan, təkcə Sözün əsgərinə, sərkərdəsinə çevrilməyən, həm də onu poeziya zirvəsinə aparan yollara nur çiləyən, keçdiyi əzablı, məşəqqətli dolaylar xarakterində əzmkarlıq, bütövlük, həmçinin əlavə bir gözəllik də formalaşdıran, yaşadıqları yaşamağa macal verməsə də, Sözün yaşamasını və məlhəmə çevrilməsini varlığından çox istəyən, klassik şeir növünü ruhun laylası sayan, Böyük Türk dünyasının sevimlisi kimi tanınan Sona xanımın lirik dünyasını kitab hesab edib vərəqləyirəm…
Öncə anamdan başlayacağam. Bu da təsadüfi deyil. Fikrimə söykək olsun deyə, anamdan başlayıram. Ruhu Sona xanımı və oxucularını qorusun. Niyə anamdan başladım? Anam da şair ruhlu bir xanım idi. Xanımlıq taxt-tacında yaşamasa da, uzun illər kitabxanada kitablar arasındaömür sürdüyündən, ədəbiyyatı sevmiş və mənə də sevdirmişdi.
Ömrünün son illərində ədəbi aləmə özünü söz adamı kimi təqdim edən Güllər Məmmədqızı biz övladları üçün yalnız ana deyil, həm də qəlbi poetik ovqatlı dərd yuvalı bir şairə kimi də yaddaşımıza yazıldı. Sağlığında “qara qovluq”dakılarını üzə çıxarıb “Qəriblər ağısın oxuyan durna” kitabçasını nəşr etdirib (əlbəttə, özündən xəbərsiz) evə gətirəndə əməlli-başlı inciyib-küsmüşdü məndə: kitabçanı açıb vərəqləmədən “məni el içində niyə biabır eləmisiz?!”-demişdi.

Könlünü birtəhər alıb, “bir də belə qələt eləmərəm”,-deyəndə kövrəlib ağlayan anamın Murovdağda yanağında donan göz yaşı yenidən gözlərindən süzüldü. İncitdiyim üçün xəcalət çəkdim və nə yaxşı ki, o zaman xəcalət çəksəm də, həmin kitabçanı nəşr etdirmişdim. Aradan bir qədər keçəndən sonra anamın həmin kitabçasını balalarından biri kimi sinəsinə sıxıb ağladığını görmüşdüm…

Anamdan mənə yalnız poetik dilli fikirləri yox, həm də ali insani keyfiyyətli tapşırıqları qaldı: “Südümü sənə o zaman halal edəcəm ki, sən qadın şairlərin yaradıcılığına ayna tutasan, onlara çap olunmaqda kömək edəsən…”

İllər necə də “quşqanadlı” olurmuş. O vaxtlardan bizi artıq zaman ayırır. Anam bizimlə barışdı da. Onun ürək boyda kitabçası – “Qəriblər nəğməsi oxuyan durna” əl-əl gəzdi: ədəbi ictimaiyyətin nümayəndələri bu barədə geniş şərhlərlə məqalələr də yazdılar. Və bir ildən sonra anamın ikinci kitabı – “Orda açıb, burda solan bir Güləm” ildönümünə hədiyyə olundu. Güllər Məmmədqızını qəlbi pak duyğulardan silələnmiş el şairəsi olduğunu hiss etmişdim. Anam gənclik illərini kitablar arasında keçirmişdi. Uzun müddət Kəlbəcər rayonundakı Mərkəzi Kitabxananın filial müdiri olmuş, özü demişkən, oxumadığı kitab qoymamışdı qalsın. Buna görə də ədəbi hadisələri nəzmə çəkməkdə pərgar idi. Bədahətən söylədiyi bayatı və ağılar isə onun əsl söz adamı olduğunu təsdiqləyirdi.
Məqsədim anamın yaradıcılığına yenidən qayıtmaq deyil, onun kimi dili və qəlbi şeiriyyətlə ballanan nəğməkar şairələrimizin bu gün də ədəbi aləmdə kifayət qədər olduğunu dilə gətirməkdir.

