Siyasət

“Azərbaycanda Rusiyanın adamları çox güclüdür”-Siyasi şərhçi

Siyasi şərhçi: “Müharibə ehtimalı çox yüksəkdir. Azərbaycan siyasi poliqondan hərbi poliqona çevrilə bilər”

Cənubi Qafqazda fəal hərbi-siyasi təmaslar və bu istiqamətdə intensiv dialoq müşahidə olunur. Son bir ayda Rusiyanın yüksək səviyyəli hərbçiləri dəfələrlə Azərbaycana gəliblər. Azərbaycanın Müdafiə naziri Zakir Həsənov isə Moskvada danışıqlar aparıb. Çoxları hesab edir ki, belə fəal hərbi-siyasi danışıqlar regionda müharibə gözləntisinin olduğu bir dövrə təsadüf edir. Rusiya həbçiləri ilə yanaşı Türkiyə hərbçiləri də tez-tez Azərbaycana gəlir və danışıqlar aparırlar.

Analoq.az xəbər verir ki, keçmiş nazir müavini, siyasi şərhçi Cümşüd Nuriyev deyib ki, regionda müharibə təhlükəsi artır.

– Ermənilərin Tovuz təxribatından sonra Azərbaycan və Türkiyə hərbi qüvvələrinin birgə təlimləri baş tutdu. Daha sonra Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Bakıya, Azərbaycanın Müdafiə naziri Zakir Həsənov isə Moskvaya səfər etdi. Həmçinin, Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov Bakıya, nazirin digər müavini isə Yerevana getdi. Buna paralel olaraq, Türkiyə hərbçiləri Naxçıvanda növbəti təlimlərə başladı. Hərbçilərin belə fəal səfərləri zamanı “pərdə arxası”nda hansı məsələlər müzakirə oluna bilər?

– Hazırda sanki Rusiya Cənubi Qafqazda öz hakim rolunu itirmək üzrədir. Rusiya Krımı Ukraynadan “qoparmağa” nail olsa da, kifayət qədər uğur qazana bilmədi. Moldovada və Gürcüstanda da vəziyyət ürəkaçan deyil. Artıq Belarusda da vəziyyət gərginləşib, rəsmi Moskva faktiki olaraq Minski itirmək üzrədir. Bütün bunlar o demədir ki, yeni dünya düzəni formalaşır və bu düzəndə Rusiya iddia etdiyi yeri ala bilmir. Daha doğrusu, Rusiyanı Qafqazdan çıxarmaq istəyirlər. Hadisələrin gedişatı elə gətirdi ki, Rusiya qazdığı quyuya özü düşdü. Ermənilərin əli ilə Tovuzda törədilən təxribatdan Azərbaycan uğurla çıxdı. Yəni onların qurduğu oyun pozuldu və burada general Polad Həşimovun rolu danılmazdı. Onlar ssenarini qurmuşdu, lakin bizim həbçilərin milli qüruru, qeyrəti burada öz sözünü dedi. Nəticə olaraq Azərbaycana qarşı təxribat qurmaq istəyənlər gözləmədikləri vəziyyətlə üzləməli oldular. İndi oyun qaydalarını dəyişmək məcburiyyətində qalıblar.

– Hansı oyun qaydasını?

– Oyunun qaydasını dəyişmək istəyən zaman da Rəcəb Təyyub Ərdoğan bu oyunu pozdu. Başqa sözlə, əvvəlcədən razılaşdırılmış olsa da, türk ordusu Azərbaycan ordusu ilə birgə təlimlər keçirdi. Sözsüz ki, bu təlimlər avqustun 9-na qədər planlaşdırılırdı, sonra Türkiyə Müdafiə naziri Bakıya səfər etdi, onun arxasınca Sergey Şoyqu ölkəmizdə danışıqlar apardı.

Şoyqunun Bakıda dedikləri də Azərbaycanı qane etmədi. Bütün bunlar sanki siyasi yayın burula-burula getməsidir. Bunun sonuncusu da Azərbaycan Prezidentinin Yunanıstan səfirini qəbul etməsi zamanı müşahidə edildi. Prezident siyasi etik normalar daxilində Türkiyənin maraqlarını gündəmə gətirdi və birmənalı şəkildə mövqeyini ortaya qoydu.

Əslində Yunanıstanı da qızışdıran Rusiyadır. Çalışırlar ki, Aralıq dənizində Türkiyənin başını qatsınlar və Azərbaycandan ordusunu çıxarsın. Əgə türk ordusu Azərbaycandan çıxsa, Rusiya ordusu ölkəmizə girəcək. Bunu çox gözəl bilirlər. Odur ki, bütün təxribatlar, son bir neçə gündə cəbhədə atəşkəsin tez-tez pozulması, ermənilərin qeyri-adekvat bəyanatları bundan qaynaqlanır. İstər Paşinyan, istər Tonayan, istərsə də separatçı rejim “liderləri”nin bəyanatları əslində bir mərkəzdən idarə olunur. Üstəlik, bu mərhələdə yenidən Lavrov faktorunun ortaya çıxdığını gördük.

Onu da təəssüflə bildirim ki, biz hələ diplomatik sahədə uğurlu fəaliyyət göstərmirik. İstər bizim oradakı səfirlik, istərsə Xarici İşlər Nazirliyinin daha çox müdafiə siyasətini həyata keçirməsi bizi qane edə bilməz.

