Ölkə

“Peyvəndə arxayın olmamalıyıq”-MİLLƏT VƏKİLİ

Qamaley Mərkəzinin direktoru Aleksandr Ginzburq deyib ki, Rusiyanın koronavirusa qarşı hazırladığı peyvənd tətbiq edildikdən sonra ən azı iki il effektiv olacaq.

Onun müavini Denis Loqunov isə Rusiyanın COVİD-19 peyvəndi ilə bağlı deyib ki, kütləvi istehsalının 2020-ci ilin sentyabrında başlanacağı gözlənilir.

İlk dəfə sentyabrda risk qrupundan olan insanlar, xüsusilə həkimlər və müəllimlər peyvənd ediləcəklər. Rusiyanın səhiyyə naziri Mixail Muraşko isə deyib ki, noyabr-dekabr aylarından sonra kütləvi peyvəndləmə planlaşdırılır.

Tibb elmləri namizədi, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a bildirib ki, indiki situasiyada bu çox çətin sualdır, birmənalı cavab vermək olmur.

Komitə sədrinin sözlərinə görə, rusların peyvəndinin nə dərəcədə effektli olacağı, yan təsirləri, ağırlaşmaları, immuniteti formalaşdıra biləcəyi qarşıda duran cavabsız suallardır. Deputat qeyd etdi ki, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarlarına üstünlük verir:

“Təşkilat hansı peyvəndləri sınaqdan keçirəcək, ona nə kimi zəmanət verəcək, bundan sonra fikir söyləmək olar. Hazırda TƏBİB bir neçə dövlətlə danışıq aparır. Amma istənilən halda peyvəndlər ÜST tərəfindən qeydiyyatdan keçməli, rəy alınmalıdır. Ondan sonra Səhiyyə Nazirliyi həmin peyvəndləri gətirməlidir”.

M.Quliyev bu il peyvəndin Azərbaycana gələcəyinə ümidli deyil: “İlin sonundan tez peyvəndin gəlməyinə ümid etmirəm. Özümüzü virusdan qorumağa davam etməliyik, peyvəndə arxayın olmamalıyıq.

Ona görə maska taxmalı, əlləri dezinfeksiya etməli, sosial məsafəni gözləməli, toplantılar keçirməməli, iştirak etməməliyik. Bu qoruyucu addımları atmaqda davam etməliyik. Çünki peyvəndin gələn ilin əvvəlindən tez gələcəyi gözlənilmir. Biz karantin şərtlərinə əməl etməliyik, sıx toplaşma yerlərindən uzaq olmalıyıq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button