Göyçənin qurumayan söz bulağı…

Nə yaxşı ki, ədəbiyyatı, onun əsas komponenti olan ədəbi-bədii söz mülkünün kökünü minillik qatlara uzanan, qollu-budaqlı bir ağaca bənzədirlər. Onu müxtəlif zamanlarda yaşamış, fərqli zövqlərə və dünyagürüşünə malik soydaşlarımızın əsrlərlə yaratdıqları və bugünümüzə qədər gəlib çıxan bədii irsimizin toplumu da adlandırmaq mümkündür. Bura, əlbəttə, yazılı klassik ədəbi-bədii nümunələr də daxildir.

Təsadüfi deyil ki, böyük fikir sahiblərinin, söz sərraflarının, ədəbi nəslin klassik nümayəndələrinin yaşadığı dövrlərdən bizi ayıran zaman məsafəsi dəyişdikcə onların yaratdıqları elmi-fəlsəfi, ədəbi-bədii sənət nümunələri daha da formalaşaraq zənginləşir və öz dəyərini artırır.

Azərbaycanda vahid ədəbi prosesin formalaşması və təkamülündə ayrı-ayrı regionlarda müəyyən tarixi-sosial və ədəbi şərtlərin reallaşdırdığı yaradıcılıq mühitinin rolu çox böyük olmuşdur. Ümummilli ədəbi prosesləri formalaşdıran mühit bu gün də özünün varlığını və gərəkliyini qoruyub saxlamaqdadır. Belə ədəbi mühitlərdən biri də vaxtilə ulu Göyçə mahalında formalaşmışdı. Təəssüflər olsun ki, 30 ildən çoxdur Göyçə həsrəti qəlbimizi dağlayır, amma, nə yaxşı ki, onun söz çeşməsindən ruhumuza bu gün də axır. O söz bulağını qoruyub-saxlayanlardan biri də ədəbi-bədii yaradıcılığından söz açmaq istədiyim Sona Abbasəliqızıdır.

Göyçə ədəbi mühiti Azərbaycan ədəbiyyatının ayrılmaz bir parçası olaraq üzünəməxsus inkişaf yolu keçmiş, zəngin ədəbi nümunələrə, fərqli bədii çalarlara, yüksək estetik qaynaqlara malik əvəzsiz mədəni sərvətlərimizdəndir.

Azərbaycan ədəbiyyatşünaslığında Bakı, Təbriz, Tiflis, Borçalı, Naxçıvan, Qarabağ, Şirvan, Göyçə, Gəncə və digər bölgələrin ədəbi mühitləri lazımi qədər araşdırılıb elmi dəyərini alsa da, zəngin potensiala malik bir sıra mənbələr hələ də ciddi tədqiqatdan kənarda qalıb.

Qarşımda bir kitab var. Müəllifi ictimaiyyətdə tanındığı üçün onun ədəbi dünyasından söz açmaq fikrim çoxdan var idi. Lakin, nədənsə, ya cəsarət etmirdim, ya da barəsində kifayət qədər məlumatım olmadığından, sonraya saxlayır, oxuyur, təhlil edir, fikir formalaşdırırdım.
Nəhayət, müəllifin poetik, lirik düşüncələrindən sonra nəsrə və həm də birbaşa romana keçməsi məni də maraqlandırdı. Beləliklə, haqqında yazmaq qərarına gəldim. Daha doğrusu, haqqında yazılanlardan nəticə çlxarmaq istədim.
Əlbəttə, hər nəşr edilən kitab ədəbi hadisə sayıla bilməz, heç, əslində, elə müəlliflər var ki, onlar bu barədə düşünməyiblər də. Lakin, ədəbi ictimaiyyət onların bədii yaradıcılıq nümunələrinə diqqət yetirdikdə, yəni saf-çürük etdikdə, hiss olunub ki, onların heç də hamısı təsadüfidən yaranan misralar, qafiyələr, bəndlər deyilmiş.

“Sözün xaqanı” haqqında xatırlatmalar

“Sona xanım əfəndimiz, Sizi bu yeni kitabınızın işıq üzü görməsi münasibətilə təbrik edirəm. Nə yaxşı ki, Sizi hər əsərinizdə daha yaxından tanımaq imkanımız olur. Siz yalnız poetik ruhlu şairə deyil, həm də Azərbaycan nəsrinin Əzizə Cəfərzadəsindən sonra xanım kapitanlarından birisiniz! Birincisi demədim ki, bəziləri dodaq büzməsinlər, xəbislər az deyil.

