İqtisadiyyat

“Yaşıl enerji”yə keçid Azərbaycana təbii qazdan daha çox qazanc imkanı verəcək

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlinin qoyulması alternativ enerji mənbələrindən daha çox istifadə edilməsinə imkan yaradacaq

Son illər ərzində dünya boyu bərpa olunan enerji əsasında rekord həcmdə elektrik stansiyaları inşa olunmaqdadır. Bütövlükdə 2019-cu ildə tikilən yeni elektrik stansiyalarının 73 faizi, 2020-ci ildə isə 82 faizi bərpa olunan enerji mənbələri, daha çox külək və Günəş enerjisinə əsaslanan qurğuların payına düşüb. Ötən il də bu göstərici 80 faizdən yuxarı olub.

Bərpa olunan və ya “yaşıl enerji” siyasəti bir çox ölkələrdə çox irəli gedib. Bu istiqamətdə həm kifayət qədər nəticələr əldə olunub, həm də yaxın dövr, yəni 2030-2040-cı illər üçün böyük hədəflər qarşıya qoyulub. Karbohidrogen resursları ilə zəngin olan ölkələrin çoxunda bu prosesə nisbətən daha ləng və soyuq yanaşma var ki, bu da təbii haldır. Lakin Azərbaycan bu yanaşmaya baxışı dəyişir. Ölkə “yaşıl enerji” siyasətinə sürətli keçid həyata keçirir. Bu günlərdə 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlinin qoyulması da bunun təsdiqidir. Bununla bağlı tədbirdə iştirak edən prezident İlham Əliyev qeyd edib: “Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq artıq biz bu gözəl günü birlikdə qeyd edirik”. Bununla yanaşı, prezident qeyd edib ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq: “Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır”. Qeyd edək ki, stansiya sırf Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin sərmayəsi hesabına tikiləcək. Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud bildirir ki, bu məqsədlə Azərbaycana yatırılan 300 milyon dollara yaxın investisiya “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir: “Bildiyiniz kimi, bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq”.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisinə olan tələbatın əhəmiyyətli hissəsi bu gün subsidiyalaşmış qazdan istifadə edilməklə istehsal olunur. “Yaşıl enerji” nisbətən baha başa gəlir. Yeni texnologiyalar kifayət qədər böyük investisiya qoyuluşları tələb edir və həmin enerjinin bazara nisbətən baha qiymətə təklif olunması zərurəti yaradır. Belə şərtlər daxilində adətən karbohidrogen resursları olan ölkələrdə “yaşıl enerji”yə təbii meyllilik aşağı səviyyədə olur. Lakin Azərbaycan vəziyyətə indi fərqli yanaşır. Digər tərəfdən, ölkəmiz nəzərə alır ki, bir qlobal çağırış da var. Azərbaycan bu çağırışdan geri qala bilməz. Xüsusilə də nəzərə almaq lazımdır ki, müəyyən konvensiyalar çərçivəsində Azərbaycan təbiətin, atmosferin çirkləndirilməsi istiqamətində öhdəliklər götürüb. Qeyd edək ki, bu gün dünya dövlətləri və bütün bəşəriyyət üçün ən ciddi problemlərdən biri qlobal iqlim dəyişikliyidir. Beynəlxalq təşkilatlar, müxtəlif araşdırma institutları, elm adamları tərəfindən bununla bağlı hələ də çoxsaylı xəbərdarlıqlar səsləndirilir, prevntiv tədbirlər görülməyəcəyi təqdirdə dünyanın qarşısıalınmaz fəlakətlə üzləşməsinin qaçılmaz olduğu bildirilir. Mövcud vəziyyət göstərir ki, iqlim dəyişikliyi kimi bəşəri xarakterli problemin həlli üçün bu istiqamətdə qlobal əməkdaşlığın həyata keçirilməsi olduqca vacibdir. Əks təqdirdə bu problemin fəsadlarının aradan qaldırılması mümkün olmayacaq. Azərbaycan dünyanın diqqətini qlobal iqlim dəyişikliklərinə yönəltməklə yanaşı, bir ölkə olaraq da qeyd edilən problemin həllinə mühüm töhfələr verir. Bundan irəli gəlir ki, ötən il baş tutan Qlazqo konfransında Azərbaycan yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradıldığını bəyan edib. İşğal altındakı ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb. Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində  isə iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Azərbaycan ətraf mühitə ziyan vurmayan enerji mənbələrindən istifadə edilməsini də xüsusi diqqət mərkəzində saxlayır. Bu səbəbdəndir ki, enerji resursları ilə zəngin olmasına və dünyada həmin resursların ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman ön planda yer alır. Hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. Hədəf 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır.

Bundan başqa, bərpa olunan enerji mənbələrindən istifadə ölkəmizə dünya enerji bazarlarına daha çox təbii qaz nəql etməyə imkan verir. Məsələyə bu prizmadan yanaşan deputat Vüqar Bayramov qeyd edir ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlinin qoyulması alternativ enerji mənbələrindən daha çox istifadə edilməsinə imkan yaradacaq. O vurğulayır ki, bərpa olunan enerjinin ümumi istehlakda payının artırılması Azərbaycan üçün prioritet məsələlərdən hesab olunur: “Bərpaolunan və alternativ enerji mənbələrindən daha intensiv şəkildə istifadə etməklə bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən tapşırıq və göstərişlər var. Bu kontekstdən yeni stansiyanın təməlinin qoyulması həm də bütövlükdə bərpaolunan enerjinin ümumi istehlakda payının artmasına imkan yaradacaq. Digər tərəfdən bu, əhatə dairəsi baxımından Xəzər-Abşeronda elektrik enerjisinə olan tələbin ödənilməsinə xüsusi töhfə verəcək. Bu da təbii ki, enerji təminatının yaxşılaşdırılması və alternativ mənbələrdən istifadə edilməsi baxımından çox vacibdir. Bu, eyni zamanda, xarici investisiyanın cəlb edilməsi, xüsusilə bərpa olunan enerji sektoruna daha çox xarici sərmayənin cəlbi baxımından da əhəmiyyətlidir. Xarici investisiyanın cəlb edilməsi Azərbaycanda bərpaolunan enerji sektoruna, bütövlükdə həyata keçirilən siyasətə inamın göstəricisidir. Azərbaycan son illər qeyri-neft sektoruna daha çox xarici sərmayənin cəlbi ilə bağlı fəaliyyətini genişləndirib. Xüsusən də bərpaolunan enerjiyə xarici sərmayənin cəlb edilməsi bu sahədə tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə gətirib çıxaracaq, bərpaolunan enerji sektorunda daha innovativ texnologiyadan istifadə imkanlarını artıracaq”.

Tahir TAĞIYEV

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button