Nəzərə almaq lazımdır ki, bu prosesdə Rusiya tək deyil. Burada İranın da maraqları var. Paralel olaraq burada qərbin Türkiyə ilə birgə maraqları da mövcuddur. Azərbaycan bu mənada hazırda siyasi maraqların toqquşduğu poliqondur. Hazırda siyasi poliqon olsa da, hərbi poliqona da çevrilə bilər.

– Sizcə, müharibə ehtimalı yüksəkdir?

– Müharibə ehtimalı çox yüksəkdir. Hadisələrin gedişatı da göstərdi ki, Azərbaycanda Rusiyanın adamları çox güclüdür. Amma bizdə milli ruh oyandı və bunu gözləmirdilər. Bəli, Tovuz hadisələri milli ruhu yüksəkliyə qaldırdı. Dövlət də bir növ siyasi baxımdan “sarı simdə” çalmağa başladı. Beləcə, dövlət-millət yaxınlaşması baş verdi. Onların gözləmədiyi vəziyyət bu idi. Bir növ “Parçala, hökm sür!” siyasəti kənarda qaldı. Odur ki, hazırda Rusiyanın siyasəti Azərbaycanda iflasa uğrayıb.

Onu da qeyd edim ki, Prezidentin mövqeyi qətidir və ortaya iradə qoyulub. Bu isə hakimiyyət kürsüsü üçün böyük təhlükədir. Amma bu məqamda Prezident dövlət maraqlarını özünün fərdi maraqlarının üzərində saxladı. Elə bu səbəbdən də hazırda Prezidentin imici əhali arasında kifayət qədər yüksəkdir.

Amma mən istəmirəm ki, müharibə bu saat Azərbaycan ərazisində baş versin. Azərbaycan poliqona çevrilə bilər. Hazırda buna ən çox can atan Rusiyadır. Mən sentyabr-oktyabr aylarında nəsə bir şeylər gözləyirəm.

Rusiyanın adamları Azərbaycanda ifşa olundu. “Beşinci kolon” deyil, artıq bizdə Rusiyanın “Altıncı kolon”udur. Əgər siyasi baxımdan “Beşinci kolon” ölkə daxilində dövlətin əleyhinə olan qurumdursa, Rusiya və İran faktiki olaraq “Altıncı”, Türkiyə isə “Yeddinci kolon” sayıla bilər. Bir sözlə, Azərbaycan burada geri çəkilə bilməz. Əgər türk ordusu buradan çıxsa Azərbaycan dövlətçiliyini qoruya bilməyəcəyik. Ya Ermənistan kimi vassal dövlətə çevriləcək, ya da Ukrayna və ya Gürcüstanın vəziyyətinə düşəcək. Onsuz da, zamanında Qarabağ kartı ilə bizi oyuna salıblar, amma növbəti oyunlar da ola bilər. Ölkə daxilində də ciddi anti-korrupsiya tədbirlərinin getdiyini nəzərə alsaq görərik ki, korrupsiyaya uğrayan adamların çoxu keçmiş kommunist partiyasına, yəni ruslara daha yaxındır.

Fikrimcə, türk ordusunun Azərbaycana gəlməsi Rusiya və İranı “siyasi reanimasiya”ya salıb. Odur ki, diplomatiyanın intensivləşməsi, hərbi baxımdan qarşılıqlı səfərlər, ölkə daxilində qarşıdurma yaratmaq istəkləri və s. addımların arxasında zəifləyən və iddialı Rusiya durur. Bu tərəfdə isə güclənən və Azərbaycanı kifayət qədər dəstəkləyən Türkiyə və onun da arxasında Pakistan durur. Belə bir şəraitdə inanmıram ki, Rusiya Azərbaycanla müharibə etsin. Çünki Pakistan da nüvə dövlətidir. Digər tərəfdən, Rusiyanın 145 milyon əhalisinin 45 milyonu müsəlmandır. Belə olduğu təqdirdə 200 milyonluq Pakistan, 83 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycan faktiki 300 milyonluq birlik deməkdir. Məncə, bunun qarşısında Rusiya davam gətirə bilməz. Heç indi rusların Belarusa gücü çatmır. Elə bunu bildikləri üçün ya söyüşə başlayır, ya da qarşısındakını vurmaqla məğlubiyyətini qəbul etmək istəmir.

– Sizcə, Azərbaycanda “Beşinci kolon”a ölümcül zərbə vurulubmu?

– Yox, vurulmayıb. Mən hələlik bu barədə danışmaq istəmirəm. Bizdə hamı gözləyir ki, kimsə yıxılsın və ondan sonra danışsın. Amma bütün hallarda dövlət daxilində maliyyə imkanları güclü olan insanlar var ki, onların kartları açılmayıb.

– Azərbaycan-Türkiyə yaxınlaşması davam etməlidirmi?

– Birmənalı şəkildə davam etməlidir. İmkan vermək olmaz ki, Türkiyə Azərbaycandan çıxsın. Mən əminəm ki, Türkiyə bunu etməz. Türkiyənin Azərbaycandan çıxması bizim faciəmiz ola bilər. Odur ki, buna qətiyyən yol vermək olmaz. (Reyting)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button