“Sözün xaqanı” romanınızı oxuyub dərindən düşünmüşəm. Daha geniş yazı ilə sizin ədəbi-bədii dünyanıza yenidən qayıdacağıma söz vermişdim. Buna haqqınız min qat imiş. Hələ Sizi yaxşı və yaxından tanımamışıq…”
Bu təbrikim focebook səhifəsində müəllifin xoşuna gəlmişdi, deyəsən, təşəkkürünü gecikdirmədi. Əslində, ədəbi-bədii söz dünyasına boylanmaq istəyimi ona bildirməsəm də, qəlbimdən keçirdi ki, fikrimi bir qədər geniş yazım. Lakin çalışdığım rəsmi dövlət qəzetində bu, mümkün deyildi, bir neçə əsaslı səbəblər var idi. Ona görə də qəzetimizin “Yeni məşrlər” rubrikasında əsər, daha doğrusu, kitab haqqında fikirlərimi çalışdım ki, yığcam şəkildə ifadə edim, çərçivə həcmində…

Xaqanlığın söz zirvəsi

“Kitab oxumaq mədəniyyətdir”. Bu fikir dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyası dövründə formasını və məzmununu bir qədər dəyişib. “Evdəqal” çağrışına əməl edənlərin əksəriyyətinin kitablarla ünsiyyəti çoxalıb. Günün əksər saatlarında ən yaxın dostları kitab olub.

Bu fikirdə olanlar yalnız kitabxanaçılar deyil, həm də oxuculardır. Bir vaxtlar kitab oxumağa vaxtın olmamasından gileylənirdik: “Bir bəhanə də “yaxşı kitab”ların azalması, yeni nəşr edilənlərin isə oxucu zövqünü oxşamaması idi.

Yeni nəşr edilən kitabların əldə edilməsi də bir problemdir, çünki onların əksəriyyəti müəlliflərin özləri və ya sponsorların hesabına çap edilir, həm də az tirajla”.
Bütün bunlarla yanaşı, elə kitablar da işıq üzü görür ki, qısa vaxtdan sonra az tapılanlar sırasına daxil olurlar.

Azərbaycan, İraq-Türkmən, Özbəkistan yazıçılar və jurnalistlər birliklərinin üzvü, Türkiyə Avrasiya Sanat Kütür Edebiyyat Federasyonunun Azərbaycan üzrə başkanı, yazıçı-publisist Sona İsmayılovanın sayca doqquzuncu kitabı, “Elm və təhsil” nəşriyyatında çapdan yeni buraxılan “Sözün xaqanı” da oxucuların axtardığı kitablardandır.

Kitabın redaktoru – filologiya elmləri doktoru, professor Nadir Məmmədli “Tarixin söz aynası” adlı ön sözdə qeyd etdiyi kimi, “Sözün xaqanı” tarixi romanını bədii-tarixi səciyyəsi, dil zənginliyi və səmimi təhkiyəsi ilə Sona İsmayılovanın yaradıcılıq uğuru kimi dəyərləndirmək olar: “…Yaş
məhdudiyyəti nəzərə alınmayaraq, roman geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İnanırıq ki, bu əsər Azərbaycan polifonik romanları sırasında örnək olacaq, öz dəyər və əhəmiyyətini uzun müddət saxlayacaq, hətta gündən-günə artıracaq”.

Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir, həmçinin qədim dövr ədəbiyyatının yaradıcılarından biri olan Xaqani Şirvaninin keşməkeşli ömür yoluna həsr olunan əsərdə təkcə Əfzələddin Xaqani deyil, onun yaşadığı dövrün ictimai hadisələrindən, Şamaxı, Təbriz və başqa şəhərlərdə baş verən hadisələrdən, o cümlədən baş qəhrəmanın müasirlərindən bəhs edilir.

Çeçen Unversitetinin Təhsil fakültəsinin dekanı, Atatürk Üniversiteti Kazım Karabekir Təhsil fakültəsinin Xarici dillər bölməsinin başkanı pofessor Məlik Bülbül Ağrı İbrahimin son söz yazdığı “Sözün xaqanı” kitabında müəllif öz oxucularına bir roman, bir povest və iki hekayə təqdim edir.

Kitabın ön söz müəllifi və redaktoru professor Nadir Məmmədlinin qələmindən çıxan məqaləsindən bəzi məqamlara diqqət yetirməklə, roman haqqıda fikirlərimi ümumiləşdirmək istərdim. N. Məmmədli “Tarixin söz aynası” adlı ön söz məqaləsində yazır: “Müəllif romanda xronoloji ardıcıllığı gözləyir – romanın kompozisiyasının ölçü vahidi insan bioqrafiyasıdır; təsadüfi deyildir ki, Xaqaninin gənclik yaşlarından ta ölümünə qədər insan–şair ömrünü tam əhatə edə bilmiş, hətta, müəyyən məqamlarda saray münaqişələrinin daxilinə girməyi bacaran bir üslub sərgiləmişdir. Xaqanini çox ciddi planda təsvir etsə də, məzmununu tarixi hadisə və şəxsiyyətdən götürsə də, real və ya macəralarla əhatə edilmiş
bir roman qələmə almış, əsərdə yığcam və sərrast ifadələri ilə zəngin dil koloriti yaratmışdır.

“Ədalət” qəzetinin səxavəti, müəllifin səmimiyyəti

Sona xanımın bəlkə də qazandığı ən böyük uğurlardan biri də məhz tarixi roman janrında qələmini sınamasıdır. Bu bədii yaradıcılıq yolu – narrativ üslub təkcə tarixi yox, fəlsəfəni, coğrafiyanı da bilməyi tələb edir. O, romanında dünya modellərinə həm forma və məzmun, diskurs və semantika parametrlərinə, sərbəstliyinə görə bədii təfəkkürə, estetik idrak qanunlarına, polifonik səciyyəyə sadiq qalır…”

Çeçen Unversitetinin Təhsil fakültəsinin dekanı, Atatürk Üniversiteti Kazım Karabekir Təhsil fakültəsinin Xarici dillər bölməsinin başkanı pofessor Məlik Bülbül Ağrı İbrahimin isə kitabın son sözündən yetərincə nümunə göstərmək olar. Haqqında bəhs edilkən kitab, o cümlədən də orada oxuculara ayrıca təqdim edilən roman müasir oxucuya çox mətləbləri andırır. Şair ədəbi tariximizin açılmamış qatlarına, sadəcə, baş vurmur, həm də publisistik və bədii dillə oradakı hadisələri oxuculara çatdırmaq məharətini ortaya qoymuş olur. Elə professor Məlik Bülbül Ağrı İbrahimin də düşüncələri təqribən belədir.

Kitab-roman haqqında daha bir sanballı resenziya-məqaləni də oxudum. Zaur Ustacın qələmindən çıxan məqalə şairimizin həm də kamil publisist kimi yetişməsinə bir işarədir. Dövrü mətbuatda, xüsusən də “Ədalət” qəzetində özünə geniş yer tapan məqalə hər iki yaradıcı şəxsi (məıqalə müəllifi Zaur Ustacın və kitabın müəllifi Sona xanım Abbasəliqızının) daha geniş oxucu auditoriyasına çıxarır. Var olsun Zaur Ustacı ki, Sona xanımın əsəri haqqında geniş analtik bir məqləni qələmə alıb.

Məqalə müəllifi yazır “…”Sözün Xaqanı” romanı haqqında təəssüratlarımı aşağıdakı kimi yekunlaşdırmaq istəyirəm: müəllifin romanı yazmağa ciddi hazırlaşdığı, mütaliəsi və səfərlərinin nəticəsi göz qabağındadır. Bu, təqdirəlayiq və bütün gənc yazarlara tövsiyə olunmalı bir örnəkdir. Romanın həcmi müasir tələblərə tam cavab verir, dili səlisdir və aid olduğu dövrlə səsləşir, tarixilik baxımından zəruri məlumatlarla zəngindir, ən əsası, olduqca vacib bir mövzuya müraciət etməklə, əslində, cəsarətli bir addım ataraq ədəbiyyatımıza gözəl, bitkin, tam məlumat yüklü bir əsər qazandırmışdır…”

Qəmi ilmə-ilmə sökən şair

Roman və ümumiyyətlə, “Sözün Xaqanı” kitabı haqqında ətraflı fikir yürütdükləri üçün professor Nadir Məmmədliyə və Zaur Ustaca təşəkkürlər etmək, məncə, azdır: var olun hər ikiniz!

Sona Abbasəliqızı haqqında qısa tanıtmanı Zaur Ustac yazdığı üçün rəsmi arayışa qayıtmıram. Lakin qeyd etməliyəm ki, haqqında söz açılan müəllifin bədii yaradıcılıq nümunələri yalnız publisitika ilə məhdudlaşmır. Biz onu, əslində, şairə kimi tanımışıq və şeirlərini, hətta, əzbərləmişik də. Buna görə də fikrimi Sona xanımın poetik lövhələrinə cəmləməyə çalışacağam.

Bəri başdan deyim ki, Sona Abbasəliqızının dünyaya göz açdığı ulu Göyçə saz-sözə yalnız vurğun yox, həm də onun klassiklərinin doğulduğu məkandır. İllərdir ki, düşmən tapdağında inləyən ulu Göyçə daşnakların işğal etdiyi və bəzilərinin isə zamanın sərt dönəmlərində kimlərin və nələrinsə qurban olmuş on altı mahaldan biridir. Orada dünyaya göz açdığı üçün Sona xanım da uşaqlıqdan, çox erkən yaşlarından poeziyaya, saza-sözə vurğunların əhatəsində böyüyüb. Bir vaxt hiss edib ki, fikrini poetik dillə daha rəvan, axıcı təqdim edir. Baxaq bir nümunəyə:

Sonanın xoş günü keçibdi çoxdan,
Bəxtim bu qisməti seçibdi çoxdan.
Sevincli günləri köçübdu çoxdan,
Görən qayıdarmı, döndərən olsa.

Bəli, bu bənd yurd itkisindən doğan acının misralanmış dərd yumağıdır. Başqa nə ola bilər ki? Həm poetik, həm lirik, həm də mövzu baxımından çox tutarlı alınıb.

Sona, ilmə-ilmə qəmi sökərəm,
Yurdun həsrətini hər gün çəkərəm.
Düşmənin başına alov tökərəm,
Nə qədər canımda canım var, Göyçə.

Bu da yuxarıda söylədiyim yurd niskilinin daha br ifadəsi. İlmə-ilmə qəmi sökən, itirdiyi yurdun həsrətini çəkən, buna görə düşmənin başına alov tökən göyçəli balası ancaq belə deməliydi ki, deyir.

Uçub getdi həsrətin son durnası

Vətəndaşlıq qayəsindən söz açan şairə sevginin yaxasını deşib boylanan eşqi yazda qönçələnən gülə elə bənzədir ki, heyran olmaya bilmirsən. Sevgi şairlərin əbədi-əzəli mövzusu olsa da, onu ifadə etmək o qədər də asan deyil. Lakin Sona Abbasəliqızı onu klassik şeir janrlarında elə mükəmməl yazıb ki, qələm kağızı, söz də dil-ağızı sevir elə bil:

Uçub getdi həsrətin son durnası.
Əllərimə yaxdın sevinc hənası.
Sənli könlüm Sonaların Sonası,
Gəl, sinəmə eşq butası taxanım.

Təəccüb eləmə, əziz oxucu, sənin də təbəssümün şair üçün bir ayrıca mövzudur. Şeirlərinin hamısı dərd-qüssə deyil. Sevinclərini qucaq-qucaq oxucusunun üstünə səpələyən şeirlər də az deyil Sona xanımın yaradıcılıq nümunələrində.

Sona, xəyal qonub zirvə başına,
Hopub söz həniri ocaq daşına.
Cığırlar hörmətlə çıxar qarşına,
Qosqoca dağlardan xəbər al məni.

Deyirlər ki, şairlərin tərcümüyihalı olmaz. Onlar özlərini şeirlərinin hər sətrində gizlədirlər ki, görsün oxucu yerini-yurdunu, kimliyini öyrənə bilirmi? Doğrudan da bax yuxarıda təqdim etdiyimiz bənd adamı ona görə özünə bənd edir: xəyalları zirvəyə qonan, sözünün həniri ocaq daşına hopan Sona xanım bununla özünü bədii formada təqdim eləmirmi?

Lakin onu da qeyd edim ki, poeziya buketi, nəğmə çələngi olan bir könülün həsrəti, hicranı da yercə-göycədir. Bu yerdə şairə bacımıza ünvanlı bir şeirimi ona hədiyyə olsun deyə yazıram:

Göyüm-göyüm göynəyirəm, Düşübdü könlümə Göyçə.
Özgə bir yurd neynəyirəm,
Yuxuma gəlib bu gecə,
Düşübdü könlümə Göyçə.

Yaralıyıq ikimiz də,
İmkan yoxdu əlimizdə.
Gətirmişik gözümüzdə,
Ağlaşırıq biz gizlicə,
Düşübdü könlümə Göyçə.

Əsir qalıb Göyçə gölü,
Sazımdakı “Göyçəgülü”.
Bir haraylı, bir ah-ünlü,
Sızlayıram mən görüncə,
Düşübdü könlümə Göyçə.

Nağıldımı, dastandımı?
Unutmaq heç asandımı?
Bu möhnətdən usandımı,
Dözəmmərəm mən gedincə,
Könlümə düşübdü Göyçə.

Dağılıfdı neçə dəfə,
Alandan yağı hədəfə.
Orda dığa baxır kefə,
Burda halımız gör necə,
Düşübdü könlümə Göyçə.

Məhəmmədi dərdinə tuş,
Ömür qısa, yollar yoxuş.
Budur sinəmizdə naxış,
Çox da müqəddəsdi Gəncə,
Düşübdü könlümə Göyçə.

Daha hansı mövzular yoxdur ki, Sona xanım ondan yan keçsin? Çətin!Türk dünyasının bütövlüyünə çağırış şairənin yaradıcılıq boyu müraciət etdiyi, mən deyərdim ki, ən əsas mövzu və ana xəttidir. “Azadlıq nəğməsi” şeirini oxudum. Və elə fikrimi bu şeirlə də yekunlaşdırmaq istərdim. Niyə bəs belə bir siyasi şeiri sözümün, fikrimin sonunda bildirmək qərarına gəldim? Azadlıq qəlbdə, könüldə, fikir və düşüncədə hakim olanda, köhnə, stereotip, çərçivə tanımır adam. Azad fikir quş kimidir, nə vaxt pərvazlandısa səma onunku olur. Sona xanımın poetik və lirik dnyasında da sözün azadlığını gördüm. Nəyinsə, kiminsə xatirinə, xoşu gəlsin deyə bircə misrasına rast gəlmədim. Sözü sevgiylə dil açıb, məhəbbətlə ballanan şairəmiz azadlıq aşiqlərinin ruhları ilə baş-başa qaldığını elə gözəl bədii formada ifadə edib ki, istədim, elə bu yazıda da son söz Sona xanımın özünə məxsus olsun:

Azadlıq sözünün ətrini duydum,
Doğma vətənimin hər qarışında.
Məmmədəmin ruhu haqq bayrağı tək,
Bu gün dalğalanır yurd yaddaşına.

Bax Ənvər paşanın, Nuru paşanın,
Ruhu göylərində dolaşır, vətən.
Azadlıq şövqünün təntənəsi tək,
Ümid məşəllərin alışır,Vətən.

Mənim qəlbimdəki azadlıq eşqi,
Hopur misra-misra bəyaz varağa.
Ölməz şəhidlərin arzularıdır,
Dönüb sinən üstə üçrəng bayrağa.

Sənin şöhrətini təbrikə gəldim,
Sinəmdə çiçəkdir bu ürək, vətən.
Bu gün yüz yaşına qədəm qoyur, bax,
Şanli azadlığın mübarək, vətən!

Məhəmməd NƏRİMANOĞLU

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button